Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yazıları oxuyub həyəcan keçirdim”
Baş redaktorun məhkəməsində övladlarının canına and içən zərərçəkən prokurorluqda bir dəfə ifadə verdiyini deyib

Cinayət işi materiallarında isə onun bir neçə dəfə ifadə verdiyi qeyd edilir

“Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı (SES) qəza nəticəsində ölkənin işıqsız qalması haqda iki məqaləni oxuyub, təşviş, həyəcan keçirdim”.

"Bastainfo.com" saytının baş redaktoru Mustafa Hacılının cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Arzuxanım Məmmədova məhkəmədə ifadə verərkən belə deyib.

Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.

Zərərçəkən suallara cavab olaraq prokurorluqda bir dəfə ifadə verdiyini deyib. Hətta məhkəməni inandırmaq üçün övladlarının canına da and içib "İki balamın canı bir dəfə ifadə vermişəm. Onu da təsdiqləyirəm. Mən yalan danışmıram. Nə demişəmsə düzdür. Yazılardan həyəcanlandım, əsəbiləşdim. Mənim iki övladım var. İstəmirəm ki, onlar da belə yazılar oxusun".

Cinayət işi materiallarında isə A.Məmmədovanın prokurorluqda bir neçə dəfə ifadə verdiyi qeyd edilir.

Zərərçəkmiş Məmmədova prokurorluqda təzyiqlərə məruz qalmadığını deyib.

Bu iş üzrə daha iki qadın da eyni hal üzrə zərərçəkmiş kimi tanınıblar. Hər üç qadın Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayırlar.

İttihama görə, M.Hacılı saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub. Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda qeyd edilir ki, Xəzər rayon sakinləri olan üç qadın - İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər, narahatlıq keçiriblər.

M.Hacılıya Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Mustafa Hacılı elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O zərərçəkənlərdən sonra ifadə verəcəyini deyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »