Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təhsil Nazirliyi rektorların və prorektorların bazarını bağlayıb”- Ekspert

Azərbaycanda bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qayda ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların, eləcə də, orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanlara da aiddir.

“Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılması o deməkdir ki, oxuduğu ixtisasdan razı qalmayan tələbə getmək istədiyi universitetin rektorunu, prorektorunu, dekanını "görmədən" bu istədiyi həyata keçirə bilər. Amma indiyə qədər bu problemi həll etmək üçün 99 faiz qeyd olunan instansiyaları "görməli" idin. Təəssüf ki, bir neçə il əvvəl elə biabırçı tələbə köçürülmələri edilirdi ki, adam özü utanırdı. Məsələn, Solo oxumaq, Xalq çalğı alətləri ixtisasından birbaşa Universitetin Tarix, Hüquq fakültəsinə köçürülmə mümkün idi. Əlbəttə ki, bu ancaq kimlərisə yaxından və dərindən "görmək"lə olurdu. Amma indi isə bu proses qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır. Yəni, siz qəbul olduğunuz ildə yaxşı bal toplamısız, amma doğru ixtisas seçimi etməmisiniz, ya da oxuduğunuz ixtisas ürəyinizcə deyilsə, Təhsil Nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi görmədən, xərcə düşmədən köçürülmənizi edin”,-deyə ekspert bildirib.

O deyib ki, 2018-ci ilin qış tətili dövründə bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna, yay tətili dövründə bakalavriatura üzrə 914, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib: “Bu o deməkdir ki, Təhsil Nazirliyi hər il "qara bazarda" olan milyonlarla manat pulu yox edib. Çünki bu köçürülmələr əvvəllər heç də ucuz qiymətə edilmirdi. Təsəvvür edin ki, təkcə bakalavr pilləsi üzrə 1500-dən çox təmənnasız, tələbənin heç bir məmuru görmədən köçürülməsi edilib. Əvvəl isə bu 1500 nəfər azı 10-20 min manat kimlərisə "görməli" idi. Görün, hansı məbləğdə vəsait qazanılırdı. Hələ xarici ölkələrdə təhsil alan tələbələrin köçürülməsini demirəm. Onlar Dərbənd, Dağıstan, Ukrayna, Gürcüstan və digər ölkələrin universitetlərinə gedirdilər. Bir il sonra isə kimlərisə "görüb" ölkəyə gəlirdilər. İndi bunun da qarşısı alınıb. Amma pisi bilirsiz nədir? 2016-cı ildən bəri keçirilən tələbə köçürülməsindən istifadə edən 5 minə yaxın insan bu şəffaf qaydalardan istifadə edib, amma bu barədə fikirlərini demirlər”.

Təhsil Nazirliyi

Ekspert qeyd edib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “Tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

Bütün hallarda tələbələrin köçürülməsi (təhsil formasını və ixtisasını, təhsil aldığı məktəbi, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci və ikinci kursda köçürülməyə icazə verilir.

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir”.

K.Əsədov bildirib ki, 2016-cı ildən etibarən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir: “Təsəvvür edin ki, Təhsil Nazirliyinin bu şəffaf işi nə qədər rektorun, prorektorun və universitetlərin digər əməkdaşlarının "bazarını bağlayıb". Ona görə də, onlar Təhsil Nazirliyini bəyənmir, qəbul etmir, bu qaydaların ləğvini istəyirlər. Ona görə də, şəffaf şəkildə yeni qaydalardan istifadə edənlər bu kimi məsələləri dilə gətirib təşəkkür etməlidir.

Xatırladım ki, indiyədək Azərbaycanda, həmçinin magistratura pilləsində tələbələrin köçürülməsi mümkün deyildi. Artıq biz Boloniya sisteminə keçmişik və burada semestrin müddəti deyil, kreditlərin sayı önəmlidir. İndiyədək kredit sistemi tam şəkildə tətbiq olunmadığı üçün magistratura pilləsində köçürmələrə imkan verilmirdi. Amma indi kredit sistemidir. Həmin kredit sistemini istənilən universitetdə tamamlamaq mümkündür. İlk dəfə olaraq magistratura pilləsində tələbələrin köçürülməsinə icazə verilməsi mühüm addımdır.

Digər bir məsələ isə bölgələrdə təhsil alan tələbələrin Bakı şəhərinə köçürülməsinə məhdudiyyətlərin tətbiq olunacağıdır. Yalnız region daxilində köçürmə ola bilər. Məsələn, Bakı yalnız Bakı daxilində köçürmə prosesində iştirak edə bilər. Hesab edirəm ki, bu məhdudiyyət düzgün deyil. Tələbələrin hüquqlarının müəyyən qədər sıxışdırılmasıdır. Ümumilikdə, tələbələrin köçürülməsi ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması mühüm addım olar”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »