Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Susub izlədiyimiz, izləyib susduğumuz…
Yetmişin bir addımlığındakı Rasim Balayevin təbəssümünün dəyəri

“Sevgi ilə məharət bir araya gələndə sənət incisi yaranar” deyir böyük rus yazıçısı Lev Tolstoy. Tarixi romanların mahir ustası Lion Feyxtvanger isə deyir: “Sənətkar həqiqətlə gözəlliyi birləşdirməyi bacarmalıdır”. Sənət və sənətkar haqqında deyilmiş müdrik kəlamlardır. Tolstoyun və Feyxtvangerin bu müdrik kəlamlarındakı gerçəyi bizə öz yaşamı və sənəti ilə dəfələrlə isbatlamış sənət adamlarımız şükür ki, var. Onlardan biri xalq artisti, məşhur kinoaktyor, bu gün 69-cu doğum gününü qeyd edən Rasim Balayevdir.

Mən əminəm ki, öz uşaqlıq, yeniyetməlik və gənclik illərində Rasim Balayevin də oxşamaq istədiyi, özünü oxşatdığı insanlar mütləq olub - istər həyatda, istər sənətdə. Ancaq elə gənc yaşlarından – sənətə başlar-başlamaz çoxları özünü Rasim Balayevə oxşatmaq, ona oxşamaq istədi. Yenə də istər həyatda, istər sənətdə. Həm özünə, həm yaratdığı qəhrəman obrazlarına oxşamaq istəyənlər saysız-hesabsızdır. Öz boy-buxunu, yerişi-duruşu, kişi yaraşığı ilə bir tərəfdən, bütöv, bənzərsiz, etkiləyici yaradıcı “Mən”i ilə o biri tərəfdən hər kəsi sehrləmişdi Rasim Balayev. Elə nəsnələr var ki, zaman keçdikcə qiymətini itirir, elə nəsnələr var ki, zamanla dəyəri artır. Bu, insanlara, özəlliklə də sənət adamlarına aiddir. Mənim düşüncəmə görə, ağıl genlə ötürülür, biliyi oxuyub qazanırsan, təcrübəni çalışıb toplayırsan, müdriklik yaşla gəlir. Böyük sənət adamları, fikir adamları göz qabağında olur deyə, onların simasında bunu daha aydın izləmək mümkün olur. Zaman keçdikcə, daha da müdrikləşən, hər şeyə daha olğun baxan insanlar var. Mənim izlədiyim, tanıdığım Rasim Balayev o insanlardan, sənətkarlardan biridir.

Bir neçə ay bundan qabaq – bir yaz günü İsmayıllıda böyük şairimiz Musa Yaqubun yubileyində Rasim Balayevlə birlikdəydik. Sözünə-söhbətinə doyum olmayan bir insan, nadir sənət adamlarndan, ciddiyyəti ilə səmimiyyəti, şəxsiyyəti ilə sənəti bir-birini tamamlayan aydınımızdır. Hər nə qədər o zamankı Sovet İttifaqı paytaxtında senzuraya məruz qalmış olsa belə, yaradıcılıq azadlığı ideoloji dövlətin sərt tabularına dirənib zədələnsə belə, kino sənətimiz bütöv nəsillərin zövqünün, sənət duyumunn, həqiqət anlayışının və hətta şəxsiyyətinin formalaşmasında misilsiz rol oynayıb. Bu, danılmaz faktdır. Elə bugünkü həyatımızda, hər birimizin, hətta Azərbaycan kinosunu çox da izləməmiş cavanlarımızın dilində də kinomuzdan çoxlu maraqlı – ibrətamiz, duzlu, dərin anlamlı deyimlər qalıb. Kino sənətimiz özü ilə bərabər şihafi xalq ədəbiyyatı formasında da yaşamaqda davam edir. Məşhur filmlərimizdə obrazların dilindən deyilən sözlər yada düşəndə mütləq həmin obrazı yaradan sənətkarın siması gözlərimiz özündə canlanır, ruhumuzla, ürəyimizlə o sənət incisini, sənət adamını hiss edirik, o məşhur epizodları, səhnələri sanki özümüz yaşayırıq və sanki özümüz yaradırıq. Bu gün klassik Azərbaycan filmlərimiz çox tez-tez göstərilsə də, göstərilməsə də, gündəlik yaşamımızda yaddaşımızın gücü, ürəyimizin gözü ilə kinomuza hər gün “baxırıq”. Bir çox böyük kino sənətkarlarımız – aktyorlar, rejissorlar var ki, onları həyatda görəndə və ya haqq dünyasına qovuşmuşları xatırlayanda böyük Tolstoyun: “Ziyalılar taleyin məğlub etdiyi adamlardır” deymi yada düşür. Ancaq taleyinə qalib olanlar da az deyil. Kino ilə bu və ya başqa şəkildə bağlı olan çox sənət var – kinorejissura, rəssamlıq, bəstəkarlıq, ssenari yazarlığı, musiqi, səs rejissorluğu, musiqi ifaçılığı, kinooperator sənəti... Bu sahələrdəki insanların arasıda öz sənətinin mahir ustaları,hətta öz məktəbini yaratmış böyük ustadlar var. Azərbaycanda dünyaya gəldikləri üçün həm Azərbaycan, həm də o sənətkarlar özləri xoşbəxtdirlər təbii ki. Ancaq eyni zamanda düşünürəm ki, tutaq ki, Rasim Ocaqov kimi rejissor, Rasim Balayev kimi aktyor Amerikada kino sənətində olsaydı, təsəvvür edin hansı sənət zirvələrinə çatardılar. Xəyyam Mirzəzadənin, yaxud Cavanşir Quliyevin filmlərə yazdığı musiqilər Marikonenin bəstələrindən heç də geri qalmazdı. Bugündən baxanda bəzən insanlara filmlərimiz çox arxaik, çox uzaq, hətta bəzən bəsit də görünə bilər. Ancaq zövqü və ruhu ilə hazırlıqlı tamaşaçı o filmlərə baxanda tamam başqa nəsnələr görür, duyur. Sovet rejiminin sərt senzurası altında belə çeşidli üsullarla, üslublarla, sənət fəndləri ilə kino lazım olan sözü hər zaman deyib – ən azı: “Allah eləməsin, Mən hara, proletar hara?!” tərzində. “Senzura sənəti gəlişdirir” deyən Federiko Fellini bəlkə bu anlamda haqlıdır. O sərt yasaqlar dövründə belə elə filmlər çəkilib ki, sadəcə susub sonuna qədər tamaşa edirsən və ekran qaralandan sonra da xeyli vaxt susursan – düşünmək üçün. Landau ona görə deyirdi ki, sənət həmsöhbətin susduğu dialoqdur. Biz böyük sənət fədailərimizin gerçəkdən ruhunu, ürəyini qoyduğu filmlərimizə susaraq baxırıq, baxaraq susuruq. Çünki gerçək sənətdən aldığın təəsüratı sözlə anlatmaq mümkünsüz olur. Alber Kamyu demişkən: “Aydın yazanların oxucuları, qaranlıq yazanların şərhçiləri var”. Ədəbiyyat haqda deyilmiş bu müdrik söz kino sənətinə də aiddir. Sadəcə, susub tamaşa etdiyimiz, tamaşa etdikdən sonra susub düşündüyümüz filmlər və o filmlərdə Rasim Balayev kimi canlı sənət əfsanələri mütləq var. Allah Rasim müəllimə uzun ömürlər versin. Biz təəssüf ki, böyük şəxsiyyətlərin dəyərini onları itirəndən sonra verməyə adət etmişik. Bu yazını oxuyan hər kəs razılaşar ki, məsələn,Üzeyir Hacıbəyov kimi bəstəkarın, Xudu Məmmədov kimi alimin, Ədi İsgəndərov kimi rejssorun, aktyorun, Bəxtiyar Vahabzadə kimi şairin, Rəşid Behbudov kimi vokalçının, Habil Əliyev kimi musiqiçinin... yerinin göründüyünü tez-tez hiss edirik, onlar üçün darıxırıq. Təbii ki, Yaradan hər birimizə bir ömür biçib. Bundan yola çıxaraq yüksək sənəti böyük məharətlə və ləyaqətlə yaradan və varlığı ilə bu gün də yaşadan şəxsiyyətlərimizin dəyərini bu gün vermək lazımdır. Onlar yaşa dolduqca, artıq sənətdə olsalar da, olmasalar da, ayarları, dəyərləri, həyatımızdakı anlamları daha da çoxalır. Peyğəmbərimiz deyirdi ki, bir təbəssüm belə qarşındakı insana verilmiş mükafatdır. 69 yaşlı Rasim Balayevin üzündəki təbəsssüm özü də böyük sənət örnəyidir və bizim üçün Allahın lütfüdür. Mən özümün və kollektivimizin adından kino sənətimizin “sonuncu mogikan” larından olan Rasim Balayevi ürəkdən təbrik edirik, can sağlığı, uzun ömür arzulayırıq!

Bahəddin Həziyev

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »