Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro türk kanalına müsahibə verdi: "Ərdoğan cəsur bir adamdır"

Venesuelanın yeni seçilmiş, amma saxta seçkiləri əsas gətirərək bir çox dünya ölkələri tərəfindən tanınmayan prezidenti Nikolas Maduro CNN Türk kanalına müsahibə verb.

Bizimyol.info həmin müsahibənin vacib məqamlarını təqdim edir:

- Özümü mübarizəyə köklənmiş hiss edirəm. Vətənimə dərin bir bağlılığım var. Demokratiya və müstəqilliyimiz üçün tarixi bir savaşdan keçirik. Baş verənlərin hamısının Amerika ilə əlaqəsi var. Bizə hücum edirlər, Venesuelanın sanki onların “arxa bağçaları” olduğunu düşünürlər. İçimizdə vətənimizə böyük bir sevgi, xilaskarlarımız Simon Bolivar və Hüqo Cavesə sonsuz hörmətim var. Onların varlığı sanki iliklərimə qədər işləyib. Bugünkü problemlərin həlli üçün onlardan güc alıram.

- Siz yaranmış durumu necə ifadə edərdiniz?

- Venesuela davamlı hücumların qurbanıdır. Son 20 il Venesuela üçün bir inqilabdır. Sosial, mədəni və siyasi inqilablar Venesuelanı daha da müstəqil elədi, dəyişdi. Klintonun prezidentliyi dövrü istisna olmaqla, Buş, ardınca Obamının birinci və ikinci prezidentliyi dövründəki idarəçilik və nəhayət, indi Tramp hakimiyyəti Vemesuelanı hədəf seçir, ölkənin sosial və siyasi həyatına zərər verməyə çalışır. Çavez böyük və bir neçə kiçik hücumları dəf etdi. Məsələn, 2002-ci ilin aprelində böyük bir çevriliş cəhdinin qarşısı alındı. Bu, hərbi gücün və xalqın dəstəyi sayəsində mümkün oldu. Çavezin vəfatından bu yana bir çox hücumlarla üz-üzəyik. Tramp hakimiyyətə gələndən sonra bu vəziyyət daha da pisləşdi. Ekstremist düşüncəli bu adam prezident olandan bəri Amerika bizə hücum edir. İndi də bir çevriliş planlaşdırıblar. Kimliyi məlum olmayan birini onların təmsilçisi olmağa məcbur edirlər. Amerikanın informasiya agentlikləri, “The Washington Post” qəzeti 22 yanvarda çevriliş cəhdi əmrini cənab Quaydoya şəxsən Trampın verdiyini yazırdılar. Bu gün burada Bolivar inqilabına qarşı uzun zamandır planlaşdırılan və hazırda həyata keçirilən çevriliş əmri var.

- Bir çox fərqli ölkələrdən sizi dəstəkləyənlər var, biri də Ərdoğandır. O, sizinlə danışıqdan sonra bir açıqlama verdi. Bildirdi ki, iki il öncə 15 iyulda Türkiyədə çevriliş cəhdi vaxtı siz də ona zəng etmisiniz və həmin vaxt bu, onu təəccübləndirib. Bəs siz necə, Ərdoğanın sizinlə əlaqə saxlamasından təəccübləndinizmi?

- Xeyr, bu, mənim üçün sürpriz deyildi. Hörmətli Ərdoğan dəyərlərə sayğı göstərən, cəsur bir adamdır. Açığı, Türkiyədə çevriliş cəhdi baş verəndə bundan xəbərim yox idi. Bunu öyrənən kimi xarici işlər nazirinə dərhal bu hadisəni pisləməsi barədə göstəriş verdim. Qərb mətbuatı çevriliş cəhdini Türkiyə üçün müsbət bir hadisə kimi təqdim edirdi və Ərdoğana qarşıydılar. O gündən bəri cənab Ərdoğanla dostuq.

- Hazırda cənab Quaydo özünü yeni prezident elan edib. Bu problemin həlli üçün yeni bir yol xəritəniz varmı? Onunla görüşüb məsələni müzakirə etməyi düşünürsünüzmü?

- Problemin həlli çətindir, amma bir yol mütləq var. Keçmişdə bir çox çətinliklərə sinə gərdik. Onların bəziləri bu gün yaşananların bənzəri, bəziləri isə daha da qarmaqarışıq idi. Məsələn, 2002-ci ildə yaşadıqlarımız daha mürəkkəb idi. Amma problemi həll edib, qalib çıxmağı bacardıq. Bu hadisədə qanunun, xalqın və hərbinin birliyini görə bilərsiniz. Gerçək budur ki, yaşananlar çox qarışıq və həlli də çətindir. Amma bunun da öhdəsindən gələcəyik. Problemin həlli qanunlarda və ədalətdədir. Venesuelada qanunun aliliyi anlayışı var və mən buna inanıram. Hüquq-mühafizə orqanları məsələni həll edəcəklər. Bütün bu yalanlar Amerikanın başının altından çıxır. Mən dialoqa açığam. Siyasi ziddiyyət, mediadakı ziddiyyətlə bağlı istənilən şəxslə istənilən vaxt danışa bilərəm. Bu müddətdə isə işimi görməkdə davam edəcəm. Xalqıma hər iki əllə iş görülməsinin vacibliyini söyləyirəm. Bir əllə əkib, tikib, idarə edərkən, digər əllə də bu edilənləri qorumalısınız. İndi bu çevriliş cəhdinə əngəl olmalıyıq və bunu hər iki əlimizlə etməliyik. Bir əllə bu cəhdi qınamalı, həll etməli, digər əllə də idarəçiliyi davam etdirməli, daha da irəliləməliyik.

- Cənab Quaydonun özünü prezident elan etməsindən sonra Venesuela konstitusiyasına görə onun həbsi haqqında düşünmüsünüzmü?

- O, bütün qanunları və konstitusiyanı pozur, amma mən hakim deyiləm. Bu, vətəndaşların gücünə bağlı məsələdir. Konstitusiyamızı və ölkəmizi qorumaq üçün hansı addımların atılmasına hakim qərar verəcək. Bu məsələ qanunlar əsasında, məhkəmə önündə həllini tapacaq.

- Avropanın dörd ölkəsi təkrar seçkiyə getməyiniz üçün sizə 8 gün vaxt verdi. Cənab Quaydo da yeni seçki tələb etdi. Bu haqda nə düşünürsünüz?

- Avropa yenə də Venesuela ilə bağlı səhvə yol verir. 200 illik müstəqilliyimizə rəğmən bizim tariximizi sanki heçə sayırlar. Biz müstəqilliyimizlə qürur duyuruq. Bizim bədənimizdə xilaskarlarımızın qanı axır. Avropalılar bu məsələdə həyasızlıq edir. Ultimatumlarını geri götürməlidirlər. Kimsə Venesueladan getmək istəyirsə, gedə bilər. Venesuela Avropaya bağlı deyil. Bəhs etdiyimiz bəyanatlar da Avropa xalqının fikrini ifadə etmir. Avropada xeyli yaxşı dostlarımız var. Amma oradakı liderlər Trampın ağzından çıxan bir kəlməyə baxırlar. Bütün Avropa Trampı izləyir, xüsusən Venesuela olaylarında.

- Belə başa düşdük ki, yenidən seçkiyə getmək niyyətiniz yoxdur...

- Venesuelada dəfələrlə seçkidə iştirak etmişik. Son seçkidə 23 yerdən 19-nu qazanmışıq. Eyni zamanda, bələdiyyə seçkiləri də keçirildi. 335 bələdiyyə var. Prezident seçkisi keçən il keçirildi və 65 faiz səslə qalib gəldik. Qarşıda Milli Məclisə seçkilər var, 2020-ci ildə keçiriləcək. Venesuelada rekord sayda – 25 seçki keçirmişik, bunun da 23-nü biz qazanmışıq. Yalnız 2007-ci ildə konstitusiyaya düzəlişlərlə bağlı referendumda və 2015-ci ildə parlament seçkilərində məğlub olduq. Seçki sistemimiz kifayət qədər müasirdir. Bizi tənqid edənlərin Venesuelanın seçki sistemi ilə bağlı söyləyə biləcəyi tək kəlmə yoxdur.

- Amerikalı diplomatlara ölkələrinə qayıtmaları üçün 72 saat vaxt verdiniz. Lakin cənab Pompeo bunu rədd etdi və bəzi diplomatlarını hələ də Karakasda saxlayırlar. 72 saat başa çatanda nə baş verəcək? Diplomatlarla bağlı planlarınız nədir?

- Onlar çoxdan gediblər. Yenə də Venesuela və Amerikada iki ölkənin təmsilçilərini qorumaq məqsədilə müzakirələri davam etdirmək üçün onlarla razılığa gəldik. 30 gün davam edəcək müzakirələrdə iştirak etməkdən ötrü kiçik qrupa daxil diplimatlar qarşılıqlı şəkildə ölkələrdə qaldı. Siyasi və diplomatik əlaqələrimiz yoxdur. Səlahiyyətlilər bizim çağırışımıza əməl edərək, ölkəni tərk etdilər. Lakin hələ də dialoqa inanıram. Ağlımdakı məsələ 15 ildir Amerika ilə heç bir siyasi əlaqəsi olmayan Kuba kimi olmaqdır. Hər iki ölkənin bir-birinin torpaqlarında nümayəndəlikləri var. Bu da bizim istifadə edə biləcəyimiz metoddur. Bu səbəbdən kiçik qrup diplomatlar qalacaq, biz onların mühafizəsini təşkil edəcəyik, rahat şəkildə həyatlarını davam etdirəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »