Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro OPEK-dən kömək istədi, rədd cavabı aldı

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın sanksiyalarına görə Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) kömək istəyib. Təşkilat bu barədə rəsmi açıqlama verməkdən imtina edir. Bildirilir ki, onları dünya siyasəti yox, neft siyasəti maraqlandırır.

Bizimyol.info xəbər verir ki, Maduronun məktubu ABŞ-ın sanksiyalarından bir gün sonra – yanvarın 29-da OPEK-in baş katibi Məhəmməd Barkindoya göndərilib.

“Biz ABŞ-ın Venesuelanın daxili işlərinə qanunsuz və özbaşına müdaxiləsinə qarşı mübarizədə OPEK-ə üzv dövlətlərin və Nazirlər Şurasının dəstəyinə və həmrəyliyinə ümid edirik”, - Maduro məktubunda yazır.

Maduro həmçinin inanır ki, OPEK təşkilatın üzvlərindən olan Venesuelanın onun üçün vacib olan aktivlərindən məhrum olmasını (neft vəsaitlərinə qoyulan qadağa) pisləyəcək. Onun fikrincə, Amerikanın Venesuela siyasəti dünyanın enerji bazarına mənfi təsir göstərməklə, OPEK-ə üzv ölkəri də riskə atır.

Amma ekspertlər hesab edir ki, Venesuelaya qarşı sanksiyalar neft bazarına təsir göstərməyəcək. Çünki OPEK bir qayda olaraq, ayrı-ayrı üzv ölkələrə aid siyasi məsələlərin həllinə qoşulmur. Məsələn, ötən il İran da Amerikanın sanksiyalarıyla bağlı məsələnin müzakirəsini istəmişdi, amma təşkilat bu müraciətə baxmadı.

Əvvəllər Venesuela OPEK üzvləri arasında əsas üç neft ixracatçısından biri idi. 2014-cü ildə ölkədə yaranan böyük iqtisadi böhrandan sonra ölkə ilk üçlükdəki yerini itirdi.

Bu il yanvarın 23-dən etibarən Venesuelada Maduro hakimiyyətinə qarşı növbəti etiraz dalğası başlayıb. Müxalifət tərəfdarları 2018-ci ilin mayında növbədənkənar seçki yoluyla qarşıdakı altı ildə də prezident postuna sahiblənən Maduronun istefasını tələb edirlər.

Müxalifət lideri Xuan Quaydo özünü ölkədə prezident səlahiyyətlərini müvəqqəti icra edən şəxs elan edib. ABŞ, Kanada, Avropa və Cənubi Amerikanın bir sıra ölkələri də ona dəstək ifadə ediblər.

Son xəbərlər
Bütün xəbərlər »