Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş katib Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyətilə tanış olub
Bu gün Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Abşeron Logistika Mərkəzi, Bakı Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının fəaliyyəti ilə tanış olub.

Bizimyol.info xəbər verir ki, qonağa paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Abşeron Logistika Mərkəz haqqında məlumat verilib.

Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “bir pəncərə” sistemi ilə həyata keçirilir.

Diqqətə çatdırılıb ki, müəssisənin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi də var.

Sonra qonaq Bakı Baş Gömrük İdarəsində idarənin iş prinsipi, rəsmiləşdirmə proseduru ilə tanış olub.

Məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsinin inzibati binası 2016-cı ilin mayında istifadəyə verilib. Binada gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Burada “Hədəf” Mərkəzi də fəaliyyət göstərir.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində isə qonağa gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilib.

Daha sonra ÜGT-nin Baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına gəlib. Qonağa bu səhiyyə ocağının üstün imkanları barədə məlumat verilib, eləcə də hospitalın 10 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Bütün müəssisələrin fəaliyyətilə yaxından tanış olan ÜGT-nin Baş katibi yaradılan imkan və şəraiti yüksək dəyərləndirib, məmnunluğunu ifadə edib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »