Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorxdu sözünü deməyə susdu, bunu da susdurdular...
Rövşən ƏSƏDOV

Artıq sosial şəbəkələr bəzi media saytlarının fəaliyyətini də kölgədə qoymaqdadır. Bəzən sosial şəbəkədə yazdığın bir status, paylaşdığın material yarım saatın ərzində belə bütün ölkəyə yayıla bilir.

Amma maraqlı məqam isə sosial şəbəkələrdə yazdığın statusa yazılan rəylərdir. Hə, rəy demişkən, deputatlar da demək olar ki, hər dəfə Milli Məclisdə çıxışlarında bu rəylərdən giley edirlər, deyirlər hamı söyüş söyür. Hətta deputatlardan biri onun ünvanına yazılan söyüşləri də saymışdı, səhv etmirəmsə 382 dəfə söymüşdülər.

Söyüş acizlikdir təbii ki, amma söyüş söyməkdən başqa heç nəyi bacarmayan, qabiliyyəti olmayan insanlar da var. Əl-əlxüsus bir qism düşüncə məhdudiyyətli insanlar, digər qabiliyyətsiz olan insanları motivasiya edirlər.

Necə? Təsəvvür edin, status yazırsınız, biri rəy yazır və statusunuza normal, mədəni şəkildə rəy bildirir, lakin bir beyin məhdudiyyətli insan gəlib fikrini söyüşlə ifadə edir, eyni məhdud zəkada olan qism insanlar isə onun söyüşlü rəyini bəyənir, hətta bəzən həmin rəyin bəyənmə sayı yazılan statusun sayını da ötür. Loru dildə desək dəliyə yel verirlər.

Motivasiya alan hörmətsiz sosial şəbəkə istifadəçisi isə digər statuslara da söyüşlə rəy yazıb belə desək “tutuzdurmağa” çalışır və bu virus daşıyıcısı kimi digərlərini də yoluxdurmağa başlayır. Bəzən kimliyini aşkar edirsən, üz-üzə 10 dəqiqə danışan kimi deyir yaxşı oğlan söyüş söyməz, camaatın anası-bacısı da oxuya bilər...

Hə bir də son zamanlar sosial şəbəkələrdə yeni tərəvəz növü də yetişməyə başlayıb, ömrlərində bir dəfə ətraflarındakı hadisələrə münasibət bildirməyib, münasibət bildirən insanları qamçılayanlar. Deməli girib baxırsan profilinə, görürsən ki, adam təbiət şəkli paylaşıb, musiqi paylaşıb, nə qədər axtarırsansa da cəmiyyətdə baş verən hadisələrə münasibətini görə bilmirsən, haqsızlığa çıxardığı səsi görə bilmirsən amma digərlərinin statusunda inqilab tədris edir. Cəmiyyətin müxtəlif təbəqələri etdikləri özbaşınalıqlara görə fərq qoyulmadan tərəfimizdən tənqid edilir, lakin yenə də katalizatorlar peyda olub sənə ağıl öyrədirlər, səni məzəmmət edirlər. Hərçənd ki, o məzəmmətçilər cəmiyyəti düzəltməyin yeganə yolunu məhsulsuz stadionlarda şüar səsləndirməkdə görən, düşüncə məhdudiyyətli insanlardılar.

Sən o insanlar üçün, o məhdud kəsim üçün yaxşı olmaq istəyirsənsə, hökmən söyüş söyməli və onların səviyyələrinə enməlisən. O zaman səni özlərinə qəhrıman seçəcəklər, səni özlərinə lider, başqan da seçəcəklər, yaxşı söysən hətta ətrafında bir ordu çəmbəri də düzəldə bilərsən, əfsuslar olsun ki.

Normal tənqidin həzm olunmadığı bir vadidə yaşayırıq, məmuru tənqid edirsənsə bu belə izzah edilir-sən reketsən, tənqid edib pul almaq istəyirsən, deputatı tənqid edirsənsə demək səni kimsə, qara qüvvələr təlimatlandırıb, hökuməti-nazirliklərin fəaliyyətini tənqid edirsənsə demək ki, sən xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyirsən, sıravi insanları, qayda qanun həzm etməyən, özbaşınalıq edən şəxsləri tənqid edirsənsə demək sən hökumətə satılmısan, jurnalist kimi ev almaq istəyirsən. Bir növ dolayısı yolla səni susmağa təhrik edirlər, susanda da yenə linç edilirsən, qorxdu sözün deməyə susdu, yaxud bunu da susdurdular...

Son xəbərlər
Bütün xəbərlər »