Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 19 manata görə dəhşətli cinayət - Təfərrüat

19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilənlərdən Rahin Hüseynov həbsxanada və məhkəmə zalında digər şəxslərdən ayrı saxlanılır. Buna səbəb onun digərlərindən fərqli ifadə verməsi və aralarında mübahisə yaranmasıdır.

28 yaşlı Rahin Hüseynov ifadəsinin əvvəlində ilk dəfədir cinayət törətdiyini deyib.

O bildirib ki, digər şəxslərlə birlikdə yeyib-içiblər. Pul tapmaq üçün plan qurublar. Plana əsasən onlar quldurluq edəcəkmişlər.

"Yenə pul lazım idi. Dedik ki, "razboy" edək. Birlikdə "Şamaxinka" tərəfə gəldik. Mən bir taksiyə yaxınlaşdım. Sumqayıta getməyə razılaşdıq. Mən qabaq oturacaqda əyləşdim. Sumqayıta çatanda cibimdən bıçaq çıxardım. Sürücüyə uzadıb pul verməsini tələb elədim. Amma o, söyüş söydü, mübahisə eləməyə başladıq. Məni yumruqla vuranda mən də onu bıçaqla vurdum"- deyən 27 yaşlı Rahin vurduğu bıçaqların sayını dəqiq xatırlamadığını deyib.

O söyləyib ki, ən çox 5 bıçaq zərbəsi vurub. Hakim isə xatırladıb ki, ekspertiza rəyində mərhuma 28 bıçaq zərbəsi dəydiyi yazılıb.

Bunu eşidən Rahin başını aşağı salıb və "digər zərbələri kim vurub" sualına cavab verməyib.

Hakim isə ona xatırladıb ki, ötən məhkəmədə mərhuma 2-3 bıçaq zərbəsi vurduğunu deyibmiş.

Ötən prosesdə qalan bıçaq zərbələrinin Şamilin vurduğunu deyən Rahin bu dəfə fikrini dəyişib. Hakim isə onun istintaqa verdiyi ifadəsini xatırladıb. Məlum olub ki, Rahin həmin ifadəsində qalan bıçaq zərbələrini Şamilin vurduğunu deyibmiş.

Rahin həmin ifadəni təzyiqlərdən qorxaraq söylədiyini deyib.

İfadəsinin sonunda Rahin qeyd edib ki, maşından düşəndə sürücünün planşetini, telefonunu və pulunu Şamil götürüb.

Daha sonra məhkəmədə təqsirləndirilən Şamil Bayramov dindirilib.

O deyib ki, birlikdə içki içdikdən sonra pullarının qurtardığını görüblər: "Pul lazım idi. Rahin dedi ki, gedək belə bir iş görək. Biz də razılaşdıq. Mənim də, Rahinin də bıçağı var idi. Taksidən düşəndə Rahin sürücüdən pul istədi. Onlar mübahisə edəndə sürücü Rahini vurdu. Sonra da məni vurdu. Mən də onu bıçaqla vurdum".

Hadisəni törədən zaman 17 yaşı olan Şamil də bıçaqların sayından xəbərsiz olduğunu deyib. Bildirib ki, maşından düşəndə sürücünün qan içində olduğunu görüb.

Şamil bildirib ki, onlarla gedən Pərviz də arxa oturacaqda imiş. Amma heç nə etməyib: "Pərviz qorxmuşdu. Düşəndə dedi ki, təcili yardıma zəng edək. Amma Rahin icazə vermədi. Mən də qorxdum ki, tutularıq. Oradan qaçdıq".

Sürücünün pulunu və telefonlarını götürdüyünü deyən Şamil daha sonra başqa taksiyə mindiklərini söyləyib. Mərhum taksi sürücüsündən götürdükləri pulu sonradan mindikləri taksiyə ödəyiblər. Telefonlar isə Şamildə qalıb.

Hadisəni törədən zaman 18 yaşının tamam olmadığını deyən Şamil bu işə onu Ruhinin sövq etdiyini deyib.

Məhkəmədə təqsirləndirilən üçüncü şəxs Pərviz də dindirilib. 22 yaşlı Pərviz hadisə zamanı şokda olduğunu və belə bir cinayətdə iştirak etmək istəmədiyini söyləyib.

Qeyd edib ki, əməlindən peşmandır.

Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.

Xatırladaq ki, bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.

İstintaq hərəkətləri meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulublar.

İlkin məlumata görə 3 nəfər taksi sürücüsünü qarət etmək üçün onun maşınına miniblər. Yolda maşını saxlatdıraraq sürücüdən pul tələb ediblər. Aralarında mübahisə yaranan zaman isə onu bıçaqlayaraq qətlə yetiriblər. Taksi sürücüsünün dibində olan 19 manatı götürərək hadisə yerindən qaçıblar.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »