Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük orqanlarında aparılan islahatlar: Müasir tələblər və çağırışlar

Rus romantikasının dahisi Aleksandr Blok fin səhhədindəki gömrükxananı inanılmaz dərəcədə gözəl vəsf edib.

Bizdə hələ 9-cu yüzildən üzübəri gömrük olsa da (əcnəbilərlə ticarətimizin tarixi qədim olsa da) Blokun sağlığında Azərbaycan Blokun təbəəsi olduğu Rusiyanın bir əyaləti idi; bizdə də gömrük bu imperiyanın cənub sərhədinin parçasını qoruyurdu. Bəs gömrüyün romantikası nədə “gizlənib?”

Hər kəs ölkəsini sevir; buna şübhə edən yoxdur. Zira, Abbas Səhhət demiş “Vətəni sevməyən insan olmaz”. Ancaq “olsa da, o kəsdə vicdan olmaz” da deyib. Bax, o vicdan “defiasit”indən “əziyyət çəkən” kəslər – istər özümüzünkü olsun, istər özgəsi, – iqtisadiyyatımızın sərhədlərini pozmağa qalxarlar və qarşılarlnda dövlətin vicdanını – gömrük məmurunu görərlər. Bax, bu üzdən, gömrük orqanlarında işləyənlərdə üç məziyyət öndə gələcək: peşəkarlıq, vicdanlılıq, vətənpərvərlik. Bəli, bu məziyyətlədən xali olanların indi sistemdən təmizlənməsi prosesi gedir. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leynenantı Səfər Mehdiyevin bu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında verdiyi məlumat da budur: 117 yarıtmaz və yaramaz işçi işdən qovulub. 17 nəfərin işi prokurorluğa göndərilib – cinayət işləri var.

Görülən işlərə baxaq. DGK sədri ölkə Prezidenti qarşısında verdiyi hesabatında deyib ki, 2018-ci ildə Azərbaycanın dövlət sərhədini (demək həm də iqtisadi sərhədini) 15 milyon 500 min fiziki şəxs keçib. Bu da 2017-ci ildəkindən 2 milyon nəfər çoxdur. Başqa sözlə, ölkənin gömrük xidməti, eləcə də, sərhəd xidməti bu il eyni imkanlarla ötənilkindən daha çox fiziki şəxsə xidmət göstərib. Əlbəttə, ən yaxşı təhlil metodlarlndan biri faktların tutuşdurulması (müqayisə) metodudur. Ona görə də gömrük xidmətinin ən azı son bir ildə hansı uğura imza atdığını tam bilmək üçün müqayisələrimizi davam etdirək. Əgər gömrük orqanlarımızın xətti ilə dövlətimizin büdcəsinə 2017-ci ildə 2 milyard 608,8 milyon manat vəsait daxil edilmişdirsə, 2018-ci ildə bu rəqəm 3 milyard 434 milyon manat olub. Yəni bir il ərzində gömrük orqanları əvvəlki illə müqayisədə 1 milyard 4 milyon manat daha çox vəsaiti büdcəyə təmin edib. Hələ 2018-ci ili 2013-cü illə - beş il əvvəlki göstəricilərlə qarşılaşdırdıqda fərq daha böyükdür – 2 milyard 50 milyon 975 min manat. Əgər 2013-2017-ci illər ərzində - 5 ilə gömrük orqanları xəttilə büdcəyə daxilolmalarda cəmi 1 milyard 46 milyon 975 min artım vardısa, təkcə ötən il artım 1 milyard 4 milyondur. Başqa sözlə, bir ilin göstəricisi, demək olar, beş ilin nəticəsinə bərabər olub. DGK sədri Səfər Mehdiyevin çıxışlarında dediyi kimi, bu uğur şəffaflığın artırılması hesabına əldə edilib. Eduardo Servusa görə, “pulların səpildiyi yerdə təmizliyi qorumaq çox çətindir”. Gömrük xidməti bu çətin işin öhdəsindən gəlmək, üzərinə düşənin ən yaxşısını etmək üçün çalışır. Əlbəttə ki, “pulların səpildiyi yerdə təmizliyi qorumaq” təkcə gömrük xidmətindən asılı məsələ deyil; bu xidmətin məsuliyyət dairəsinə düşən milyonlarla insan da gərək qanunlara vicdanla yanaşsın, əyri yollardan əl çəksin. Məşhur alman filosofu-irrasionalist Artur Şopenhauerin maraqlı metaforası var: “Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan”. Bu, təhrif olunmuş insan psixikasının dəqiq analizidir; rüşvəti və korrupsiyanı yüzdəyüz aradan qaldırmaq mümkün olmasa da, minimuma endirmək olar. Bunun üçün gömrük xidməti bir yandan inzibati tədbirlər görürsə (DGK sədrinin verdiyi məlumata görə, ötən il ərzində 747 cinayət xarakterli, 9672 hüquqpozma halları aşkarlanıb, gömrük qanunvericiliyinin pozulması, qaçaqmalşılıq hallarına qarşı tədbirlər görülüb – gömrük xidmətimizin ən yaxın tarixində təyyarə ilə edilən 200 milyon manatlıq brilyant qaçaqmalçılığının qarşısının alınması da var, çox böyük həcmdə narkotiklərin tutulması da), o biri yandan isə, sahibkarlar, vətəndaşlar arasında maarifləndirmə aparılır. Şübhəsiz, DGK-nın ekektron xidmətlərə və rəqəmsal layihələrə, qabaqcıl, sınanmış innovasiyalara üstünlük verməklə, məmur-vətəndaş təmaslarını mümkün olduğu qədər bir tərəfdən azaltmağa, o biri tərəfdən şəffaflaşdırmağa çalışması qazanılan uğurun açarıdır. Eyni zamanda məsuliyyətin bir hissəsinin fiziki və hüquqi şəxslərin özlərinin də üzərinə qoymaqla xidmət keyfiyyətini yüksıltmək mümkün olub. “Yaşıl dəhliz” layihəsinin fəlsəfəsi budur.

Gömrük xidməti həm də iqtisadi inkişaf üçün bir alətdir; daxili bazarın qorunmasına məsuldir, eləcə də, bazarda tələb-təklif münasibətlərinin, hətta tənzimlənməsində iştirak edir. Komitə sədrinin verdiyi məlumata görə, gömrük xidməti yerli sahibkarlardan ona bazarda sərfəli olan qiymətləri öyrənir (misal üçün, “Baku Steel Company” göstərilmişdi), sonra həmin yerli müəssisələrin istehsal etdiyi mal və ya məhsulun analoqunun idxal qiymətləri ilə tutuşdurur. Əgər xaricdən eyni keyfiyyət göstəriciləri olan həmin mal və ya məhsul daha ucuz gəlirsə, o zaman müvafiq gömrük rüsumlarını artırmaqla yerli istehsala stimul vermiş olur, milli sahibkar qorunmuş olur. Bu, özünü təkcə istehsalatda deyil, həm də ticarətdə göstərir. Elektron ticarəti limitləşdirmək və tənzimləmək yolu ilə sahibkarların zərər çəkməsinin qarşısını alır. DGK-dən verilən məlumata görə, bir ildə ölkəyə vətəndaşlar tərəfindən 30 min telefon gətirilib. Bu da telefon idxalı ilə məşğul olan sahibkarların narazılığına səbəb olub. Bu problemin həlli üçün addımlar atıb, nəticəsi də var.

Bəllidir ki, müasir gömrük sisteminin əsasını ümummilli lider Heydər Əliyev qoyub. İndiki mərhələdə isə bu model daha da təkmilləşdirilir. Gömrük xidməti sahəsində aparılan islahatları dövlətimiz və cəmiyyətimiz də diqqətlə izləyir və qazanılan nəticələrə öz qiymətini verir. Ən yüksək qiyməti, təbii ki, dövlətin ən yüksək səviyyəsi – ölkə Prezidenti cənab İlham Əliyev bu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı verdi: “...gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik”.

Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov deyir ki, vergi və gömrük sahələrində çox çevik, düşünümüş addımlar atılır: “İdxal-ixrac əməliyyatları sadələşdirilmiş, elektronlaşdırılmış, gömrük-biznes, gömrük-vətəndaş təmasları minimuma endirilmiş, zəruri olan təmaslar da sağlam əsaslara keçirilmişdir. Bəli, 2018-ci ildə gömrükdən yığımlar 2017-ci illə müqayisədə 1 milyard 4 milyon manat çoxalıb. Bu, kiçik rəqəm deyil və gömrük sahəsində həyata keçirilən islahatların məntiqi nəticəsidir. Gömrük Komitəsinin yeni rəhbəri xidmət əməkdaşları qarşısında yeni tələblər qoyub. Təbii ki, yeni tələblərə uyğunlaşmayan əməkdaşlar cəzalandırılır, xidmətdən kənarlaşdırılır. Artıq gömrük xidmətinin sıraları gənc və daha bacarıqlı kadrlarla təmin olunur. İdxal-ixrac əməliyyatlarında elektron vasitələrdən istifadə olunur. “Yaşıl dəhliz” yaradılmışdır. İdxal-ixrac əməliyyatları aparan sahibkarlar gömrük zonasına daxil olmadan əməliyyatları bəyan etmək imkanı əldə etmişlər. İxracın təşviqi proqramları icra olunur. Bütün bunlar gömrük sahəsində xidmətin fəaliyyətini şəfalaşdırır. Rüşvəti və korrupsiyanı tamamilə aradan qaldırmış ölkə dünyada yoxdur. Hər bir ölkədə müəyyən qədər korrupsiya da var, kölgə iqtisadiyyatı da. Amma bizim burada məqsədimiz korrupsiyanı və kölgə iqtisadiyyatını minimuma endirməkdir. Bu gün DGK korrupsiyaya və inhisarçılığa qarşı çox sərt mübarizə aparır, nəticələr də var.”

“İctimai Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyir ki, 2016-cı ildən ölkə iqtisadiyyatının inkişafı ilə bağlı müxtəlif “yol xəritələri” vardı və islahatlara burdan start verilib: “Gömrük xidmətində də islahatlar başlandı. Əvvəllər gömrük sferasında mövcud olan broker sistemi aradan qaldırılıb. Yəni bir neçə il bundan qabaq məhsullar müxtəlif başqa adlar altında rəsmiləşdirilirdi. Məsələn, tutaq ki, meyvə gətirlirdi, boya kimi yazılırdı. Bu da korrupsiyaya və inhisarçılığa yol açırdı. Mal və məhsulların uzun sürən yoxlamaları vardı, sənədləşmə işləri çox idi, vaxt aparırdı. Bu müddətdə bəzən məhsullar da xarab olurdu, gömrükdə saxlanma xərcləri artırdı. Bu da sahibkarlara zərbə vururdu. Ancaq hazırda gətirilən məhsullar elə məhsul gətirən şəxsin adına, həm də birbaşa mənşə ölkəsindən onun haqqında verilən məlumatlara uyğun, öz faktik məhsul növü əsasında rəsmiləşdirilir. Artıq burada bir şəffaflıq formalaşdırılıb. Mal və məhsulların keçid qaydaları sadələşdirilib, sənədləşmə asanlaşıb. Ödəmələrin elektronlaşdırılması şəffaflığa gətirib çıxarıb. Gömrüklə biznes arasında aradüzəldənlər zümrəsi aradan çıxarılıb. Dövlət Gömrük Komitəsinin sədrinin özü birbaşa sabibkarlarla, vətəndaşlarla görüşüb onların təklif və iradlarını öyrənir. Gömrük sistemi monoloqdan və qadağalardan açıq söhbətə - dialoqa, asanlaşdırmaya keçir”.

Bununla belə onu da deyək ki, hətta özünü ekspert sayan bəziləri də bir çox hallarda izafi hay-küy salır; aparılan islahatlara, verilən qərarlara şübhə yaratmağa, görülən işlərə kölgə salmağa çalışır. Əlbəttə, hamını tam razı salmaq, həm də illərlə toplanmış problemləri bu qısa müddətdə aradan qaldırmaq mümkün deyil; islahatlar müəyyən zaman alır. İllərlə formalaşmış münasibətlər sisteminin, paradiqmaların dağıdılması, dəyişdirilməsi ona adaptasiya oluna bilməyən insanlarda müəyyən iradlar, narazılıq, hətta müqavimət yarada bilir. Bununla belə gömrük orqanlarının indiki rəhbərliyi innovativ yanaşma, peşəkarlıq və qətiyyətlə öz xətti ilə gedir və nəticələrin indikindən daha müsbət olacağına dövlət də, cəmiyyət də, obyektiv mövqe tutan ekspert dairələri də şübhə etmir. Təbii ki, heç bir iş görməyənlər səhv də etməzlər. Ancaq qədim Çin müdriki Konfutsi: “Səhvi düzəltməmək özü ən böyük səhvdir” deyib. Gömrük Xidməti bundan sonrakı planlarında da “ən böyük səhv”ə də, ən kiçik səhvə də yer saxlamaq istəmir.

Gülnarə ƏMİRQIZI

Məqalə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Mətbuat Şurasının “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda elan etdikləri yazı müsabiqəsinə təqdim olunmaq üçündür.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »