Baş səhifə / Köşə / Vətənimizin Simayi-Möhtərəmi

Vətənimizin Simayi-Möhtərəmi

50 Views

və Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin anadan olmasının 135 illiyinə

***

1955-ci il martın 7-də şaxtanın iliyə işlədiyi soyuq havada Ankaranın Əsri məzarlığında dərdli və üzücü bir hüzn hökm sürürdü. Səmadakı tutqun buludlar, sanki matəm içində imiş kimi ağır-ağır məzarlığa tərəf axışırdı. Azərbaycan Cümhuriyyətinin banisi, türk dünyasının böyük mütəfəkkiri, ədib və publisist, dünyanın müxtəlif yerlərinə səpələnmiş minlərlə azərbaycanlı mühacirin ümid yeri kimi baxdığı Məhəmməd Əmin Rəsulzadə burada son mənzilə yola salınırdı. Dəfndə Türkiyənin dövlət və hökumət adamları, mərhumun yaxınları, məsləkdaşları ilə yanaşı, həm də SSRİ-dən və Şərqi Avropa ölkələrindən olan siyasi mühacirlər də iştirak edirdi.

Dəfn mərasimində çıxış edənlər M.Ə.Rəsulzadənin öz xalqının azadlığı, milli haqları və demokratiya uğrundakı dönməz mübarizəsindən, dühasının qüdrətindən danışır, onu bütün ömrü boyu ictimai ideallara sadiq görkəmli siyasi xadim, böyük düşüncə adamı və kristal şəxsiyyət kimi səciyyələndirirdilər. Bu çıxışlar tarixin yaddaşına həkk olunub və onların arasında tatar icmasının liderlərindən olan Abdulla Taymasın həqiqət dolu bu sözləri indi tez-tez sayrışır: “Rəsulzadə öz xalqının azadlığı və istiqlalı uğrunda mübarizədə hər şeyini – rahatlığını, sağlamlığını, ailəsini, nəhayət, bütün həyatını qurban verdi”…

* * *

XX əsrin böyük siyasi fırtınaları dövründə yaşamış M.Ə.Rəsulzadənin kəskin dramatik epizodlarla, siyasi yüksəliş və çarpışmalarla dolu olan zəngin həyatı böyük romanların, əsl Hollivud filmlərinin mövzusudur. O, mətbəədə çalışdığı 17-18 yaşlarından siyasi fəaliyyətə başlamış, artıq 19 yaşında ikən “milli hissləri oyatmaq, rus məktəblərində oxudulmayan türkcəni öyrətmək, çarlıq əleyhinə yazılmış bəyannamələri yaymaq“ məqsədilə Bakıda “Müsəlman Gənclik təşkilatı”nı yaratmışdı. Bir il sonra – 1904-cü ilin payızında Cənubi Qafqazda ilk müsəlman sosial-demokrat təşkilatı “Hümmət”in yaradıcılarından biri və eyni adlı partiya qəzetinin redaktoru olmuşdur.

Bakıda böyük neft bumu ilə yanaşı, həm də ciddi ictimai oyanışın başlandığı bir dövrdə, xüsusən 1905-ci il inqilabından sonra siyasi fəaliyyətini genişləndirən M.Rəsulzadə mətbuatda da maraqlı yazılarla çıxış etməyə başlayır. “Şərqi-Rus”, “Hümmət”, “İrşad”, “Nicat”, “Dəvəti-Qoç”, “Təkamül”, “Yoldaş”, “Füyuzat” kimi aparıcı nəşrlərdə çap olunan publisitik və bədii yazıları ilə cəmiyyətdəki mövcud problemlərə toxunur, toplumun ağır dərdlərini dilə gətirir, o cümlədən milli geriliyin səbəblərini açıb göstərirdi. Bu yazılarda açıq ifadə olunan siyasi baxışlar, o cümlədən milli kimlik, türkçülük məsələlərinə müasir yanaşmalar, eləcə də xeyriyyə cəmiyyətlərinin işindəki fəal iştirakı, açıq diskussiyalara qoşulması, tərcüməçilik və naşirlik fəaliyyəti Məhəmməd Əmini geniş dairələrdə tanıtmağa başlayır. Təsadüfi deyildir ki, böyük maarifçi H.B.Zərdabinin dəfnində (30 noyabr 1907) Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Qara bəy Qarabəyov kimi böyük nüfuz sahibləri ilə yanaşı, 23 yaşlı M.Ə.Rəsulzadə də çıxış etmişdir. “Cəmaətin gözlərini açmaq, onu ayıltmaq, insanları dərrakəli etməyin vacibliyi”ndən danışan Rəsulzadə göstərirdi ki, hər hansı “xalq hüquq və ixtiyarını, öz bacarıq və gücünü bilsə, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz”.

“Millət güclənməli və öz haqqına sahib olmalıdır” tezisini sonralar siyasi və ideoloji çalarlarla zənginləşdirən, bunun üçün milli partiya yaradılmasını zəruri sayan Rəsulzadə milli-ictimai tərəqqinin ən yüksək zirvəsini hədəf götürmüşdü. Amma bu zirvənin yolları istibdada qarşı mübarizədən, təqiblərdən, həbslərdən, İrana mühacirətdən, oradakı siyasi fəaliyyətdən, o cümlədən müasir tipli “İran nou” (Yeni İran) gündəlik qəzetinə rəhbərlikdən, Müsavat partiyasının yaradılmasından, Türkiyəyə sürgündən, orada iki il “Türk yurdu” dərgisində çalışmaqdan, “Türk ocaqları” təşkilatında yeni türklərlə siyasi mükalimələrdən, yenidən Bakıya qayıdıb siyasi və mətbu fəaliyyəti dirçəltməkdən, “Açıq söz” kimi milli məfkurəni yayan qəzeti nəşr etməkdən keçirdi.

Rusiyadakı Fevral burjua (1917) inqilabı və mütləqiyyətin devrilməsi Cənubi Qafqazda da siyasi şəraiti dəyişir. Azərbaycan istiqlalına uzanan yolun daha çətin bir mərhələsi başlanır. Hələ İkinci Dünya müharibəsinin ilk aylarında Rəsulzadənin söylədiyi “bu müharibə bizim kimi basqı altında olan kiçik xalqlara nicat gətirəcəkdir” fikrini reallaşdırmaq imkanı yaranır. Bu dövrdə M.Əmin uzaqgörənliklə deyirdi ki, zaman ağır, gediləcək yol çox tikanlı və əngəllidir. “İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıqlar etməli, səbat göstərməliyik”. Məhz millət naminə göstərilən bu fədakarlıq sayəsində M.Ə.Rəsulzadə və silahdaşları tarix qarşısında ağır imtahan verərək addım-addım Azərbaycanın müstəqilliyinə yaxınlaşırdılar.

Yeni siyasi şəraitin yeni diqtəsi var idi və artıq tanınmış siyasi liderə çevrilmiş Rəsulzadə bu şəraiti dəqiq qiymətləndirir və ona uyğun addımlar atırdı. Qafqaz Müsəlmanlarının Bakıda keçirilən qurultayında (15-20 aprel 1917) onun ərazi muxtariyyəti ideyasını irəli sürməsi dövrün diqtəsi idi. Bir aydan sonra isə Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının qurultayında Rəsulzadə həmin ideyanı Ə.Salikovun “milli-mədəni muxtariyyət” barədə qətnaməsinə qarşı qoyur və onun “ərazi müxtariyyəti” qətnaməsi böyük səs üstünlüyü ilə qəbul edilir.

Moskvadan qayıtdıqdan sonra rəhbərlik etdiyi Müsavat partiyasının fəaliyyətini canlandıran böyük siyasi lider bu təşkilatı N.Yusifbəylinin rəhbərlik etdiyi Türk-Ədəmi-Mərkəziyyət firqəsi ilə birləşdirməyə (17 iyun 1917) nail olur. Nəticədə güclü milli partiyaya çevrilmiş Müsavat 22 oktyabrda Bakı Şəhər Sovetinə keçirilən seçkilərdə parlaq qələbə qazanır. Bir ay sonra Zaqafqaziya Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə də artıq Qafqazın ən güclü siyasi partiyasına çevrilmiş Müsavatın qələbəsi heç kimi təəccübləndirmir. 1918-ci ilin fevralında işə başlayan Zaqafqaziya Seymində M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Müsavat fraksiyası 30 nəfərlə təmsil olunurdu.

Qarşıdan isə tarixin çətin sınaqları gəlirdi: Bakıda Mart qırğınlarını dayandırmaq, ağır hərbi-siyasi şəraitdə millətə sahib çıxmaq, Osmanlı Türkiyəsi ilə diplomatik danışıqları genişləndirmək, Azərbaycanın müstəqilliyini elan etmək, Bakını işğaldan qurtarıb dövlət quruculuğu işlərinə başlamaq, Cümhuriyyəti dünyaya tanıtmaq… Bunlar mürəkkəb tarixi şəraitdə reallaşdırılması çox çətin olan fövqəladə missiya idi. Amma “Azərbaycan qurtuluş hərəkatının ideoloqu” (M.B.Məmmədzadə), millətin istiqlal bayrağını yüksəltmiş böyük Rəsulzadə, onun siyasi məsləkdaşları və milli mücahidlər, Müsavat partiyası millətə qürur yaşadan bu tarixi missiyanın öhdəsindən şərəflə gəldilər…

Cümhuriyyətin süqutundan sonra tale Rəsulzadəyə istiqlal ideyalarını yaşatmaq və yaymaq şansı verdi. O, bir Vətən ayrısı kimi Cümhuriyyətin devrilməsini tarixin fasiləsi adlandırdı, səadət günəşinin yenə doğacağına ümidini itirmədi, milli ideyanın yeni nəsillərə ötürülməsi üçün dayanmadan çalışdı…

* * *

Tarixin ən həlledici anında “çəkilən zəhmətlərin, tökülən qanların, yakılan xanimanların, axıdılan göz yaşlarının bir təsəllisi vardır: İstiqlal” deyən M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin banisi, xalqımızın minillik tarixində yetişdirdiyi ən böyük dühalardan biridir. Millət və dövlət qurucusudur. Bu xalqın siyasi məfkurəsinin, milli düşüncəsinin ən parlaq təmsilçisi, böyük mütəfəkkir və ideoloqdur. Onun adı azadlığın, gerçək demokratiyanın, milli hərəkat və istiqlalın, dövlət müstəqilliyinin və dövlətçilik şüurunun simvoludur. “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyən Rəsulzadə bizim üçün həm də siyasi əxlaq, milli heysiyyət və qürur kodudur.

Hələ sağlığında “rəisi-Cümhur”, “Vətənimizin simayi-möhtərəmi”, “millət mücahidi” adlandırılan M.Ə.Rəsulzadə təkcə praktik siyasətçi yox, həm də Qərbin və Şərqin böyük fikir adamları ilə yanaşı duracaq mütəfəkkirdir. Onun “Əsrimizin Səyavuşu”, “Azərbaycan Cümhuriyyəti”, “Milli dirilik”, ”İran türkləri”, ”Bakı tarixi”, “Azərbaycan milli hərəkat tarixi”, “Böyük Azərbaycan şairi Nizami” kimi əsərləri bizim üçün zəngin fikir xəzinəsidir. Bugün Azərbaycanın tarixi, siyasi taleyi, milli düşüncəsi və ideologiyası, o cümlədən türkçülük, turançılıq, azərbaycançılıq, islam, demokratiya və s. məsələlərlə bağlı elə bir sual yoxdur ki, Rəsulzadənin əsərlərində onun cavabı olmasın…

* * *

Bəs millətə və Vətənə bu qədər xidmətlərin müqabilində M.Ə.Rəsulzadəni niyə qısqanırlar, nəyə görə Cümhuriyyətin varisi olan bir məmləkətdə bu istiqlal fədaisinin xatirəsinə layiq olduğu ehtiram göstərilmir, əksinə bəzən o, çeşidli nadanların hücumuna məruz qalır? Əlbəttə, belə haqlı sualların çeşidli cavabları ola bilir. Amma bir cavab daha ağlabatandır: Rəsulzadə yeri ürəklərdə olan elə bir işıqdır ki, çoxlarının gözünü qamaşdırır. Onu yalnız ruhla, qəlblə, könüllə, təmiz əxlaqla duymaq mümkündür. İnsanın bu ruhu və əxlaqı olmayanda hər şey ona yad görünür.