Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Prezidentin Davosda keçirilən Dünya İqtisadi Forumunda görüşləri xüsusi əhəmiyyət kəsb edir”
Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Mövzu ilə bağlı “Bizim Yol” qəzetinə danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov ilk öncə Davosda keçirilən Dünya İqtisadi Forumunun yaranmasından və əhəmiyyətindən, eləcə də zəruriliyindən söz açıb:

“1971-ci ildə İsveçrəli professor Klaus Şvabi təşəbbüs göstərərək ilk dəfə olaraq bugünkü Ümümdünya İqtisadi Forumunun əsasını qoyan bir tədbirə imza atdı. Həmən ildə onun təşkilatçılığı ilə Avropanın 450-yə qədər aprıcı kompaniyalarının rəhbərlərinin iştirakı ilə keçirilən simfoziumda dünya iqtisadiyyatının perspektivlərini müzakirə edib ümumi strategiya müəyyən etmək məqsədi ortaya qoyulmuşdu. Zaman-zaman bu tədbirin iştirakçılarının və onda müzakirə edilən məsələlərin dairəsi genişlənməyə başladı və gündəmə tək iqtisadi məsələlər deyil, həm də siyasi məsələlər gəlməyə başladı. İlk öncə Menecmentin Avropa forumu kimi fəaliyyət göstərən təşkilat 1987-ci ildə özünün indiki adını – Ümümdünya İqtisadi Forumu adını aldı.

ÜİF-nun baş tədbiri hər il yanvar ayının sonları-fevral ayının əvvəllərində İsveçrənin dağ-xizək kurort şəhəri olan Davosda keçirilir. Yalnız 2002-ci ildə bu tədbir Nyu-York şəhərində keçirilmişdir ki, bu da 2001-ci ildə Nyu-Yorkda baş vermiş terakta görə ABŞ-la həmrəylyin nümayiş etdirilməsi məqsədilə edilmişdi”.

Həmçinin forumun əhəmiyyətindən söz açan Fikrət Yusifov qeyd edib ki, İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum bir çox iş adamlarına, investorlara, dövlətlərə və ölkə başçılarına şərait yaradır ki, onlar öz ölkələrinə investisiya axınına yol açsınlar. Və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də sözügedən forumda iştirakı ölkəmizə investisiya yatırımları və daha çox diqqətin cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir:

“Hər ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum bir növ dünya ölkələrinin və dünyanın iri şirkətlərin rəhbərlərinin məmuniyyətlə bir araya gəldiyi bir tədbirə çevrilib. Bu forumda çoxsaylı tədbirlər, görüşlər, müzakirələr nəticəsində iş adamları, investorlar bir-birləri ilə gələcək səmərəli fəaliyyət yollarını arayıb, ən əlverişli yollar üzərində seçim edə bilmək imkanları əldə edirlər. Bu müstəvi eyni zamanda ölkə və hökumət rəhbərlərinə öz ölkəsinə investisiya axınına yol açmaq üçün bir meydana çevrilir.

Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda məmnuniyyətlə iştirak edir. Çünki Azərbaycanın bu Forumda bütün dünyaya deyə biləcəyi sözü var. Bu söz özündə son illər ərzində ölkəmizdə yaradılmış münbit biznes mühitini əks etdirir. Bu səbəbdən də Prezident İqtisadi Forumda müxtəlif səviyyədən olan görüşləri məmuniyyətlə keçirərək, Azərbaycan naminə öz fəaliyyətini davam etdirir. Bəzən hansısa bir şirkətin rəbərini və hətta onun müavinini qəbul etməklə, Prezident ölkəmizin reallıqlarını hər kəsə çatdırmaq və hər görüşdən Azərbaycan üçün nəsə əldə etmək istəyini reallaşdırır. Azərbaycanda bütün məmurlar prezidentin bu səviyyədəki əzmkarlığından, mübarizliyindən nümunə götürə bilsəydilər, bizim iqtisadiyyatın bütün sahələrində əldə edə biləcəyimiz uğurlar indikindən qat-qat yüksək olardı. Prezident bu nümunələri sərgilədikcə yanlış yol tutan məmurlara dəfələrlə xəbərdarlıq edib. Bu çağrışlara cavab verməyən bir çox məmurun aqibəti göz qabağındadır. Gərək ki, yüksək vəzifələrə yeni təyin olunanlar və hələ ki, etimad göstərilən məmurlar bu baş verənlərdən nəticələr çıxarsınlar. Əks halda onlar da eyni aqibəti yaşamalı olacaqlar. Çünki Prezidentin bu məsələlərdə mövqeyi dəyişməzdir. O, bunu artıq dəfələrlə nümayiş etdirib. Onun “Heç kim toxunulmaz ola bilməz” devizindən sonra cəmiyyətin “toxunulmaz” kimi tanıdıqlarının aqibəti göz qabağındadır”.

Ölkə başçısı İlham Əliyev Davosa səfəri çərçivəsində Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə də görüşüb. Görüş zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirib və dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd edib. Eləcə də Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğulayıb.

Prezident İlham Əliyev isə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək bildirib ki, bu sənəd Azərbaycanın tərəfdaşlıq ruhunu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğunu nümayiş etdirir. Dövlət başçısı əlavə edib ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu vacib layihədə Azərbaycan yaxşı tərəfdaş olacaq.

İlham Əliyevin Forumun prezidenti Borge Brende ilə görüşünün əhəmiyyətindən danışan sabiq maliyə naziri Fikrət Yusifov bildirib ki, bu görüşdə Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyulan bir addım atıldı:

“Prezidentin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə keçirdiyi görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoylan addım atıldı. Azərbaycanla Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Müasir dövrdə Dördüncü Sənaye İnqlabı ilə ayaqlaşmadan, onun nəticələrinin ölkənin iqtisadi müstəvisinə gətirmədən, hər-hansı bir ölkənin iqtisadi tərəqqi əldə etməsi mümkün deyil. Bu artıq reallıqdır. İnkişaf etmiş ölkələrin bu sahədəki uğurları göz qabağındadır. İndi bu yolda onlarla ayaqlaşmağı bacaracaq, inkişaf etməkdə olan hər bir ölkə gələcək iqtisadiyyatının uğurlu təməlini indidən formalaşdırmış olacaq. Azərbaycan Prezdenti bunun fərqindədir. O, bu nailiyyətlərin tezliklə ölkənin iqtisadi sferasında işləməsinin nə demək olduğunu çox yaxşı bilir. Bu səbəbdən də Prezidentin bu məsələdə mövqeyi olduqca ciddidir.

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Prezident ona ünvanlanan sualları cavblandıraraq Azərbaycanda aparılan iqtisadi siyasətin mahiyyətini açmaqla ölkəmizin yaxın və uzaq perspektiv üçün iqtisadi strategiyasının əsas məqamlarını da diqqətə çatdırdı”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edir ki, Davosda keçirilən builki Dünya İqtisadi Forumu əvvəlki illərə nisbətən daha sönük keçib:

“Davosda keçirilən Forum hər zaman dünyanın diqqət mərkəzində olub. Bu forum investorların xüsusi maraq dairəsində olub. Lakin bu il daha sönük şəkildə keçdiyini düşünürəm. Əvvəlki illərdə keçirilənlərlə müqayisədə bu il o qədər də fərqliliyi ilə yadda qalmadı. Hətta ölkə başçısı cənab İlham Əliyev də yalnız bir gün Forumda iştirak etdi və ölkəyə qayıtdı. Ona görə də bugünlərdə baş tutan bu forumu məhsuldar hesab etmirəm”.

Ölkə başçısı İlham Əliyevin forumda qeyd etdiyi məqamlara, eləcə də prezidentin Paşinyanla qeyri-rəsmi görüşünə diqqət çəkən politoloq Nəzakət Məmmədova "Bizim Yol" qəzetinə açıqlamasında bildirib ki, Paşinyan Davosda İlham Əliyevlə görüşməklə əvvəl səsləndirdiyi fikirləri təkzib etməli olub:

“Müasir dünyada qütbləşmənin getdikcə dərinləşdiyi, ABŞ-Çin-Avropa gərginliyinin artdığı bir dövrdə "Bir qurşaq, bir yol" layihəsində iştirak qlobal inteqrasiya və əməkdaşlığa töhfə verilməsi, Çinin Avropa ilə birləşdirilməsi, ölkəmizin Şimal-Cənub, Şərq-Qərb layihəsində iştirak edən tək ölkə olması baxımından əhəmiyyətlidir.

Davos sammitinin siyasi əhəmiyyətinə ən doğru qiyməti prezident İlham Əliyev verib. O, iştirak etdiyi “Bir qurşaq, bir yol” sammitində haqlı olaraq qeyd edib: “Mən tamamilə əminəm ki, ölkələri birləşdirən istənilən nəqliyyat layihəsinin geosiyasi əsası var. Bu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırmaya müsbət təsir göstərir. Çünki bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız, onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə, bu, ölkələr zənciridir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq”.

“Əliyev-Paşinyan görüşü qeyri-rəsmi olsa da əhəmiyyətli hesab oluna bilər. Azərbaycan prezidenti ilə Davosda görüşməklə Paşinyan öz əvvəlki fikirlərini təkzib etmiş oldu. Qarabağın erməni icmasının danışıqlarda tərəf kimi olması ideyasını irəli sürən baş nazir bu görüşə qatılmaqla səhv addım atdığını etiraf etmiş oldu.

Həm Qarabağ məsələsinin müzakirəsi, həm iqtisadi layihələrin mühüm aspektlərinin müzakirəsi, həm də ümumilikdə qloballaşma və sənaye inqilabının ölkəmiz üçün əhəmiyyətli tərəflərinin müzakirəsi baxımdan 2019-cu ilin Davos forumu mühüm tədbirlərdən sayıla bilər.

“Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması" mövzusundakı tədbir Azərbaycan kimi qloballaşan dünyada öz layiqli yerini tutmağa çalışan ölkə üçün əhəmiyyətli beynəlxalq tədbirlərdəndir və dövlət başçısının xüsusi diqqət mərkəzində olması da bunu bir daha sübut etdi”.

“Bizim Yol”

Son xəbərlər
Bütün xəbərlər »