Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan, Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçılarıdır
"Azərbaycan-İran münasibətiləri yüksək səviyyədədir. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi əlaqələr baxımından. Bu səviyyə ən yüksək vəzifəli şəxslər, hətta prezidentlər tərəfindən də etiraf edilib. Xüsusilə son 5 ildə əlaqələr özünün ən yaxşı mərhələsini yaşamaqdadır. Bu illər ərzində 100-lərlə rəsmi sənəd imzalanıb. Astara dəmiryolunun tikintisi, qonşu çaylar üzərində hidroqovşaqların tikintisi, müştərək maşınqayırma layihələri və s. bu əməkdaşlığın barometri sayıla bilər. Amma bu münasibətləri zədələyən İranın düşmən Ermənistan üçün nəfəslik rolunu oynaması, dini sahədə yol verdiyi məqsədli "yanlışlar"dır. Amma, əlbəttə ki, rəsmi açıqlamalarda əsas deyilən məsələ iki ölkənin ən yüksək səviyyədə əməkdaşlığıdır" bu sözləri siyasi şərhçi Əziz Əlibəyli İran-Azərbaycan münasibətlərini və əlaqələrini şərh edərkən deyib. O qeyd edib ki, İranla Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edərək gələcək perspektivlər üçün yeni yollar açmaqdadır:

"Azərbaycanda 700 İran şirkəti fəaliyyət göstərir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsində mühüm yaxınlaşma baş verdi. İrandan Azərbaycana gələn turistlərin sayı yarım milyona çatır. Bakıda İran kapitalının sayı 4 milyard dollara çatır. Anlaşma memorandumu ilə iqtisadi münasibətlərin inkişafına dair planlar nəzərdə tutulur.

Eyni zamanda Azərbaycanla İran arasında hərbi əlaqələr var, amma bu əlaqələrin forması sırf texniki xarakter daşıyır. Məsələn, terrorçuluğa qarşı mübarizə, Xəzərdə əməkdaşlıq, hərbi-tibbi sahədə əlaqələr. Konkret silah satışı ilə bağlı heç bir müqavilə yoxdur".

Siyasi şərhçinin sözlərinə görə Azərbaycan və İran bir sıra beynəlxalq təşkilatlarda təmsil olunurlar ki, onlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır ki, bu təşkilat dəfələrlə Ermənistanı işğalçı dövlət adlandıraraq Azərbaycanın ərazi bütövlüyünün lehinə bəyanatlar verib:

"Tehran-Bakı münasibətlərinin dinamikası təkcə ikili formada deyil, regional və beynəlxalq münasibətlər səviyyəsində də aşkar görünür. Bu zərurəti ortaya çıxaran həm də İrana qarşı Qərbdən tətbiq edilən sanksiyalardır. Bilirsiniz ki, İranda 40 milyon azərbaycanlı yaşayır, Azərbaycanla həmsərhəd ölkədir. Bu regionda baş verən istənilən proses Azərbaycana təsir edir. Ona görə regiona yönəlik istənilən qəsd planlarına qarşı Azərbaycan da dayanmaqdadır. Bu fikir birliyi beynəlxalq təşkilatlarda da müşahidə olunur. İranın nüvə problemi, Azərbaycanın isə Dağlıq Qarabağla bağlı problemi mövcuddur. Bu məsələlərlə bağlı müzakirələr aparılan zaman hər iki tərəf öz narahatlıqlarını ifadə edib. İki ölkə Birləşmiş Millətlər Təşkilatında da əməkdaşlıq edir, amma əsas funksional əməkdaşlıq əlbəttə ki, İslam Konfransı Təşkilatında aparılır. Bu yeganə beynəlxalq təşkilatdır ki, Ermənistanı dəfələrlə işğalçı kimi qəbul edərək, qətnamə yayımlayıb".

Həmçinin Əziz Əlibəyli onu da qeyd edib ki, İran da Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələrdən biridir və eyni zamanda İran Qarabağ münaqişənin həllində vasitəçilik etmək istəsə də Ermənistanın işğalçı planları onların bu istəyinin həyata keçməsinə mane olub:

"İran Azərbaycanın rəsmən müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Münaqişənin ilk illərində İran vasitəçilik də etmək istədi, amma Ermənistanın işğalçı planların ucbatından bu missiya baş tutmadı. Amma İran Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyır. Qarabağ məsələsində İran ümumi olaraq qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma münaqişənin sülh yolu ilə həll edilməsini dəstəkləyir".

"Amerika Birləşmiş Ştatlarının sanksiyalarına gəldikdə Azərbaycan bu sanksiyaları dəstəkləmir. Bunu da beynəlxalq səviyyədə, toplantılarda elan edib. Amma sonuncu dəfə, Donald Trampın elan etdiyi sanksiyalar fonunda ABŞ bir neçə ölkəni siyahıdan çıxardı ki, İranla əməkdaşlığa görə sərbəst fəaliyyət göstərsinlər. Bunlardan biri də Azərbaycan Respublikası hesab edilir. Bizim İranla bağlı əməkdaşlıq probleminiz yoxdur", - deyə siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.

Politoloq Elşad Mirbəşiroğlu da İran-Azərbaycan əlaqələrini təqdir edib və hazırkı əlaqələri inkişaf mərhələsi kimi qiymətləndirib:

"Azərbaycan Respublikasının xarici siyasətinin başlıca prinsiplərindən biri də region ölkələri və dünya ölkələri ilə müstəqil münasibətləri inkişaf etdirməkdir. Azərbaycan və İran arasında əlaqələr son dövrlər yeni çalarlar kəsb etməkdədir. Bildiyimiz kimi son bir neçə ildə münasibətlərin yeni səhifəsi haqqında danışmaq üçün yeni əsaslar meydana gəlib. Hər şeydən öncə Azərbaycan İranla yeni formatda əməkdaşlığa keçdi. Nəzərə almaq lazımdır ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehranda görüşü zamanı üçlü formatda əməkdaşlıq edilməsi haqqında razılıq əldə olundu. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq sisteminin formalaşdırılması ətrafında tərəflərin iradəsi mövcuddur. Eyni zamanda İranla Azərbaycan arasında digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün ciddi maraqlar mövcuddur. Bura nəqliyyat, energetika, humanitar sahələr və s. aid oluna bilər. Nəzərə almaq lazımıdır ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsindən sonra əməkdaşlıq üçün yeni imkanlar yarandı. Daha doğrusu, mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş və yeni imkanlar yarandı. Nəzərə almaq lazımdır ki, regional təhlükəsizlik məsələsində İranla Azərbaycanın vahid mövqeyi mövcuddur. Bu mövqe ondan ibarətdir ki, regionda sabitlik və təhlükəsizlik mühiti təmin olunsun. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bunu İran rəsmiləri dəfələrlə bəyan ediblər. Eyni zamanda İranla Ermənistan arasında əməkdaşlıq da mövcuddur və bu əməkdaşlığın inkişaf etdirilməsində İranın maraqlı olması da göz önündədir. Təbii ki, biz İranın daxili işlərinə qarışa bilmərik. Bütövlükdə isə İran tərəfindən müsəlman həmrəyliyi nümayiş etirməsi istiqamətində gözləntilərimiz də var. Regionda elə təhlükəsizliyə təhdid yaradan məhz işğalçı Ermənistandır. Bu təhlükəsizlik sisteminin mövcudluğunda və effektiv fəaliyyətində İranın özü də maraqlıdır.

Ümumilikdə isə mən hesab edirəm ki, İranla Azərbaycan arasında, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsləri sayəsində öz inkişafının yeni mərhələsindədir və bu inkişafın davam etdirilməsi üçün tərəflərin iradəsi var".

Elşad Mirbəşiroğlu deyir ki, İranla Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir və bir çox sahələrdə əməkdaşlıq perspektivləri var ki, bu da hər iki dövlətin maraqlarına cavab verir:

"Hazırda İranla Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi sahə məhz nəqliyyat sahəsidir. Bildiyimiz kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının əsas iştirakçıları Rusiya, Azərbaycan və İrandır. Nəzərə almaq lazımdır ki, İranla Azərbaycan arasında xüsusi olaraq dəmiryol xəttinin inkişaf etdirilməsi istiqamətində çox ciddi işlər getməkdədir. Hətta Azərbaycanın sərmayəsi ilə İran ərazisində dəmiryolu infrastukturunun yaradılması istiqamətində razılaşma var və fəaliyyət mövcuddur.

İqtisadiyyatın digər sahələrində də əməkdaşlıq mövcuddur. Yəni iqtisadi sahədə əlaqələr əməkdaşlıq sisteminə də daxildir. İranla Azərbaycan arasında mal dövriyyəsində ilbəil artım müşahidə olunur. Məsələn ərzaq məhsulları burada xüsusilə qeyd olunmalıdır. Həm də tərəflərin enerji sahəsində əməkdaşlıq istəkləri mövcuddur. Düzdür, İranla Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq o qədər də yüksək deyil amma bütövlükdə bu əməkdaşlıq yox səviyyəsində də deyil. Enerji sahəsində əməkdaşlıq perspektivlərinin inkişaf etidirlməsi hər iki dövlətin maraqlarına cavab verir".

Ekspertlər bildirir ki, İranla enerji sahəsində əməkdaşlıq etmək Azərbaycana daha sərfəli və ucuz qiymətə başa gələr, nəinki digər dövlətlərlə. Hətta Mingəçevir elektrik stansiyasında yaranmış nasazlıq zamanı da Azərbaycan İrandan deyil Rusiyadan enerji aldı. Əgər daha ucuz qiymətə enerji ala biləriksə və bunu etmiriksə bu, bizim İranla bu sahədə əməkdaşlığa soyuq yanaşmağımız anlamına gələ bilərmi?

Politoloq əməkdaşlığa soyuq yanaşmanın doğru olmadığını, bildirərək qeyd edib ki, İrandan fərqli olaraq Rusiya ilə Azərbaycan arasında elektrik enerjisi sahəsində əməkdaşlıq üçün müvafiq infrastruktur olduğuna görə Mingəçevir hadisələri zamanı Azərbaycan Ruisyadan enerji aldı:

"Azərbaycan qonşu dövlətlərlə münasibətlərinin hərtərəfli əməkdaşlığının inkişıafına maraqlıdır. Bu istiqamətdə Azərbaycan tərəfi daim öz təşəbbüsləri ilə çıxış edir. Bu münasibətlərin inkişaf etdirilməsində çox ciddi fəaliyyət nümayiş etdirilir. Mən enerji sahəsindəki əməkdaşlıq məsələsini Azərbaycan tərəfinin hər-hansı mövqeyi ilə əlaqələndirmək istəmirəm. Təbii ki, Azərbaycanla Rusiya arasında əməkdaşlıq kifayət qədər genişdir. Və İranla Azərbaycan arasındakı əməkdaşlıqdan daha güclü və perspektivlidir. Rusiya dünyanın bütün mənalarda ən güclü dövlətlərindən biridir. Güclü ölkələrlə daha sıx əməkdaşlığın qurulması Azərbaycanın maraqlarına cavab verir. Bütün dünya dövlətləri məhz bu mövqedən çıxış edirlər. Bu sahədə mütəxəsis olmasam da hesab edirəm ki, Azərbaycanla Rusiya arasında bu sahədə əməkdaşlıq etmək üçün hazır infrastruktur mövcuddur. İranla Azərbaycan arasında konkret olaraq elektrik enerjisi sahəsində əməkdaşlığın sərfəli olduğunu nəzərdən keçirdikdə öncə müvafiq infrastukturun yaradılması tələb olunur. Bunun üçün isə müəyyən müddət zaman və digər resurslar vacibdir. Bu baxımdan mən düşünürəm ki, müəyyən bir vəziyyət çərçivəsində Azərbaycanla Rusiya arasında elektrik enerjisi sahəsində əməkdaşlıq daha realdır. Ona görə də Azərbaycan tərəfi bu addımı atmış oldu. Hazırda hər iki tərəf - İran və Azərbaycan tərəfi bu sahədə əməkdaşlığa maraqlıdırlar. Çünki hər iki ölkə üçün bu önəmli və vacib məsələdir".

“Bizim Yol”

Son xəbərlər
Bütün xəbərlər »