Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çöpçü dediyimiz “mütəxəssis” hüquqi statusu olan şəxs deyil” - Açıqlama
Uşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərman təsir etmirsə, bu halda Azərbaycan vətəndaşının bəzən çöpçüyə üz tutmaqdan savayı başqa yolu qalmır. Özünü çöpçü adlandıran bu peşə sahibləri uşağın tənəffüs yolunda ilişib qalan kənar cisimləri sadə yolla, buruna üfürməklə xaric edirlər. Valideynlər belə prosedurdan sonra qızdırmanın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını bildirirlər.

Texnologiya dövründə yaşayan insanın həkimin yox, çöpçünün yanına getməsi, əslində, təəccüb doğurur. Mütəxəssislər məsələ ilə bağlı fikir bildiriblər.

Bu barədə Bizimyol.info-ya danışan psixoloq Taryel Faziloğlu problemin kökündə 3 əsas meyarın olduğunu deyib: “Birinci meyar mental psixologiyaya bağlıdır. Adət-ənənədə olan inancların özünüqoruma instinkti var. Çöpçü yanına getmək pirə, ocağa, daşa inanmaq bir şey kimidir.

İkincisi kütlə psixologiyasına söykənən sosial meyardır. İnsanlar bir-birinə təsir edərək prosesi aparırlar. Baba-nənə inanır buna, öz övladı, nəvələri üçün belə düşüncəni ön görür, çöpçüyə getməyi lazımlı bilir, hətta oğul-qıza belə davranışı təzyiq vasitəsilə yeridirlər. İnanc bu yolla yaşayır.

Üçüncü meyar iki qaynaqlı psixoloji forma ilə əlaqəlidir. Yəni Azərbaycanda insanların tıbb sahəsinə olan güvənsizliyindən qaynaqlanır: insanlar türkəçarəyə daha çox meyllənirlər. Daha sonra bizim insan sağlamlıq məsələsinə elə də diqqət yetirmir. Nə qədər şəxs hər 6 aydan bir ümumi tibbi yoxlamadan keçir? Azərbaycanda belələrinin sayı 1 faiz varmı, yoxmu, böyük sual doğurur. Bu amillər çöpçülərin məşhur olması, varlanmasını yol açır. İnsanın çöpçüyə üz tutmasında qeyri- adi heç nə yoxdur.

Bunun qarşısını almaq olarmı? İlk növbədə ölkədə çöpçülük və oxşar hallarla bağlı geniş, kütləvi, profilaktik informasiya tədbirləri aparılmalı, cəmiyyət məlumatlandırılmalı, psixoloji baryerləri aşmaq üçün ciddi psixoloji maarifləndirmə işləri görülməlidir. Eyni problem elə falçılarla bağlı yaşanır, onlara efirə yol açılır, bir müddət sonra heç bir təhsili olmayan birisi özünü psixoloq adlandırır. Bu tip məsələlərin həlli üçün qanunvericilikdə də dəyişikliyə ehtiyac var. Qanunda boşluq çoxdur”.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov problemin həllinin elə də asan olmadığını bildirib: “Çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz həkiminə müraciət edir. Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən bu mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır.

Yad cismi yalnız bu halda görmək mümkündür. Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cisimləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də üstünlük qalmayıb”.

LOR həkim Azərbaycanda bəzi tibb işçilərinin belə öz uşaqlarını çöpçü yanına aparmağına neqativ yanaşdığını qeyd edib: “Çöpçü dediyimiz “mütəxəssis” hər hansı bir tibbi prosedurun aparılmasına hüquqi statusu olan şəxs deyil. Orqanizmə müdaxilə edərək yad cismin xaric edilməsi onun səlahiyyəti çərçivəsindən kənardır. Baş verə biləcək hansısa xoşagəlməz durumda çöpçünün cavabdehliyi məsələsi gündəmə gəlir.

Məsələn, çöpçü yad cismi üfləməklə və ya barmağı ilə xaric etməyə çalışdığı zaman o, alt tənəffüs yollarına, daha dəqiq desək, səs yarığı səviyyəsinə, traxeya və ya bronxlara düşə bilər. Bu halda xüsusi cərrahi komanda və avadanlıq olmadan yad cismin çıxarılması nəinki çətinləşər, hətta asfiksiya nəticəsində uşaq tələf ola bilər. Bu nəzərdən hər hansı bir kənddə, ya evdə belə proseduran aparılması düzgün deyil. Çox risklidir, əslində.

Yad cismin ölçüsü, materialı və ilişib qaldığı tənəffüs yolunun səviyyəsindən asılı olaraq bu müdaxilə poliklinikada da icra oluna bilər. Məsələn, damaq badamcığına saplanmış yad bir cismi poliklinikada, ambulator şəraitdə kənarlaşdırmaq olar. Amma qırtlaqda, alt tənəffüs yollarında və yaxud burun-udlaq səviyyəsində qalan yad cismin xaric edilməsi üçün xüsusi tibbi avadanlığa ehtiyac var”.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »