Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizdə kişi və qadın bərabərdir”
4 qız atası tanınmış ekspert və 3 qız anası müəllimə selektiv aborta qaçan ailələrə səslənirlər

"Bu yaxınlarda xaricdə bir xanım qızlarımı görəndə gülə-gülə mənə dedi: “Siz necə də varlı və xoşbəxtsiz: 4 qızınız var. Amma mənim cəmi 2 qızım var!""

Bunu bizə tanınmış hüquqşünas, vəkil Əkrəm Həsənov nəql etdi. 4 qız atası olan Əkrəm bəylə qız uşaqlarının dəyərindən danışdıq.

1977-ci il təvəllüdlü Ə.Həsənov 1980-ci il təvəllüdlü Vüsalə Abdullayeva ilə ailə həyatı qurub. Onların 2004-cü il təvəllüdlü Xədicə, 2005-ci il təvəllüdlü İradə və Aidə (əkizdirlər) və 2014-cü il təvəllüdlü Aliyə adlı övladları var. Qızları İradə Əkrəm bəyin anasının, Aliyə isə Vüsalə xanımın anasının adıdı.

"Biz evlənəndə Vüsalə xanımın özü, qohumlarımız da həyat yoldaşımın soyadını dəyişib Həsənova olmasını desələr də, mən razı olmadım. Əvvəla, ona görə ki, Quranın 33-cü surəsinin 5-ci ayəsində Allah buyurur ki, insanları "öz atalarının adları ilə çağırın". Buna görə də soyadın dəyişdirilməsi yolverilməzdir. Digər tərəfdən, ümumən qadının ərinin soyadını qəbul etməsini qadın hüquqlarının pozulması hesab edirəm. Təəssüf ki, nədənsə qadın hüquqlarından bar-bar bağıran xanımlar ərə gedərkən ərinin soyadını qəbul edir və bunu normal hesab edir. Onlara öz soyadlarını sırıyan kişilər də həmçinin",-deyə Ə.Həsənov bildirir.

Əkrəm bəy ixtisasca mühəndis energetik olan həyat yoldaşı ilə tələbəlik illərində tanış olub: "Mən o zaman təhsil naziri yanında Tələbə Şurasının sədri idim. Gələcək həyat yoldaşım isə Neft Akademiyasından həmin Şurada nümayəndələrdən biri idi. Üç qızım sakini olduğum paytaxtın Əhmədli qəsəbəsində orta məktəbdə təhsil alır".

Ə.Həsənov vurğulayır ki, valideyn olmaq, ata olmaq böyük xoşbəxtlikdir. Bu dünyada övladdan böyük nemət yoxdur. Ən böyük itki də övlad itkisidir: "Buna görə də hamıya arzu edirəm ki, övlad dağı görməsinlər, qoy həmişə övladlar valideynlərini dəfn etsin, valideynlər övladlarını yox.

Zənnimcə, hər kəs istər ki, həm oğlan, həm də qız övladı olsun. Mən də elə istərdim. İslam Peyğəmbəri (SAS) buyurub ki, iki qız övladına gözəl rəftar edən, mütləq Cənnətə girər. Nəhayət, sırf dünyəvi baxımdan da qız uşağı xüsusən ata üçün həmişə daha şirin olur. Mən heç kəsə etmədiyim güzəştləri qızlarıma edirəm. Onları sevindirmək mənim üçün ən böyük xoşbəxtlikdir bu dünyada. Oğlumla böyük ehtimalla daha sərt ola bilərdim. Çünki düşünəcəkdim ki, gələcəyin kişisidir, onunla çox yumşaq davranmaq olmaz. Amma qızlarımla bəzən istəsəm belə çox sərt ola bilmirəm".

Ə.Həsənov deyir ki, qız övladlarına görə qarşılaşdığı müsbət və mənfi hallar olub: "Müsbət hal elə o olur ki, nəinki müsəlmanlar, hətta başqa dinlərin nümayəndələri və ateistlər də məni çox zəngin insan adlandırır.

Lakin mənfi hallar da olub. İlk növbədə elə bəzi qohumlarımız mənə və yoldaşıma deyib ki, nəyinizə gərəkdir bu qədər qız, bunları böyütmək, yerbəyer etmək və s. çətin olacaq, nə bilim daha nə! Həmişə qısaca demişəm ki, uşağı da, ruzini də verən Allahdır! Amma həyat yoldaşıma belə söz-söhbətlər əvvəllər təsir edirdi. Axı gizli deyil ki, ölkəmizdə bəziləri oğlu olmayanı hətta sonsuz da hesab edir. Üzə deməsələr də, arxada müəyyən sözlər deyirlər. Mən həmişə onlara gülmüşəm.

Maraqlısı həm də odur ki, belə söz-söhbətləri əsasən elə qadınlarımız yayır. Ümumiyyətlə, Azərbaycanda qadın hüquqlarını qadınlar qədər pozan yoxdur. Qız uşağı doğulanda qadın qohumların çoxu başlayır ki, "yazıqların qızı olub". Sonra ana qızını sıxışdırmağa və oğlundan seçməyə başlayır. Ərə gedəndə isə gəlinin qayınanası və baldızı ona gün verib, işıq vermir. Təəssüf ki, bu, bir sıra ailələrimizin acı reallığıdır. Sonra da deyirlər ki, Azərbaycanda qadın hüquqları pozulur. Pozan elə qadınların özüdür əsasən!"

4 qız atası deyir ki…

Tanınmış hüquqşünas selektiv abort etmək barədə heç vaxt düşünmədiklərini deyir: "Hətta qorxmuşam ki, birdən həyat yoldaşım söz-söhbətlərə görə bunu ani də olsa arzulayar və günaha batar. Ona görə də ona tez-tez demişəm ki, mən lap 14 qız atası da olsam, xoşbəxt olacağam, kimin nə deməsi əhəmiyyətli deyil! Bir daha onu da vurğulamaq istəyirəm ki, bizdə selektiv abortların əsas təşəbbüskarları kişilər deyil, qadınlardır: nənələr, xalalar, bibilər və digər qadın qohumlar!

Selektiv abort vəhşilikdir! İslama qədər Məkkə müşrikləri qız uşaqlarını diri-diri basdırırdı. Selektiv abort da elə bir şeydir! Böyük günahdır! Dünyəvi cəhətdən də fəsadları böyükdür. Artıq məlumdur ki, yaxın illərdə ölkəmizdə qadınların sayı kişilərə nisbətən azalacaq. Bu isə cəmiyyətdə demoqrafik problemlərə aparacaq. Bunun qarşısını kəskin şəkildə almaq lazımdır!

Ümumən bilmək lazımdır ki, oğlan uşağına üstünlük verməyin konkret bioloji səbəbləri var. Yəni bu təbiidir. Hər bir canlı şüurlu və ya şüursuz şəkildə daha çox törəməsinin olmasını istəyir. Bioloqlar bunu canlının əbədi yaşamaq arzusu ilə əlaqələndirir. Yəni törəmən nə qədər çox olsa, nəslinin kəsilməyəcəyi ehtimalı artır. Buna görə kişi də, qadın da daha çox törəməsinin olmasını istəyir".

Ə.Həsənov qız övladlarının ali təhsil almasında maraqlıdır: "Hər gün onlarla bu barədə danışıram. Quranın ilk kəlməsi "Oxu!" olub. Artıq 2 qızım hüquqşünas olmaq istəyini bildirib. Və bu məni narahat edir. İstəmirəm ki, peşələrini mənə görə seçsinlər. Ona görə də tez-tez deyirəm ki, əsas peşə ürəyinizcə olsun və onu yaxşı biləsiz. Bunun üçün də həmişə kitab oxumalarını tövsiyə edirəm. Qızlarımı kitab oxuyan görəndə çox sevinirəm. İstədikləri kitabı onlara alıram. Mənə bəzən deyəndə ki, bu qədər qızın cehizini necə verəcəksən, cavab verirəm ki, onların əsas cehizi təhsilləri olacaq!

Bəzən mənə də müxtəlif texnoloji yollarla (məsələn, EKO) oğlan atası olmağı təklif edənlərə də acığım tutur: Allahın yazısı nədirsə, odur, vəssalam! Amma selektiv abort edərək qız övladından imtina edənlərə çağırışım budur: siz bədbəxtsiz! Amma xoşbəxt olmaq şansınız hələ var: növbəti qızınızı öldürməyin! Sadə misal deyim. Mən özümü pis övlad hesab etmirəm. İdeal deyiləm əlbəttə, amma ətrafla müqayisə edəndə görürəm ki, pis deyiləm hər halda. Bununla belə, valideynlərimlə həyat yoldaşımın öz valideynləri ilə təmasda olduğu qədər təmasda olmuram. Bacım valideynlərimlə daha çox təmasda olur. Bu, onun göstəricisidir ki, qız valideynə daha çox bağlıdır. Yaşlanan valideynə isə həmişə övlad nəvazişi lazımdır. Həmin nəvazişi əsasən qız uşağı verir. Odur ki, ey, qızlarını öldürənlər, ən azı qocalığınızı düşünün və gələcəkdə nəvazişinizi çəkəcəkləri öldürməyin, qatil olmayın!"

Kişi və qadın hüquqları bərabərdi

Hüquqşünas Ellada Bayramova bildirib ki, qanunla qadın və kişi bərabər olsa da, gender bərabərsizliyinə qarşı bir sıra tədbirlər görülsə də, hazırda qız uşaqlarının dəyərinin təşviqi aktual məsələdir: "Ölkəmiz 1992-ci ildə "Qadınların siyasi hüquqları haqqında" Konvensiyaya, 1995-ci ildə isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir.

2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul edilib. Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı" ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir. 2010-cu ildə Milli Məclisdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib.

Biz bu gün qız uşaqlarının dəyərinin təşviqindən danışırıqsa, deməli qanunvericilikdə yetərsizlik və icrada boşluq var. Bu problemin qarşısını almaq üçün ana bətnində dölün cinsiyyəti məlum olduqdan sonra abort edənlərə qarşı cəzalar tətbiq olunmalıdır. Sonra təhsilsizlik problemi həll edilməlidir".

Qərb Universitetinin Gender Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Kifayət Ağayeva bildirir ki, Azərbaycan cəmiyyətində oğlan uşaqlarına həm qadınlar, həm də kişilər üstünlük verirlər: "Elə bu səbəbdən də ölkəmizdə doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ilk üçlükdədir. Abort xidmətlərinin olması və cəmiyyət tərəfindən qəbul edilməsi ölkəmizdə doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradır. Valideynlərin fikrinə görə, oğlan evləndirmək ailə üçün problem olmur, lakin qız övladını ərə vermək ailələr üçün çətinlik təşkil edir.

Azərbaycan bu problemin qarşısını almaq üçün Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" Konvensiyasına qoşulub və "Əhalinin sağlamlığının qorunması haqqında" qanun qəbul edib. Hazırda isə "Reproduktiv sağlamlıq haqqında" qanun müzakirə edilir.

Dövlət başçısının bu yaxınlarda "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nı imzalayıb. Bu sənədin əsas məqsədlərindən biri də hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görməkdir". Ekspert vurğulayır ki, təkcə dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə kifayətlənmək düzgün olmaz: "Bunun üçün əhali arasında maarifləndirmə işləri təkcə dövlət qurumları tərəfindən deyil, vətəndaş cəmiyyətləri QHT-lər tərəfindən də həyata keçirilməlidir. KİV-in də əvəzolunmaz rolunu qeyd etmək yerinə düşərdi".

Ginekoloq məsləhəti

Ginekoloq Gülnar Nuriyeva deyir ki, abort bəlli bir hamiləlik həftəsindən sonra tibbi və ya sosial səbəbdən dölün yaşamına son verilməsidir: "Qadınlar çox zaman hamiləliyi ev şəraitində qonşudan aldıqları bilgilərlə, ya da nərdivan altı yöntəmlərlə sonlandırmağa çalışırlar. Burda işin maddi tərəfi, bəzən ata namizədinin razılığının olmaması, ailədən gizlin saxlamaq, ya da başqa faktorlar var. İlk həftələrdə hamiləliklər bəzən alınan dərmanlarla düşə bilir, amma irəli həftə hamiləliklər bu yöntəmlərlə düşürülməsi çətin olur və bu qadının infeksiyaya yoluxmasına səbəb olur.

Bu da unutulmamalıdır ki, uşağın cinsiyyəti kişidən asılıdır. Ana və ata namizədlərinin təhsil seviyyəsi nə qədər yüksək və dünyagörüşü nə qədər geniş olarsa, selektiv abort bir o qədər də az olar".

Psixoloq rəyi

Psixoloq Arzu Müzəffərova bildirir ki, evliliyə gedən nişanlı cütlüklər arasında oğlanların dediyi "mən istəyirəm birinci bizim oğlumuz olsun" kəlməsi artıq gələcəkdə qız uşağı dünyaya gətirən anaya travma verir: "Əlbəttə, övladları arasında cinsi fərq qoymayan ailələrin də şahidi olmuşam. Eləcə də, qız uşağının təhsilinə, dost münasibətinə tərbiyəsizlik kimi yanaşan valideynlər də var.

Azərbaycanda son illər selektiv abortların hesabına oğlan uşaqlarının sayı sürətlə artmağa başlayıb. Bu problemin aradan qaldırılması üçün psixoloqlar, din xadimləri, hətta həkimlərimiz tərəfindən də maarifləndirici işlər həyata keçirilir. Bacardığımız qədər evliliyə gedən cütlüklərlə bu barədə geniş söhbətlər, qrup terapiyalar, seminarlar təşkil edirik. Ailə planlaşdırılmasının sağlam şəkildə həyata keçməsi üçün cütlüklərin də böyük səylərini görürük.

Ümumtəhsil müəssisələrində çalışan psixoloqlar qız uşaqlarının dəyərinin təşviqi üçün fərdi şəkildə valideynlərlə danışmalıdır. Təhsil ocaqlarında bu istiqamətdə maarifləndirici işlər görülməlidir. Qız uşaqlarının dəyəri həm ailədə, həm də cəmiyyətdə formalaşmalıdır".

3 qız anası

"Mən xoşbəxt anayam ki, 3 qız övladı böyüdürəm. Onlar mənim cənnət mələklərimdir". Bunu isə 1984-cü il təvəllüdlü Lamiyə Məmmədova deyir. O, Gəncə şəhər sakinidir. Bu şəhərdə orta məktəbdə ingilis dili fənnini tədris edir. Lamiyə xanımın Vüsal bəylə nikahından 3 qız övladı dünyaya gəlib. Onlar 2005-ci il təvəllüdlü Aysel, 2007-ci il təvəllüdlü Ayşə və 2012-ci il təvəllüdlü Mənzər Məmmədovalardı.

"Selektiv aborta münasibətim yaxşı deyil və bu kimi halların olmamasına sevinərəm. Bizdə kişi və qadın bərabərdir",-deyə Lamiyə Məmmədova vurğulayır.

O, deyir ki, övladlarının tərbiyəsi və təhsilli olması onun birinci məqsədidir: "Bunun üçün mən əlimdən gələni edirəm və edəcəm. Bəli, qız övladı anası olmaq böyük məsuliyyətdir. Qızı həyata hazırlamaq, onu düzgün tərbiyələndirmək və xoşbəxt gələcəyini təmin etmək yalnız ana tərbiyəsindən asılıdır. Övladlarımın üzünün gülməsi, onların həyata bağlanması mənə rahatlıq verir".

Ramid İbrahimov

Bu yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən içra olunan “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
Son xəbərlər
Bütün xəbərlər »