Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bələdiyyələrin 143 vəzifəli şəxsi barədə protokol məhkəmələrə göndərilib
Nazir müavini bələdiyyələrlə bağlı hesabat verdi

Milli Məclisdə Ədliyyə nazirinin müavini Vilayət Zahirov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın” illik məruzəsini təqdim edib.

Bizimyol.info xəbər verir ki, sənədə əsasən, 2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Bu protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Bələdiyyə aktlarının hüquq ekspertizası və müraciətlərə baxılması zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə bələdiyyələr müxtəlif məsələləri (torpaqların münbitliyinin qorunması, yerli büdcənin tərtib edilməsi, şəffaflıq və hesabatlılıq, büdcə vəsaitlərindən istifadə və s) əhatə edən 5976 tövsiyə göndərilib.

Sənədə əsasən, Azərbaycanda ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılıb. Ədliyyə Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilərək 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı təklif verilib.

Vilayət Zahirov bildirib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb: “Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi barədə təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”

Nazir müavini qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb: “Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır. Bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik edilib”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »