Cümə , 15 Fevral, 2019
Baş səhifə / Sosial-İqtisadi / SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

47 Views

SOCAR

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.

Bu barədə “Report”un SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğusuna cavabda qeyd edilib.

“Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq neft-qaz şirkətinə çevrilməklə bağlı SOCAR-ın qarşısına qoyduğu vəzifəyə uyğun olaraq, SOCAR 2007-ci ildən etibarən bu istiqamətdə mühüm addımlar atıb, qabaqcıl təcrübəyə malik dünyanın aparıcı audit məsləhətçi şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda bir çox əsas hədəflərə nail olunub, SOCAR hazırda effektli transmilli şirkət kimi fəaliyyət göstərir, Azərbaycan üçün gəlirlərin böyük hissəsini beynəlxalq bazarlarda əldə edərək, ölkəmizin qlobal brendinə çevrilib. Bu məqsədə nail olmaq üçün aparılan islahatlar hələ 2008-ci ildə başlayıb. SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi üzrə rəqəmsal SAP ERP sistemi və Hesabatlarının Beynəlxalq Standartlarının (BMHS) tətbiqinə başlanıb, korporativ idarəetmənin əsas elementləri tətbiq edilib və SOCAR-ın idarəetmə strukturu buna uyğun olaraq təkmilləşdirilib. Belə ki, SOCAR-ın idarəetmə strukturuna beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsinə uyğun olaraq müvafiq müstəqil, kolleqial idarəetmə qurumları (Risklərin idarə edilməsi komitəsi, Audit komitəsi, Satınalmalar komitəsi, Kadrların idarə edilməsi komitəsi, İnformasiya Təhlükəsizliyi və s.) yaradılıb”, – şirkətdən qeyd edilib.

Bildirilib ki, SOCAR-da davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.

Şirkətdən xatırladılıb ki, 2012-ci ildən başlayaraq tanınmış beynəlxalq “Ernst&Young” (EY) audit şirkəti ilə birgə SOCAR-ın əsas istehsalat müəssisələrində əməliyyatların səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində layihələrə başlanıb, SOCAR strukturuna daxil olan bir çox qurumlarda üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçid tətbiq olunub və xərclərin azaldılması istiqamətində digər tədbirlər görülüb: “Bu layihələrin əsas məqsədi müəssisələrdə problemli biznes prosesləri müəyyən edərək, istehsalat, texnologiya, personal, təchizat, nəqliyyat, podrat işləri və s. istiqamətlər üzrə aparılan əməliyyatların səmərəsini artırmaq, xərclərin azaldılmasına nail olmaqdan ibarətdir. Nəticədə illik iqtisadi səmərənin artımı 128,7 mln. manatdan çox olub, şirkət üzrə işçilərin fəaliyyəti 27% optimallaşdırılıb. 2016-cı ildən başlayaraq, istehsalatın vaxtında və fasiləsiz mal-material resurslarına olan tələbatını təmin etmək, dövriyyə kapitalından səmərəli istifadə etmək, anbar qalıqlarının optimal səviyyəsinn müəyyən etmək məqsədi ilə SOCAR EY şirkəti ilə birgə mal-material ehtiyatlarının normalaşdırılması layihəsinə başlayıb. 2015-ci ildən etibarən SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi” icra olunur. Bu layihə çərçivəsində işçi sayının planlaşdırılması, işə qəbul və adoptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası və s. üzrə qabaqcıl beynəlxalq təcrübələr SAP ERP sisteminin vasitəsilə tətbiq edilir. 2018-ci ildən etibarən beynəlxalq neft və qaz şirkətləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, həmin şirkətlər tərəfindən ortaq razılaşdırılan istehsalat standartlarına uyğunlaşmaq və həmin standartların yaradılmasında iştirak etmək məqsədi ilə SOCAR Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasına (IOGP) üzv olub, həmin beynəlxalq qurumda aktiv fəaliyyətə başlayıb. SOCAR-ın daha da effektli qlobal şirkətə çevrilməsi istiqamətində həyata keçirilən islahatlar tanınmış reytinq şirkətləri tərəfindən mütəmadi olaraq yoxlanılır. Nəticədə, “Ernst&Young” şirkəti 2018-ci ildə SOCAR-ın korporativ idarəetmə sistemini “güclü şirkət” kimi qiymətləndirib”.