Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
““Azərbaycan” nəşriyyatı torpaqlarımızı mənimsəyir"

Nardaranda 15 hektar torpaq sahəsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verildi

“"Azərbaycan" nəşriyyatı vətəndaşların qanuni torpaqlarını mənimsəmək istəyir. Bunun üçün nəşriyyatın rəhbəri Ağabəy Əsgərov nümayəndəsi Azər Qasımov vasitəsilə məhkəməyə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə qanunsuz olaraq onun iddialarını təmin edib. Həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişik”.

Bunu Bizimyol.info saytına vəkil Nəzrin Cəfərova deyib. O bildirir ki, hüququ pozulan vətəndaşlardan birinin vəkilidir.

Vəkilin sözlərinə görə, söhbət Nardaran qəsəbəsində keçmiş Maştağa Südçülük-tərəvəzçilik sovxozunun ərazisində yerləşən 15 ha torpaq sahəsindən gedir.

“Ağabəy Əsgərov vaxtı ilə təşkilata yardımçı təsərrüfat məqsədi ilə ayrılmış və sonradan dövlətin balansına keçirilən torpaq sahəsinə maraq göstərərək onlara təhvil verilməsinə dair iddia tələbi qaldırıb. “Azərbaycan” Nəşriyyatının Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaldırdığı iddiada sakinlər üçüncü şəxs qismində cəlb olunublar”.

Qeyd edək ki, vaxtilə Jurnalistlər İttifaqının balansına keçirilən ərazidə tikiləcək bina mübahisələrə səbəb olub. Lakin daha sonra bu binanın inşası yarımçıq qalıb. Sakinlər bildirirlər ki, yarımçıq qalmış həmin bina 1999-cu ildə Nardaran pirinə hədiyyə edilib. Sakinlər deyir ki, nəşriyyat hazırda həmin əraziyə iddialı ola bilmədiyi üçün burada yaşayanların əmlakına göz dikib. “Ağabəy Əsgərov həmin hədiyyə edilmiş torpaq sahəsinin geri alınmasını mümkün olmadığını bilərək, əvəzində dövlət tərəfindən mülkiyyət hüququ əsasında ərazidə məskünlaşmış sakinlərin torpaqlarını uydurma əsaslarla əlindən almaq niyyətindədir” – sakinlər bildirir.

Onlar iddia edirlər ki, Ağabəy Əsgərov hansısa yollarla məhkəmədə iddianın təmininə nail olub.

Sakinlər əmlaklarının əllərindən alınmasına görə, nəşriyyaytın nümayəndəsi Azər Qasımovdan da şikayətçidirlər.

"Azərbaycan" nəşriyyatının mühəndisi Ləbib Ləbibov Bizimyol.info saytına açıqlaçasında deyib ki, bu məsələ hazırda məhkəmə müstəvisindədir: "Məhkəmə hüquqi qiymət verəcək, ona görə də hər hansı münasibət bildirməyə lüzum görmürük".

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »