Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaxta sığmayan söhbət... yaxud bir ovqat yazısı

Bəri başdan deyim ki, Mərdlər məkanına getmək üçün gərək “Koroğlu” tərəfə -“Çənlibel”ə üz tutasan. O “Koroğlu”nu deyirəm ki, paytaxt Bakının metro stansiyalarından birinə verilən addır. Və o “Çənlibel”i nəzərdə tuturam ki, adı mənim təxəyyülümdən doğan və elə “Koroğlu”nun yaxınlığındakı güllü- çiçəkli bir təpədir. Həmin təpənin yüksəkliyində isə “Misri qılınc”ın simvolik rəmzi ucalır. O ki qaldı Mərdlər məkanına yerli əhali qədim Mərdəkan kəndini belə adlandırır. Bir sözlə bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar məhz bu ərazidə dayanır.

O günkü soyuq və yağmurlu qış səhəri “Çənlibel”ə də xəfif çiskin gətirimişdi. “Koroğlu”nun qarşısındakı çoxsaylı marşrutları araya-araya nəhayət ki, Mərdəkana gedən avtobusu tapıram. Sürücüdən məsafənin uzunluğunu soruşuram, deyir ki, burdan mənzil başına təxminən 35 kilometr yol var. Əvvəllər avtobusda gediş haqqı xeyli ucuz olub. Lakin Tarif Şurasının məlum silsilə qiymət artımlarından sonra nəqliyyatda da gediş haqları tədricən yüksəlib. Adı çəkilən marşrut avtobusunda isə son bahalaşmadan sonra gediş haqqı yarım manat, yəni 50 qəpik olub. Pəncərənin qarşısında yerimi rahatlayıb cib dəftərçəmi çixarıram. Qabaqcadan etdiyim qeydlərə nəzər salır, yol xəritəmi müəyyənləşdirir, yazacağım yazının forma və məzmunu üzərində düşünürəm.

Milyonerlərin yaylağı...

“ Mərdəkan kəndinin tarixi çox qədimlərə gedib çıxsa da əslində bu məkan barədə doğru-dürüst məlumatlar digər yaşayış yerlərimiz kimi çox qıtdır. Bu qıtlıqda ən maraqlı məlumatlara tarixçi Sara xnım Aşurbəylinin kitablarında və milli səhnəmizin görkəmli aktyoru olmuş Hüseynqulu Sarabskinin “Köhnə Bakı” adlı xatirələrində rast gəlmək olar. Maraqlı cəhət orasındadır ki, hələ İnqilabi-Kəbirdən əvvəl (Böyük Oktyabr inqilabından qabaq) Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi milyonçuların məskəni olmuş Mərdəkan kəndi elə əski sovetlər zamanında da vəzifəli, Imkanlı kommunist rəhbərlərin oylağı olmuşdur. Müstəqilliyimizi bərpa etdiyimiz son otuz ildə isə bu məkan daha da böyüyüb simasını dəyişmiş, XXI əsrin yeni milli milyonçularının məskunlaşdıqları məkana çevrilmişdir. Elə ona görə də buranı həm də “milyonçular yaylağı” da adlandırırlar.

Mərdəkan əvvəllər Artyom, sonralar inqilabçı Əzizbəyovun adını daşıyan rayon inzibati ərazisinə daxil olub. 2011-ci ildən isə Xəzər rayonu inzibati ərazisinə çevrilib. Bu günkü Mərdəkan qəsəbəsindəki müasir və möhtəşəm yaşayaış məhəllələri burda yaşayan insanların sosial statusu, vəzifəsi, maddi imkanları ilə mütənasiblik təşkil edir. Yəni yaraşıqlı imarətlərin, milyonluq həyət-bacaların, möhtəşəm binaların, villaların hamısı varlı və imkanlı zümrəyə məxsusdur. Adi vətəndaşlardan yüz dəfələrə artıq gəlir mənbəyi olan imtiyazlı təbəqənin xüsusi çəkisi son illərdə daha da çoxalıb. Bu adamlar məmləkətin hər yerində olduğu kimi Mərdəkanda da özlərinə məxsus əlahiddə bir həyat tərzi yaşamaqdadırlar.”

Bu sözləri danışmaqdan “qorxmayan” müsahibim və həmsöhbətim Ağəli müəllim deyir. Jurnalist olduğumu bilən Ağəli müəllim sox sevinir: - Mərdəkana xoş gəlmisiniz,-deyir. Söhbətimizi burdakı səliqə-səhmanlı guşələrdən birindəki xudmani çay süfrəsinin arxasında davam etdiririk. Hiss edirəm ki, aramızda gözəl bir ovqat söhbəti alınacaq. Ağəli müəllim onu da qeyd edir ki, indi adamlar əli qələmli görəndə qaçırlar, “qəzet adamı” ilə ünsiyyətdən qorxurlar. Elə bu sözə bənd olmuş kimi soruşuram:

- Ağəli müəllim, doğru deyirsiniz. Maraqlıdır, görəsən adamlardakı bu qorxu və ifrat ehtiyatkarlıq nədəndir? İnsanlar adi söhbətdən belə xoflanırlaer.

Həmsöhbətim gülümsəyir. Stəkanlarımıza lalə rəngli, ətiri çaydan süzə-süzə söhbətinə davam edir. Və sualıma elə sualla cavab verir:

- Məndən əvvəl kimdənsə müsahibə ala bilmisinizmi?

- Yox,- deyə etiraf edirəm. Doğrusu kimə yaxınlaşdımsa qaçdı. Rastıma çıxan digər bir neçə nəfərlə söhbət etmək istəsəm də alınmadı. Nə yaxşı ki, sizə rast gəldim. Yoxsa redaksiyaya əliboş qayıdacaqdım.

- Bax gördünüzmü, elə mən də bunu deyirəm də... Hamı Ağəli deyil ki. sizə müsahibə versin, - deyə həmsöhbətim yarızaraf, yarıciddi şəkildə gülümsəyir...

-Bilirsiniz, son zamanlar insanlar o qədər gözüqıpıq, səksəkəli, olublar ki, nəinki danışmağa hətta salam verməyə də qorxurlar. Bir tərəfə baxanda onları qınamaq da olmaz. Yazıqlar neyləsin... Zəmanə pisdir. Ətrafımızda baş verən hadisələr, insanların şərlənməsi, böhtana məruz qalması, həbs olnması, iş yerini itirməsi, müxtəlix təzyiqlərlə üzləşməsi, haqq-nahaq divan-dərəyə çəkilməsi çoxlarının gözünü qorxudub. Əksəriyyət həm də özünü deyil, ailə-uşağının təhlükəsizliyini düşünür...

“Kəndlərimizdə əvvəlki cazibədarlıq qalmayıb”

- Mənim 66 yaşım var. İxtisasca müəlliməm, -deyir həmsöhbətim. İndi pensiyadayam, amma , gücüm, enerjim, işləmək həvəsim sönməyib. Di gəl ki, iş məsələsi qəhətə çıxıb. Mən heç... Əli diplomlu cavanlara da iş tapılmır. Gənclərin böyük əksəriyyəti hər yerdə olduğu kimi burda da işsizlikdən əzab çəkirlər. Cavan ömürləri çürüyüb gedir. Bizim kəndin adamları çox işgüzar, zəhmətsevərdir. Bu yerlərdə illər boyu bağçılıqla, bostançılıqla, gülçülüklə məşğul olublar. Badam, zeytun bağlarımız olub. Bir vaxtlar gülçülük sovxozu da var idi. İş tapmaq da çətin deyildi.

Yetişdirdiyimiz gülləri həm burda satır, həm də Rusiyaya aparırdıq. Sovetlərin süqutundan sonra hər şey dağılıb getdi. O badam və zeytin bağları, o istixanalar, güllüklər, bostan, dirrik məhv oldu.. Əkin sahələri tikinti altına verildi.

əsəvvür edirsinizmi, bağımızda becərdyimiz güllərin ətrindən adam valeh olurdu . Amma indi şəhərin özündə də çox az sayda gül mağazaları qalıb. Onların da əksəriyyəti xaricdən – Hollandiyadan, Avropa ölkələrindən gətirilən, dərmanla saxlanılan, ətri, rayihəsi, qoxusu olmayan güllərdir.

- Ağəli müəllim, deyirsiniz ki, bu yerdə bağçılıq, bostançılıq çox inkişaf edib. Bəs bu gün o gülçülük, tərəvəzçilik, bostançılığı bərpa etmək olmazmı? Müsahibim kinayə ilə gülümsəyir:

- Hanı o imkan?. Əvvəla indi bu yerlərdə torpağın qiyməti qızıldan baha olub. Əhalinin elə hissəsi də var ki, ehtiyac ucbatəndan öz torpaqğını şəhərdən gələn pullu məmurlara dəyər-dəyməzinə satır. Yerdə qalanlarının isə əkib-biçməyə, kiçik sahibkarlıqla məşğul olmağa maddı imkanı, vəsaiti yoxdur. Mən hələ digər bürokratik əngəlləri demirəm. Bir də ki, gərək bu işlərə dövlət səviyyəsində qayğı olsun. Qayğı olmayan yerdə hansı işi görmək olar? Lap elə görsən də istədiyinə nail ola bilməzsən. Qayğı əsas şərtdir. Elə ona görə də bütün bunlar torpaq adamlarını torpaqdan “küsdürüb”, əlini işdən soyudub. Əsasən neftə bağlı olan milli iqtisadiyyatımız kənd təsərrüfatını divara qısnayıb, onu açıq-aşkaq gözdən salıb. Kkəndlərimizdə əvvəlki dolanışıq, xeyir - bərəkət qalmayıb. Pullu məmurlar hər yeri zəbt ediblər. Əkib-biçmək üçün gərək imkan olsun, pulun olsun, bazar olsun. Bu gün bütün bunlar demək olar ki, yoxdur. Əslində torpaq problemi hər yerdə, bütün Bakı kəndlərində sosial problemə çevrilib. Paytaxtın mərkəzində gedən tikinti bumu, keçmiş yaşayış məhəllələrinin kütləvi şəkildə sökülməsi vəziyyəti daha da gərginləşdirib. Adamların bakıətrafı ərazilərə axını əvvəlki illərlə müqayisədə çox böyük vüsət alıb. Mərkəzdəki əhalinin xeyli hissəsi indi şəhərətrafı kəndlərə üz tuturlar. Söhbət təkcə ev tikib yaşamaqdan getmir. İmkanlı adamlar indi həm şəhərdə mülk alır. Həm də bakıətrafı ərazilərdə, kənd və qəsəbələrdə torpaq alır, imarətlər ucaldırlar. Bu isə onsuz da baha və qıt olan torpaq sahələrinin daha da bahalaşmasına səbəb olub. Bir yandan da torpaq alverçilərinin, dəllalların, fırıldaqçıların da əlinə girəvə keçib. Təsəvvür edirsinizmi elə torpaq sahələri var ki, bir sotu alıcıya 20 – 25 min manata, hətta daha artıq qiymətə təklif olunur. Torpaq bazarında vəziyyət getdikcə gərginləşir. Belə bir hal həm də əkinə yararlı ərazilərin təyinatı üzrə istifadə olunmamasına, əkinçiliyin çökməsinə, münbit torpaqların tikinti altına verilməsinə səbəb olur. Belə şəraitdə hansı kənd təsərrüfatının inkişafından danışmaq olar?

Bu dənizin gözü yaşlı..

Ağəli müəllimlə olan ovqat söhbətimiz o qədər maraqlı keçir ki, söz-sözü çəkir, mövzu mözunu. Etiraf edim ki, çoxdandır bir qələm əhli olaraq belə maraqlı ovqat söhbətim olmayıb. Söz dənizdən, çimərliklərdən, istirahət guşələrindən düşür.Həmsöhbətimdeyir ki, torpaqla bağlı qanunvericilikdə boşluqların olması, eləcə də torpaqların özəlləşdirilməsi sahəsində nəzarətsizlik bəzən çox bəyük qanunsuzaluqlara gətirib çıxarır. Təsəvvür edin iş o yerə gəlib çatıb ki, dənizin sahil zolağı, çimərliklər belə ayrı-ayrı vəzifəli, pullu, imkanlı şəxslər tərəfindən özbaşına olaraq özəlləşdirilib. Sahilboyu ərazilər çox yerdə daş hasara alınıb. Yayda buraya istirahət etməyə gələn vətəndaşlardan qanunsuz olaraq ödəniş istənilir. Xəzər rayonunun bütün qəsəbə və kəndlərində bu sahədə vəziyyət çox acınacaqlıdır.

Sahilboyu qanunsuz tkililər aparanlara heç kəs gözün üstə qaşın var demir. Hətta iş o yerə çatıb ki, sahilboyu qayalıqlar belə məmrlar tərəfindən qamarlanıb. Çimərliklərin müalicəvi əhəmiyyət kəsb edən qumu maşın-maşın daşınır. Ətraf mühitə, ekologiyaya bərpası mümkün olmayan ziyan vurulur. Aralığa sükut çökür.

- Ağəli müəllim,- deyə həmsöhbətimə müraciət edirəm, dünyanın inkişaf etmiş, mədəni ölkələrinin heç birində sahil zolağı, çimərliklər hasara alınaraq mənimsənilmir. Məncə bu ilk növbədə məhz mədəniyyətsizliyin əlamətidir. Çünki. dəniz və onun ətrafı dövlət mülkiyyəti, ümumxalq sərvəti sayılır. Onu özəlləşdirmək qəti qadağandır. Əhalinin bu kimi kütləvi istirahət yerlərinin qanunsuz olaraq zəbt olunması, dağıdılması, bərbad hala salınması əslində cinayət hesab olunur. Bizdə də gərək bu işi görənlər kimliyindən asılı olmayaraq çox ciddi surətdə cəzalandırılsınlar. Elə buna görədir ki, Bakının bu qədər çimərliyi ola-ola heç bir çimərliyimiz “Mavi bayraq” Beynəlxalq sertifikatını almayıb. Bu sertifikat dünya çimərliklərinə 32 kriteriyaya görə xidmətin, təhlükəsizliyin və ekoloji təmizliyin səviyyəsinin yüksək standartlarına əsasən verlir.

Həmsöhbətim təəssflə başını yellədir, sanki nəyi isə yadına salırmış kimi deyir:

- Sovetlər zamanında gördüyünüz bu Mərdəkan da, ona btişik bütün bu ərazilər də Ümumittıfaq əhəmiyyətli istirahət evləri, kurort və sanatoriyalar diyarı idi. Bu yerlərə,- Xəzərin qızıl qumlu, bol işıqlı, şəfaverici sahillərinə ittifaqın hər yerndən – uzaq Sibirdən, Kamçatkadan, Saxalindən, Vladivostokdan dəstə-dəstə insanlar axışır və bütün bu gözəlliklərdən zövq alırdılar. Ağəli müəllim köks ötürərək təəsüf dolu bir səslə əlavə edir:

- Vallah bəzən fikirləşirəm ki, bu Xəzər də elə bizim bu camaat kimi yazıq olub...

- Ağəli müəllim, deyirsiniz Xəzərin də “gözləri yaşlıdır”?

- Vallah, çox gözəl dediniz ürəyimdən tikan çıxardınız. Bəli, bu gün ən böyük dərdimiz Qarabağ dərdi olsa da, amma ölkə daxilindəki problerəmiz də qalaq-qalaqdır. Xalqımız necə deyərlər sanki iki məngənə arasında sıxılıb. Bir yandan xarici düşmənlərimiz, digər tərəfdən də sapı özümüzdən olan rüşvətxor, korrupsiyaçı, acgöz, harınlaşmış məmurlar... Şəxsən mənim fikrimcə ən böyük və qorxulu düşmən elə daxildəki düşmənlərimizdir. Atalar əbəs yerə deməyiblər ki, düşmən ocaq başında olar. Biz ilk növbədə öz ocağımızın qayğısına qalmalı. Onu övladlarımız, gələcək nəsillər üçün qorumalıyıq.

Bu məqamda nədənsə yadıma milli əlifbamızla bağlı çox böyük qalmaqala səbəb olmuş son olaylar düşür. Üzümü həmsöhbətimə tutub deyirəm:

- Ağəli müəllim, bu gün xaqımızın təkcə torpaq və digər maddi dəyərləri ilə yanaşı mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, ədəbiyyatımıza, dilimizə, əlifbamıza da xain gözüylə baxanlar var. Məlumatınız olar. Bəzi dilçi alimlərimiz və xaricdəki bədxahlarımız çalışırlar ki, əlifbamızı yenidən dəyişsinlər. Daha doğrusu əlifbamızdakı “Ə”, “Q”, “X” hərfləri çıxarılsın. Necə deyərlər Xəzər əvəzinə “Hazar” deyək....bir müəllim və ziyalı olaraq bu məsələyə necə baxırsınız?

- Xəbərim var,- deyir Ağəli müəllim. Hətta bu məsələni izləyirəm ki, görüm axırı necə olacaq. Qardaş, bu dildir, əlifbadır eyyy... Bu sənin üçün torpaq, meşə, çimərlik deyil ki, özəlləşdirəsən, kefin istəyəni eləyəsən. Bu xalq, bu millət min illər boyu bu dənizə XƏZƏR deyib, indi dilini dəyişib necə “HAZAR” desin? Bir də ki. bu “hazar” sözü dilimizdə başqa məna daşıyır. Allah Sabirə rəhmət eləsin yaxşı deyib: -“Ey vah, nə yaman əsrə təsadüf elədik biz!”...

Söhbətin bu yerində Ağəli müəllimin mobil telefonuna zəng gəlir. Qabaqcadan müəyyən etdiyim vaxta sığmayan söhbətimizə də son verməyin vaxtı yetişir. Ağəli müəllimlə, bu mərd və səmimi insanla görüşüb ayrıliram. Və bu soyuq qış gününə baxmayaraq adamın ürəyini isidən səmimi, şirin bir ovqat söhbətinin təəssüratını qələmə almaq üçün evə - yazı masama tələsirəm.

Cəlal Yaquboğlu

Fotolar müəllifindir

Son xəbərlər
Bütün xəbərlər »