Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hamının anası, bacısı var" iradına görə qətl və 17 il həbs cəzası
Aralarında yaranmş mübahisədən sonra tanışını öldürməkdə ittiham edilən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

“Onun Nicatı öldürmək niyyəti olmayıb”

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin mərhumu öldürmək niyyəti olmayıb. Müdafiəçi söyləyib ki, Emil Heydərova qarşı irəli sürülmüş ittiham əsassızdır:

"Əvvəlcə mərhumun ailə üzvlərinə baş sağlığı verirəm. Çox təəssüf edirəm ki, belə bir hadisə baş verib. Heç kim bir gəncin dünyasını dəyişməsini, bir gəncin də həbsə düşməsini istəməzdi. Bildirim ki, bu iş üzrə müvəkkilimə qarşı irəli sürülən ittihamlar absurddur. Çünki Emil mərhum Nicat Həziyevin öldürmək üçün evdən çıxmayıb. İttihamda da göstərilir ki, Emil evdən məhz Nicatgil çağırıb. Belə ki, mərhum Nicatın qardaşı Emilgilin evinin qarşısında bir qızla dayanıb. Emil də ondan orada dayanmamasını istəyib. Tərəflər normal şəkildə danışıblar. Bundan sonra da Nicatın qardaşı Əlilə üzrxahlıq edərək oradan ayrılıb. Amma bu söhbətdən xəbər tutan Nicat məsələni yenidən müzakirə etmək üçün Emilin yaşadığı evə gəlib və onunla söhbət etmək istəyib. Bundan sonra da tərəflər arasında mübahisə yaranıb. Emil də bıçaqla mərhumu bir dəfə vurub. Onun Nicatı öldürmək niyyəti olmayıb. Hadisədən sonra xəstəxanaya çatdırıblar. Həkimlərin vaxtında və düzgün müdaxilə etməməsi səbəbindən Nicat dünyasını dəyişib. Qeyd etdiklərimi nəzərə alaraq Emil Heydərovun əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini istəyirik".

Vəkil əlavə edib ki, bu hadisə qarşı tərəfindən xuliqanlıq hərəkətlərinin nəticəsində baş verib: "Bildirim ki, mərhumun özü də başqa bir cinayət əməlinə görə məhkumluq yaşayıb. Həmçinin bu işdə adı keçən Kənan Məmmədov adlı şəxs barəsində də başqa işlə bağlı cinayət işi açılıb. Bu dediklərimlə digər şəxsləri ləkələmək niyyətimiz yoxdur. Sadəcə işin hallarına nəzər salmaq lazımdır".

Müdafiəçi çıxışının sonunda onu da deyib ki, Emil Heydərov ruhi əsəb xəstəsidir və buna görə də müalicə alıb. Vəkil Emil Heydərovun yaxın qohumlarının da eyni xəstəlikdən əziyyət çəkdiyini deyib.

Mərhumun anası: “Düşmənçilik o zaman bitə bilər ki, Emili öldürüm”

Vəkil bir daha mərhumun yaxınlarına başsağlığı verib və tərəflər arasında düşmənçilik olmamasını istədiyini deyib.

Bu zaman məhkəmədə gərginlik yaşanıb. Mərhumun anası əsəbləşərək deyib ki, düşmənçilik o zaman bitə bilər ki, o da Emil Heydərovu öldürsün.

Məhkəmə Emil Heydərova da son söz verib. Heydərov son sözündə əməlindən peşman olduğunu və əməlinin Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməsini və yüngül cəza təyin edilməsini xahiş edib.

17 il azadlıqdan məhrumetmə cəzası

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə Emil Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən prosesdə prokuror E.Heydərovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Qətldə şübhəli bilinən əvvəllər məhkum olunmuş Emil Heydərov saxlanılıb.

Məlumata görə, 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6 yaş böyük Nicatı mübahisə zəminində öldürüb.

O deyib ki, Nicatın qardaşının bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicatın qardaşı məhəllədə, evlərinin qarşısında qızla öpüşüb. Bunu görən Emil həmin şəxsə "hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil" kimi irad bildirib.

Bundan sonra söhbətdən Nicat zəbər tutub və Emillə söhbətə gəlib.

Söhbətdə onların mübahisəsi kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb.

Emil Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »