Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənim düşüncələrim

Görünür, Platon burda da haqlıymış: “Dövlət də insanlar kimidir, çünki onlar da insanların xarakterindən yaranır”. Təbii, Sokrat kimi birindən öyrəndiklərini Aristotel kimi birinə öyrətmiş qədim yunan filosofunun bu fikrinə inanmaqdan başqa yol yoxdur; bu, bir gerçəkdir.

Hər bir insan öz həyatı boyu milyonlarla deyil, bəlkə də on milyonlarla, yüz milyonlarla qərar verir. Sadəcə, bir gününüzü götürün: yuxudan oyandıqdan sonra atdığınız hər addım, gördüyünüz hər bir iş çox sayda qərarların yerinə yetirilmiş formasıdır. Bu qərarların doğru verilməsi təkcə məntiqdən asılı deyil, həm də hissiyyata bağlıdır. Bəlkə də Napoleon Bonapart bu üzdən: “Siyasətin ürəyi başındadır” deyib. Dövlətin də insana bənzədiyi fikirini doğru saydığımıza görə, bu gerçəyi də qəbul etməliyik: hər hansı bir qərarı verən insan necə ağlının diktəsi ilə yanaşı ürəyinin səsinə də qulaq asırsa (və yalnız bu halda doğru qərar verirsə), dövlət də qərar verəndə belə etmək durumundadır. Əksini düşünən varsa, o zaman desin: nədən cinayət qanununda ağırlaşdırıcı hallarla yanaşı yüngülləşdirici hallar da var? Nədən hakim qərar verərkən, müttəhimin öhdəsində azyaşlı uşağının və ya yaşlı, xəstə anasının olduğunu nəzərə alır? Yaxud nədən qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsi yoxdur? Nədən insan törətdiyi cinayətə görə yalnız bir dəfə cəza ala bilər? Nədən amnistiya var? Nədən əfv var? Və sair.

Bəli, misalları cinayət və cəzadan çəkdiyimə görə, söhbəti hara çəkdiyimi doğru anladınız. Bütün bunların anlamı odur ki, dövlət hər nə qədər zorakılıq maşını kimi qavranılsa da (ki, burda gerçək də var), bu, onun bir üzüdür. Dövlət öz varlığını və məsuliyyətini daşıdığı insan toplumunu qorumaq üçün hər nə qədər məcburetmə metodlarına əl atmalı olsa belə, onun maraqlandırmaq və inandırmaq kimi öhdəlikləri də var. Bizə anlatmalı olduqları şeyləri anlatdığı kimi, bizi anlaması da lazımdır.

Türkiyəli qardaşlarımızın gözəl bir sözü var: bizim üç atamız var – öz atamız, dövlət atamız, Allah atamız. Deyim var ki, atası insanı döyər də, sevər də. O anlamda dövlət də gərək bizi təkcə döyməsin, həm də sevsin gərək. Və dövlət, hətta cinayət törətmiş olan və ya cinayət törətdiyini düşündüyü məhkumu da sevmək öhdəliyini daşıyır. Dövlət günahkarı cəzalandırmaq yetkisi daşıdığı kimi, onu bağışlamaq, ən başlıcası isə, günahsıza haqsız yerə cəza kəsməmək öhdəliyini də daşıyır. Bəli, “dövlət insanlardan oluşur” deyə yazmışdım; insanlar yanlışlıq edərlər. Kimsə haqsız yerə cəza almış ola bilər (və olur da). Ancaq yanlışı düzəltməmək özü ən böyük yanlışdır. Bunları düçündükcə, gənc məhkum bloqçu (ki, haqqında yalanla doğru bir-birinə qarışıb, ətrafında irili-xırdalı çox hesablar dönür) haqsız yerə yenidən cəza ala bilər, onun bağışlanması dövləti sarsıtmaz, daha da güclü edər. Və bu gənc dövlətin başçısına məktub yazıb. Bu məktubun da böyür-başında çox hesablar dönür; kimisi deyir, peşman olub, aman diləyib, kimisi deyir, yox, haqqını istəyib, kimi deyir, əvvəldən qurulmuş oyunmuş, kimi deyir, yazmaq zorunda qalıb və sair və ilaxır.

Ya zəlzələdən, ya vəlvələdən – bu məktub yazılıb. Və yaxşı ki, yazılıb. Çünki son həftələrin gündəmini başına almış gedən bu olaylardan – aclıq, yarımaclıq gedişlərindən hər kəs sonunda istədiyi sonuca vara bildi. Açığını demək lazımdırsa, oyunun bu partiyası (ö cümlədən, siyasi partiyaları) öz hədəflərinə yetişdi. Bəlkə də bir az qəliz oldu deyə çoxunuzda sual yarandı. Ölkədə, ölkənin ətrafında qurulan bu ajiotajda hər kəsin bir hesabı vardı. Etiraz etməyə tələsməyin. Bu olayları başladanların da, onu gündən-günə gərginləşdirib qəlizləşdirənlərin də, sonlandırıb sonuclandıranların da. Ayrıntılara çox da varmayacam. Yalnız bunu deyəcəm: ölkə olaraq yol ayrıcındayıq. Və ya bizim durumumuzu yolayrıcındaymışıq kimi yorumlayanlar var. Çox mühüm qərarlar ərəfəsindəyik. Verəcəyimiz qərarların dövlətimizin bu gününə və gələcəyinə çox etkisi olacaq. Bizi bir seçimə doğru yönəltmək istəyən güclər var. İçimizdə, çölümüzdə. Hansısa güclər bizi Şərqdən qoparıb Qərbə çəkir, hansılarsa əksinə. Bu haqda heç düşündünüzmü? Niyə Avropa qurumlarının toplantıları ərəfəsində bu olaylar oldu deyə. Bəlkə Avroatlantikadan əsasən və ya mümkün olsa, tamam-kamal qoparılmağımız bizi Avrasiya materikində hazır gözləyən Moskva adlı “alternativ”ə daha asan həzm etdirəcək?! Bəlkə əksinə - bu gənc məhkum üzərindən oynanılan böyük ssenari Vaşinqtonun, Brüsselin və sair Qərb paytaxtlarının ölkəmizdəki “siyasi infrastrukturu”nu canlandırıb növbədənkənar keçirilməsi ehtimal olunan seçkilərə - inqilab həvəsinə kökləməyi hədəfləmişdi (etiraz hərəkatına kimlərin, hansı qüvvələrin öncüllük etmək rəqabəti də göz önündəydi). Doğrusunu deməliyik ki, bu hədəfi qoyanlar ona müəyyən mənada yetişdilər də. Bu dəfə bir-biri ilə, çox yumşaq desək, siyasi rəqabət aparan müxalif güclər meydanda birlikdəydilər və mitinqə yığışanların sayı paytaxt polisinin iddia etdiyindən qat-qat çox və insanlar əvvəlkindən daha coşqulu idilər. Buna Avroparlamentin artıq sayını da itirdiyimiz, indiyədək yerinə yetirilməmiş qalan, Azərbaycan dövlətinin ən yüksək səviyyəsində belə “adi kağız parçası” adlandırılan növbəti qətnamələrindən birinin qəbul edilməsinin növbəti ekstazı kimi də baxmaq olardı. Prezidentin fərmanları ilə bəzi dövlət təsisatlarının ləğv edilməsini hakimiyyətiçi qarşıdurma kimi görənlərin eyforiyası da qabarmış ola bilərdi. Yaxud mümkündür ki, daha dərin, köklü struktur və kadr dəyişikliklərinin başlanacağına inanaraq zərbə alacağını düşünən, bu üzdən trivial protestini müxalifətin ifasında dilləndirən “taktiki-ticari müxalif”liyin də az-çox dəstəyi vardı. Bu, əslində təbii prosesdir; istənilən dəyişikliklər – az və ya çox, kiçik və ya böyük miqyasda olmasında asılı olaraq, yeni narazılar zümrəsinin yaranmasına səbəb olur. Bütün bunların arasında şəxsən mənim müşahidə etdiyim budur: bir tərəfin ifrat eyforiyayası ilə o biri tərəfin panikası qarşı-qarşıya gəldi. Bu arada onu deyim ki, həmin Şəhidlər Xiyabanında artıq ikinci dəfədir yaşanan qarşıdurmanın nə yeri, nə də vaxtı idi. Polisin zorakı müdaxiləsini və həbsləri də nəzərdə tuturam, hüznlü gündə saxlanılan gülərüzlü müxalif qrupun polis avtobusunda sanki bayram gəzintisindəymişlər kimi “viva” işarəsi selfi çəkdirməsini də. Pols də, ziyarətçilər də hansı gün və harda olduqlarını unutmuşdular sanki. Ən azı şəhidlərin xatirinə bu qarşıdurmadan qaçmaq olardı; tərəflərdən hər-hansı biri o birinə güzəşt etsəydi, dünya dağılmazdı. Siyasi münaqişə matəm mərasiminə daşınmamış olardı. Tutaq ki, müxalifətin iddia etdiyi kimi, polis bunu qəsdən edib. O zaman bu olaylar vaxtına və yerinə görə ictimai rəydə müxalifətin lehinə işləmiş oldu, hakimiyyətin deyil. Bütün bunlar, əlbəttə ki, müəyyən baxımdan (təbii ki, xoş olmayan) detallardır. Ancaq cəmiyyətdə neqativ əhval yaradır; başlıca mənfi nəticəsi budur.

Yazının əsas mövzusuna da elə burdan qayıdırıq; gənc məhkum üzərindən oynanılması düşünülən oyunlar olubsa və ya varsa (ki, məncə də var), burda da əsas hədəf cəmiyyətin “siyasi qaraqızdırması”nı yüksəltmək, qütbləşməni uçurum ölçülərinə qədər dərinləşdirmək, ictimai konsensus imkanlarını, hətta ehtimalını belə ortadan götürmək, dövlətin siyasi kataklizmlərə dayanıqlılığını sarsıtmaq, sosial immun sistemimizi zədələməkdir. Əvvəl də yazdığım kimi, siyasi mübarizədir; tərəflərin bir-birini yenmək həvəsini və çabalarını anlamaq olar. Ancaq bu mübarizə zamanı ölkəyə qarşı oynamış olmaq ehtimalını da gözardı etməmək lazımdır. Öz siyasi maraqların üçün mübarizə ölkəyə görə məsuliyyətdən səni azad etmir. Bir-birmizi dinləyərək, anlayaraq, sevərək, qoruyaraq... mübarizə aparmağı istisna etmir. Bu, hakimiyyətə də, müxalifətə də, mediaya da, ayrı-ayrı vətəndaşlara da – hər kəsə aiddir. Bunlar mənim düşüncələrimdir. Razılaşmayanlarla mübahisəyə də hazıram.

P.S: Bu yazı hazırlanarkən məlum oldu ki, ölkə Prezidenti İlham Əliyev Mehman Hüseynovun müraciətinə reaksiya verib, onun barəsində qaldırılmış cinayət işinin obyektiv araşdırılması müvafiq qurumlara tapşırılıb.

Bahəddin Həziyev

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »