Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qorxunu qorxu ilə çıxardarlar..." - Ağasəlim Çildağın ocağından reportaj (Fotolar)
Oranı hər kəs "Ağasəlimin çıldağı" adıyla tanıyır. Bu isə hamının tanıdığı meyxanaçı Ağasəlim Çildağın adı ilə bağlıdır. Maştağa qəsəbəsinin girişində kimdən soruşsanız, bu tanınmış ocağa gedən yolu sona qədər izah edə bilər. Qəsəbənin hər küçəsində "çildağ" yazılan ünvanlar olsa da, ən etibarlı, sınanmış ocaq "Ağasəlimin çildağı" hesab olunur.

Həftəiçi olduğundan adam az gözə dəyirdi. Burada qadınlarla kişilər isə ayrı otaqlarda müalicə edilir. Xanımları çildağ edən də məhz bu nəsildən olan və bu işi bacaran bir qadındır.

Tanınmış çildağçılardan olan Kərbəlayi Zülfüqar bizi qarşılayıb, bu ocağın tarixi, çildağın faydaları, tətbiqi və sairlə bağlı məlumat verdi.

Kərbəlayinin sözlərinə görə, bu ocaq 200 ilə yaxındır ki, fəaliyyət göstərir: "Bu bizə babalarımızdan miras qalıb. Ağasəlim Çildağ da bizim nəsildəndir, mən onun qardaşının nəvəsiyəm. Maştağada çildağ yerləri çoxdur. Ancaq onların əksəriyyəti adi insanlardır, bura isə əsl ocaqdır. İnsanlar bu ocağa şəfa tapmaq üçün gəlirlər".

Həmsöhbətim deyir ki, çildağın əsas mahiyyəti insanların canından qorxunu çıxartmaqdır: "Qorxu insanın ruhu ilə bağlı bir durumdur, onun kimyəvi dərmanlarla müalicəsi yoxdur. Qorxu insanın ruhunda, canında olur. Atalarımız demişkən, qorxunu qorxu ilə çıxararlar... Çildağ olunmaqla insanlar qorxudan, müxəlif fobiyalardan, diskinməkdən və bir çox xəstəliklərdən xilas olurlar. Bəzən həkimlər belə sağaltmaqda aciz qaldıqları xəstəyə çildağ məsləhət görürlər. Hətta tanınmış həkimlər var ki, özləri də çildağ olunmaq üçün bizim ocağa gəlirlər. Bir çox xəstəliklər çildağla sağala bilər. Bu hər bir xəstəliyi olana tətbiq edilə bilər. Elə adamlar gəlir ki, 10 gündür qızdırması düşmür. Bir dəfə çildağ olunduqdan sonra sağalır".

Kərbəlayi Zülfüqarın sözlərinə görə, yandırılmış xüsusi kətan parçayla qorxu ilə gələn insanların baş, qol, dirsək, ayaqlar və topuqdakı sinir uclarına vurmaq lazımdır. Əks halda qorxunu aradan götürmək mümkün deyil: "Biz bunların üsullarını ağsaqqalarımızdan, ağbirçəklərimizdən öyrənmişik. Bu məlumatlar illərdir, nəsildən-nəsilə ötürülüb. Elə xəstələr də var ki, onların bədəninə yanıq izi vurmaq olmaz. Məsələn, şəkər xəstəliyi ilə gələnlər fərqli çildağ edilir. Onları yandırmaq olmaz. Bu işlərin dərinlikləri var ki, onu yalnız biz bilirik. Özümüz qəsdən bu məlumatları heç kəslə bölüşmürük ki, hər yerindən duran çildağla məşğul olmasın".

Müsahibim deyir ki, çildağa inanmayıb məcburi gələnlər belə sonradan başqa qohumlarını da gətirirlər: "Çildağ deyəndə bəzi insanlarda inamsızlıq hiss olunur. Biz də bir çox hallarda çildağa inanmayanlarla qarşılaşırıq ki, hansısa qohumu onu qorxuluğunu götürmək üçün məcbur gətirib. Çildağ olan zaman üzündə kinayə görürük. Ancaq 3 dəfə gələndən sonra faydasını görür. Həmin şəxs sonradan başqa yaxın adamlarını gətirir".

Bu ocağın digər bir nümayəndəsi, çildağçı Şıxəli Kərimov isə deyir ki, onların ocağına təkcə paytaxtdan yox, Azərbaycanın hər bölgəsindən gələnlər olur: "Hətta qonşu ölkələrdən Türkiyə, İran, Rusiyadan belə bu ocağa gəlirlər. Bu yaxınlarda Almaniyadan jurnalistlər gəlib çildağ haqqında veriliş çəkdilər".

Şıxəlinin sözlərinə görə, burada həftənin üçüncü və altıncı günləri adam əlindən tərpənmək olmur. İnsanlarda belə bir inam var ki, çildağ məhz bu günlərdə edilsə, daha təsirli olar. Odur ki, digər günlərdə çox az adam olur. Həmsöhbətim bu inancın ciddi bir əsasının olmadığını deyir:" Sovet hökuməti dövründə çildağ məsələsində müəyyən məhdudiyyət qoyulurdu. Yalnız həftədə iki gün çərşənbə və şənbə günləri bizim ocağın açıq olmasına icazə verirmişlər. Elə o vaxtdan insanlar arasında belə bir vərdiş yaranıb və sonradan inanca çevrilib ki, çildağ məhz bu günlərdə təsirli olur".

Ş.Kərimov onu da vurğuladı ki, çildağı hər adama etdirmək olmaz, bu işi bilməyənlər insanların sağlamlığına ciddi ziyan vura bilərlər: "Həkimlər bizdən çildağın necə etdiyimizi soruşublar. Hansı nöqtələrə vurduğumuzu öyrənib, özləri də etmək istəyiblər. Lakin bunu qısa zamanda öyrənib, kiməsə tətbiq etmək olmaz. İnsan bədənində elə sinir ucları var ki, onlara toxunan zaman fəsadlar yarana bilər. Belə hallar çox olub. Naşı çildağçıların yanına gedənlər arasında ziyan görənlər olub. Bəziləri bizim yanımıza gəlib çildağın sirlərini öyrənməyə çalışıblar, sonra öz evlərində çildağ etməyə başlayıblar. Bir nəfər bu cür naşılara çildağ etdirmişdi, boynu qurumuşdu. Sonra gəldi və biz onu müalicə etdik".

Onu da qeyd edək ki, bu ocağa gələnlərdən xidmət müqabilində heç bir konkret məbləğ tələb olunmur, kimin qəlbindən nə keçirsə, onu da verir: "Çildağa gələnlərdən konkret pul istənilmir. Kim nə verirsə, ona da qane oluruq.Bura pul qazanmaq yeri deyil. İnsanlar bu ocağa inanırlar, şəfa tapırlar və bu bizim üçün ən böyük qazancdır. Ağasəlim babamızın ocağını demək olar ki, hamı tanıyır. Heç bir dövlət qurumu da fəaliyyətimizə məhdudiyyət qoymur".(musavat)

\ \

Son xəbərlər
Bütün xəbərlər »