Cümə , 15 Fevral, 2019
Baş səhifə / Foto / “Gənc sahibkar olmaq Azərbaycanda inanılmaz dərəcədə çətindir” (Müsahibə)

“Gənc sahibkar olmaq Azərbaycanda inanılmaz dərəcədə çətindir” (Müsahibə)

68 Views

Qaynarinfo gənc iş adamı, “Plus Group” və “Plus Media Group” şirkətlərinin təsisçisi Mikayıl Mirzəzadənin aznews.az saytına verdiyi müsahibəni təqdim edir. Müsahibədə gənc sahibkar fəaliyyət sahələri, üzləşdikləri problemlər və sahibkarlıq mühiti ilə bağlı danışıb.

– Özünüzü təqdim edin.

– Mən Mikayıl Mirzəzadə İlqar oğlu. Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini bitirmişəm.

– “Plus Group” və “Plus Media Group”u yaratmaq necə ağlınıza gəldi?

– “Plus Group” özlüyündə “Reklam Plus” və “Plus Line Consulting” şirkətlərini özündə birləşdirir. “Reklam Plus” ilk yaratdığımız şirkətlərdəndir, reklam məhsulları və çap xidmətləri təklif edirdi, lakin fəaliyyəti yalnız 2015-2016-cı illər oldu. “Plus Line Consulting” şirkəti isə 2016-ci ildən fəaliyyət göstərir. Dünyanın bir çox ölkəsində təhsil və karyera sahibi olmağa fürsətlər yaradır. “Plus Media Group” əsas fəaliyyət növü kimi reklam, SMM, Media və PR xidmətləri təklif edir. Bütün bu xidmətlər Minion.az, Eduland.az, Hokm.az xəbər portalları ilə yayımlanır.

Azərbaycanda gənc sahibkarlıq dedikdə hər kəs düşünür ki, mütləq fərqli sahələr olmalıdır. Mütləq yaradıcı nəsə etməliyik. Amma bizim seçdiklərimiz daha çox Azərbaycanda ənənəvi biznes sahələridir. Şirkətləri təsis edərkən düşüncəmiz fərqli idi. Hesab edirdik ki, fərqli sahə yaratsaq, iflas etmək riskimiz daha da çoxalar. Ona görə də işlədiyim sahələrdə şirkət təsis etməyə qərar verdik. Lakin zamanla anladıq ki, fərqli sahə yaratmaq daha risksizdir, nəinki formalaşmış bazara yeni marka və az kapital ilə daxil olmaq. Şirkəti tək yox, yaxın dostum Azər Rəhimovla qurduq.

– Bunu yaratmaq istəyəndə ailənizin və ətrafdakıların reaksiyası necə oldu?

– Ailəmiz və ətrafımız daima dəstək oldu. Ən çox sifarişləri də ətrafda olan dost tanışdan alırdıq. Çoxları sırf dəstək olmaq üçün ofisini bölüşür, lazım olan bütün dəstəyi göstərirdi.

– Bu yaşda şəxsi biznesinizin olması çətin deyilmi?

– Gənc sahibkar olmaq Azərbaycanda inanılmaz dərəcədə çətindir. Bununla ilk dəfə 17 yaşımda Vergilər Nazirliyində və Dövlət Sosial Müdafiə Fondunda qarşılaşdım. Fərqli baxışlar, lazımsız suallar…

– Azərbaycan cəmiyyətində yaşa çox əhəmiyyət verirlər, yaşınıza görə problemlərlə qarşılaşırsınızmı?

– Bildiyiniz kimi 18 yaşadək rəsmi fəaliyyət ilə məşğul olmaq üçün hər iki valideynin razılığı lazımdır. Asan xidmət mərkəzində valideyn razılığını və icazə ərizə növünü uzun müddət əməkdaşlar tapa bilmədi. Dedilər ki, ilk dəfədir belə müraciət ilə qarşılaşırlar. Onları qınamırıq. İlk yaratdığımız vaxtlar deyirdilər ki, bəzi qurumlar gəlib sizi haqsız yerə cərimələyəcəklər, rüşvət, əlavə ödəniş istəyəcəklər və s. Bunu illərlə eşitdik, amma fakt olaraq görmədik. Gördüklərimizi də qanunvericiliyi yaxşı bildiyimiz üçün rahatlıqla cavablandırdıq və əsla qorxmadıq.

– Problemlər olurmu? Varsa, sadalayın…

– Bəli, olur, hələ də var. Ölkədə vergi ödəyicilərinə hər hansı bir məsələdə köməklik olmur. İllərdir həm fiziki, həm də hüquqi şəxs olaraq vergi ödəyirik, amma bir dəfə də olsun zəng edib soruşan olmayıb ki, kömək lazımdırmı? Büdcəniz azdır, mühasibiniz yoxdur?.

– Qanunvericiliklə bağlı hansı çətinliklə üzləşirsiniz?

– İstər Vergilər, istərsə də İqtisadiyyat Nazirliyi heç bir zaman halımızla, vəziyyətimizlə maraqlanmayıb. Ancaq vergi borcumuz olanda dəfələrlə zəng edir, əmlakın müsadirə olunacağını deyir, amma biz çalışmışıq ki, vaxtında ödəyək, çətinlikləri dəf edək. Xarici ölkələrdə gənc sahibkarlara dəstəklər, vergidən bəzi endirimlər var. Və ən əsası bankların kredit mütəxəssisləri gənc sahibkarların sözlərini sadəcə gülə-gülə qulaq ardına vururlar, amma biz inadkarlıqla bütün problemləri həll edə bilirik.

– Yeni layihələriniz varmı? Varsa nələrdir?

– Yeni layihələrimiz ölkə xaricindədir, Avropanın bir çox ölkəsinə dövlət dəstəkli layihələr hazırlayaraq göndərmişik, müsbət cavab gələrsə, şirkətin əsas fəaliyyətini köçürdə bilərik. Çünki böyük vergi güzəştləri, sahibkarlığa dəstək proqramları və büdcələri eyni zamanda çox aşağı faizlə biznes kreditləri təklif edirlər.

– Gənclərə nə demək istərdiniz?

– Gənclərə eşitdiyim bir sözü deyərdim: “Hər bir şikayətin və şikayətçinin altında gözəl fürsətlər olur”. Öz tövsiyyəm isə işə başlamadan öncə sizi və xidmət sahənizi əhatə edən növlərdə mütləq qanunvericiliyi öyrənmək və eyni fəaliyyət göstərən şirkətlərlə işləməkdir. Gəncləri sırf maarifləndirmək və gənc işçi və sahibkarları artıqmaq məqsədi ilə ödənişsiz layihələr və təlimlər keçirmək üçündə “Project +” layihəsini yaratdıq. Hal-hazırda mənimlə yanaşı təsisçi Məhəmməd bəy xaricdə təhsilini artırır. Qayıtdıqdan sonra daha maraqlı layihələr ilə maarifləndirmə işlərinə davam edəcəyik. Şirkət olaraq müxtəlif bizneslər yaradaraq digər şəxslərə satmışıq, əslində bunun məqsədi sırf satmaq yox, böyütmək olub. Sadəcə kollektivimiz bütün gördüyünüz bu işləri çatdıra bilmədi və sahib olduğumuz “Lavista Pub and Cafe”ni satmağa məcbur olduq.