Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şeytan oyuncağı”- kreditlə satış...
Və ya xalqı “əyləncəli sülh”ə necə hazırlamalı?

Deyirlər: “Qulaq gündə bir söz eşitməsə, kar olar”. Yəqin ki, atalar bu sözü indi desəydilər, ora belə bir əlavə də edərdilər: “Göz sosial mediada gündə bir qeyri-adi paylaşım görməsə, kor olar”. Bu cəhətdən xalqımızın bəxti gətirib; qulağımız, gözümüz üçün hər gün nəsə təzə bir söz və ya audio- (və/və ya vizual) informasiya var. Yəni eşitmə və görmə, hətta görüç-eşitdiklərimizə əlavələr etmə aparatlarımız, əlhəmdülillah, çox yaxşı çalışır.

Üç saat bundan qabaq «Исмаилов Ализамин» (kiril əlifbası ilə yazılıb) adlı faysbuk istifadəçisi belə bir post paylaşıb: “Kreditlə ov tüfəngi istəyənlər yaza bilər 0503214699” 340 manat ilkin ödəniş edirsən, qalanını da 10 aya bölüb ayda 181 mnat verirsən. Bu, bizə çox maraqlı gəldi. Daha maraqlısı, o paylaşıma yazlan şərhlər idi. Biri “alt-üst qoşalülə” istəyir, biri tir tüfəngi, biri “Benelli” və İspaniya beşaçlanı. Sport tipli “şeytan oyuncağı” axtaran kim, vinçester soruşan kim... Biri də şərhdə: “Adam öldürmək üçün naqan tapançam var, 5000 manata satıram” deyə zarafat edib, qarşılığı: “Bizdə yaralamağa var, öldürməyə deyil” şəklində gəlib. Heç gülmədim. “Adam öldürmək” nə vaxtdan zarafat mövzusu olub?! Xalqımızn məsəli var: “Silahla zarafat etmək olmaz”.

Və də, xalqımız demiş: nə silah həvəslisi xalqımız varmış?! Bizim hamılıqla və ya orduca silah işlədəcəyimiz yer bəllidir. Qarabağ. Ancaq paylaşıma yazılmış şərhlərdən göründüyü kimi, daha çox ov və idman silahları axtarır camaat. Yəni əyləncə üçün. “Vaxt öldürmək”dən ötrü, necə deyərlər. Əslində isə öldürülən ov heyvanları və quşları, bir də kriminal xronikada adı artıq keçmiş zamanda çəkilən adamlar olur. Bəli, bu qədər silaha maraqlı və həvəsli xalq olasan, torpaqlarının beşdə birini düşmən əlindən ala, orda, deputat Elman Nəsirov eyən kimi, istədiyi qədər“əyilə-əyilə”... əkə, biçə, kef çəkə, sən də döyüşmək üçün deyil, əyləncə üçün silah axtarasan! Görünür, xarici işlər nazirimiz Elmar Məmmədyarov demişkən, xalqımızı sülhə... əyləncə silahı ilə hazırlamaq məsləhət olub. Yoxsa bu “İsmailov Alizamin” kimmişsə, kreditlə ov tüfəngi deyil, lizinqlə tank satardı.

...1993- cü il yadıma düşdü. O zaman ki, xalq Bakıda gecə saat 2-yə 15 dəqiqə qalmış... küçəyə çıxa bilmirdi ( yəni gecə barlarına və avtomobil oğurluğuna dolayı moratorium vardı). Ancaq bu “qadağa” Azərbaycanın məşhur kəndindən birində camaatına vız gəlirmiş. Bəzi kişi xeylaqları gecənin bir yarısı toplaşıb belə, kürəyə sarılıb, doğma kəndin ətrafına dərin xəndəklər qazıblar. Bu, həmin kənddir ki, deyilənə görə, iki qəbristanlığı var. Biri öz əcəli ilə rəhmətə gedənlər üçün, biri də Rusiyada qətlə yetirilənlər üçün. Qulaq yalançısıyam, belə eşitmişəm. Bəli, soruşursunuz ki, bu camaat bu xəndəkləri niyə qazıb?! Cavabı daha maraqlı imiş: sən demə, kimsə rayon mərkəzindən qaçıb kəndə: “İsgəndər! Oblava!” deyə hay salıb. Yox, Makedoniyalı İsgəndər deyildi; İsgəndər Zülqərneyn miladdan öncə 4-cü əsrdə Hindistana gedəndə həmin kənddən “tranizit”lə keçib; anlayacağınız, o, çoxdanın söhbətidir. Bu danışdığımız əhvalat o zaman döyüşə əsgər toplayan daxili işlər naziri Həmidov İsgəndərə aiddir. Camaat eşidib ki, rayondadır, deyiblər: “Biz uşaqlarımızı ona vermərik”. Axır kəndin başbilənləri, aqil-ağsaqqal adamlar qəzəbli xəndək qazanları başa salıb ki, vuruşmaqdısa, gedib Qarabağda vuruşsunlar. Deməyim odur ki, silahı bu qədər seviriksə, əla nişançılarıqsa (ki, ən azı “Cinayət və cəza” tipli verilişlərdən bəllidir), gedib Qarabağda “ov ovlamaq-quş quşlamaq” ağlımıza niyə gəlməsin ki?! Orda həm elə, həm belə - ov eləmək üçün nə desən, taparsan. Hələ üstəlik, dağ keçisi də, çöl donuzu da, meşə qabanı da var...

Bu arada

Qarabağ, İsgəndər Həmisov demiş, Milli Məclisin deputatı Əli Hüseynli “qəşəng” bir söz deyib: “Əgər onlar – o zamankı parlament sədri, daxili işlər naziri, heç olmazsa, öz doğulduqları kəndi, rayonu qoruya bilsəydilər, bu qədər şəhid olmazdı”. (İsa Qəmbəri və İsgəndər Həmidovu nəzərdə tutub). Buyur! Bu da gənc və savadlı hüquqşünasımız. Yəni qabaqda gedən zəncirlimiz. Bilmirsən, qəzəblənəsən, ya güləsən.

Mənim İsa Qəmbərə və İsgəndər Həmidova çoxlu suallarım və iradlarım olub və var. Şübhəsiz, onların da mənə sualları və iradları olmamış deyil; Allahtərəfi, heç biri heç vaxt məni xoşlamayıb. Xülasə, mənim onları müdafiə etməyə əsasım, onların da mənim müdafiəmə ehtiyacı yoxdur. Odur ki, mən də Əli Hüseylinin “məntiqi”ndən çıxış edərək soruşuram: bəs indiki parlament sədrinin və daxili işlər nazirinin doğma kəndi, rayonu niyə işğaldadır?! Hələ müdafiə nazirini heç demirəm. Elə Əli Hüseynlinin özünün əsli-nəsli Qərbi Azərbaycana gedib çıxmırmı?! O torpaqlar uğrunda şəhid verməmişikmi?! Vermişik! Bu nə bölücü təfəkkürdür?! Heç yaraşdırmadım.

Atam, qardaşım, Naxçıvan və ya Şirvan, Gəncə, yaxud Muğan, Quba, Lənkəran, Şəki... məgər yalnız özü və ya əcdadı oralarda doğulub böyümüş məmurların torpaqlarıdır?! Eləcə də, Qarabağ olsun. Vətən, torpaq – Şərqi ilə, Qərbi ilə, Güneyi ilə, Qüzeyi ilə hamımızındır. Məmurun da torpağıdır, fəhlənin də, əsgərin də. Şəhidin haqqı da yenə hamımızın boynundadır...

Bahəddin Həzi

Son xəbərlər
Bütün xəbərlər »