Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Belə hallar dilənçiliyə meyli artırır" - Sosioloq problemin həlli yollarından danışdı
Son zamanlar, küçədə, yollarda əlində həkim resepti ilə pul istəyən insanlara rast gəlirik. Sosial şəbəkələrdə də tez-tez müzakirə edilir ki, bu, insanların yeni dilənçilik metodu, bir növ fırıldaqdır. Çünki bəzi hallarda həmin şəxslər, əlindəki kağıza baxmaq, dərmanları almaq təkliflərinə etiraz edirlər, “resept”i gizlətməyə çalışırlar.

Bəs son zamanlar dilənçiliyin yeni metodlarının düşünülməsinin, bu mənfi tendensiyanın artmasının səbəbi nədir?

Sosioloq Əhməd Qəşəmoğlu bu barədə Modern.az-a açıqlamasında bildirib ki, həqiqətən də, belə kateqoriyada insanlar – fırıldaqçılar formalaşıb. Ə. Qəşəmoğlu bir neçə dəfə belə hallarla qarşılaşdığını da qeyd edib:

“Uzun müddətdir, insanların müxtəlif dilənçilik üsulları axtarıb tapması ilə bağlı fikirlər səslənir. Bu cür mənfi tendensiyanı aradan qaldırmaq üçün əvvəla çalışmalıyıq ki, əhalidə ehtiyac yaranmasın. Doğrudan da əhalinin bir qisminin ehtiyacı çoxalıb. Bir qismin isə fırıldaqçılığı artıb. Əhali arasında neqativ istiqamətdə davranışlar formalaşmaqdadır. Təxminən 10 il əvvəl bir model təklif etmişdim. Düşünürəm ki, belə əməllərə əl atan insanlar olanda, əvvəl onların kim olduğunu aydınlaşdırmalıyıq. Bunun yolu isə ilk öncə həmin şəxsin səhhətində problem olub-olmadığını aydınlaşdırmaqdan keçir. Belə olan halda onun fırıldaqçı olub-olmadığı üzə çıxar. Polis də bu məsələ ilə məşğul ola bilər. İnsanlar belə şəxslərlə qaşılaşanda polisə müraciət etməlidirlər. Şikayət, həmin şəxsi qorxutmaq məqsədilə deyil, polisin ona yardım etməsi üçün addım atmaq olar”.

Əhməd Qəşəmoğlunun fikrincə, həmin şəxsin dərmana, pula böyük ehtiyacı varsa, mütləq ona kömək etmək lazımdır:

“Bunu müəyyən etmək üçünsə operativ addım atmalıyıq. Sosial Müdafiə Fondundan aztəminatlı ailələrə ayrılan vəsaitlərdən istifadə etməklə həmin insanlara kömək edilə bilər. Hər il nazirlikdən aztəminatlı ailələrə böyük məbləğdə pul ayrılır. Təəssüf ki, onların əksəriyyəti məmurlar tərəfindən mənimsənilir. Halbuki, bu sahədə nəzarəti gücləndirmək, həmin pullardan dərmana ehtiyacı olanlara ayırmaq lazımdır. Belə təyinatlı məntəqələr polis şöbələrində, başqa müəssisələrdə yerləşdirilə bilər.

Ehtiyacı olmadığı halda dilənçilik edən, bu yolla insanların pulunu mənimsəyən şəxsi isə məsuliyyətə cəlb etmək vacibdir. Əvvəla, şəhərdə belə mənzərənin artması, bu cür təsəvvürün formalaşması mənfi haldır. Bu, bir çoxlarında dilənçiliyə meyli də artırır. Ona görə, belə məqamları başlı-başına buraxmaq olmaz. Tədbir görülməsi, dilmənçilik kimi halların nəzarət altına alınması mütləqdir”.

Son xəbərlər
Bütün xəbərlər »