Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kredit borcunu ödəmək üçün işlədiyi şirkətdən 450 min oğurladı
427 min 250 manatı qaytarıb, 22 min 750 manat qalıb

Pulları gecə ilə kreditlərinə ödəyib, iş yerinə də məktub yazıb

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın icraatındadır.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Rauf Nəbiyev "Sumqayıt Texnologiyalar Parkı” ASC-nin ofisindən 450000 manat oğurlayıb. Rauf Nəbiyev həmin ASC-nin təhlükəsizlik departamentinin mütəxəssisi işləyib.

"Kamera görüntülərini silmək imkanım vardı"

Rauf Nəbiyev elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Oğurluq etdiyini təsdiqləsə də, məbləğlə razılaşmadığını, oğulurğu ehtiyacı olduğu üçün etdiyini deyib. O, pulu da borclarına ödədiyini söyləyib:

"Mənə 20 min lazım idi. Həmin gün də pulun çox olduğunu gördüm. Bazar günü olduğundan işdə heç kim yox idi. Sadəcə iki nəfər işçi, yəni mühafizə əməkdaşı var idi. Hər yerdə də kameralar işləyirdi. Bizim işimiz təhlükəsizliyə, kameralara nəzarət etmək idi. Otaqların qapısı açıq idi. Girib seyfdən pulu götürdüm. Gördüm ki, məbləğ 20 mindən çoxdur. Məcbur qalıb hamısını götürdüm. Çünki saxlasaydım qalan məbləğ mənim üstümdə qala bilərdi. Amma qalanını qaytarmaq niyyəti ilə götürdüm".

R.Nəbiyev söyləyib ki, pulu götürən zaman ofisə məktub da qoyub: "Məktubda yazdım ki, ehtiyacım olduğu üçün götürmüşəm, hissə-hissə də qataracam. Pulu götürəndən 30 dəqiqə sonra oradan çıxdım. Mən bilirdim ki, məni tapacaqlar. Çünki kameralar hər şeyi çəkirdi. Amma mənim həmin görüntüləri silmək, kameraları bağlamaq imkanım var idi".

"Rəisə zəng edib pulu qaytarmaq istədiyimi dedim"

R.Nəbiyev deyib ki, elə həmin gecə borclarını qaytarıb. "Bir nəfər 12 min manat borcum var idi. Bir neçə bankda kreditlərin və ayrı-ayrı şəxslərə də əl borcum var idi. Hamısını ödədim. Qalan pul da evdə idi. Öz rəisinə zəng edib pulu qaytarmaq istədiyimi dedim. Məndən harada olduğunu soruşdu. Mən də yerimi dedim. Rəisim və iş yoldaşlarım gəldi. Pulu verəndə gördüm ki, polislər də onlarla gəlib. Orada saxlanılıb polis idarəsinə aparıldım"- deyə təqsirləndirilən şəxs bildirib.

Sualları cavablandıran R.Nəbiyev qeyd edib ki, ehtiyacı olsa da işlədiyi müəssisədən borc istəməyib.

"Həmin vaxt onun yoldaşı hamilə idi, 400 manatı geri qaytardı"

Məhkəmədə ASC-nin nümayəndəsi də iştirak edib. Nümayəndə bildirib ki, pulun 427 min 250 manatı qaytarılıb. Nümayəndə 22 min 750 manatlıq mülki iddianı müdafiə etdiyini söyləyib.

R.Nəbiyevin vəkili söyləyib ki, qeyd edilən mülki iddia ilə razıdırlar və həmin məbləğin ödənilməsi üçün çalışırlar. Vəkil qeyd edib ki, Rauf Nəbiyev əldə etdiyi puldan 400 manat da həyat yoldaşını verib: "Həmin vaxt onun yoldaşı hamilə idi. Ancaq Rauf Nəbiyev həbs edildikdən sonra xanımı həmin pulu da geri qaytardı".

Təqsirləndirilən Rauf Nəbiyevin vəkili şirkət nümayəndəsinin pulu ödəmək üçün güzəşt etmələrini xahiş edib: "Bu günə qədər şirkət rəhbərliyi çox yumşaq davrandı, güzəşt etdi. İndi də xahiş edirik ki, imkan varsa, bu məbləği hissə-hissə ödəməyə şərait yarstsınlar".

ASC nümayəndəsi indiki mərhələdə bu haqda heç nə deyə bilməyəcəyini söyləyib.

R.Nəbiyevə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə fevralın 1-də davam edəcək.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »