Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan xalçalarıyla möhtəşəm əsərlər yaradır - FOTOLAR
Onun xalçalarla yaratdığı müasir incəsənəti artıq New York Times və Guardian kimi qlobal qazetlərin “Sənət” səhifələrində görmək olur. Xalçalarla ilk tanışlığı 7 yaşında evdə tək qalarkən baş vermişdi. Valideynlərinin yataq otağında olan və Faiqin üstündə oynadığı xalça onun nənəsi tərəfindən hörülmüşdü. Xalçanın kənarından mərkəzə doğru labirint kimi oynayan Faiq qayçı ilə sökməyə başlayır. Onun xalçalarla ilk tanışlığı belə olmuşdu.

Faiq Əhməd Azərbaycanı ilk dəfə 2007-ci ildə öz işləri Venesiya Binealisində təmsil etmişdi. Bu gün onun 33 yaşı var və ABŞ və Avropada onun xalça üzərində yaratdığı dizaynlar sərgilərdə təqdim olunur. O, ənənəvi xalçaları müasir incəsənətlə birləşdirməsi ilə tanınır.

2016-cı ildə onun işləri Museum of Fine Art Boston, Los Angeles County Museum, Bellevue Art Museum, və Milwaukee Institute of Art & Design kimi yerlərdə sərgilənib.

1982-ci ildə doğulan Faiq 2003-cü ildə Müasir İncəsənət və Mədəniyyət Universitetinin məzunudur. O əsasən Bakıda yaşayır və yaradıcılığını burda davam edir.

Faiq Əhməd Azərbaycan xalçalarının naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır.

Faiq Əhməd Qərbdə Azərbaycan incəsənətinə olan münasibəti belə izah edir:

“Belə götürəndə, hər yerin öz gözləntisi var. Azərbaycandan hələ bilmirlər nə gözləsinlər, ona görə ki, Azərbaycan rəssamları hələ abstraktdır. Azərbaycan müasir incəsənətinin hələ vahid üzü yoxdur, Azərbaycan özü abstraktdır. Hər ölkənin bir üzü var, mənə belə gəlir ki, biz hələ ki, formalaşırıq…”

“Xalçanı kimsə incəsənət kimi yaradıb, zamanına görə bu, inqilab idi. Necə ki, sonrakı rəssamlar yeni axınlar yaratdılar, eləcə də vaxtilə xalçaçı xalçaya yeni bir forma verib, onu başlamışdı. Sonradan xalça təkrarlanan bir sənayeyə çevrilib, amma əvvəlcə sırf incəsənət olub.” – Faiq Əhməd

Xalçalarda qırmızı rəngin üstünlüyü ilə bağlı isə Faiq Əhməd fərqli düşünür. Sənətkar bunun sosial bərabərlik kimi məsələlərin rəmzi olması ilə razı deyil.

“Əslində, Azərbaycan xalçalarında, özü də məhz Şimali Azərbaycan xalçalarında lokal qırmızı rənglər ona görə dominantdır ki, 18-ci əsrə qədər Azərbaycanın bu tərəfində xalçaları qızlar toxuyublar. Burada cavan qızlar ərə getməzdən əvvəl xalçaları özlərinə cehiz kimi toxuduqlarından, qırmızı rəng şüuraltı olaraq, ərə getmək rəmzi, gizli seks, qan rəmzi idi.

Qırmızı həm də aqressiv rəngdir. Azərbaycanda gəlinin də belinə qırmızı lent bağlayırlar, od, aqressiya, ehtiras rəmzidir. Gəlinin əşyalaırna da qırmızı bağlayırlar. Novruz bayramında da səməniyə qırmızı bağlayırlar. Səməni də qadın, ana təbiət rəmzidir, qızlığın sonu, analığın başlanğıcıdır. Xalçalardakı qırmızının şüuraltı rəmzi budur…”

Nərmin Kamal ilə söhbətində Faiq Əhməd sərgiyə gedən insanlarla bağlı da danışır:

“Sərgiyə gedən adam oradan qayıdanda eyni adam olmamalıdır. Bəzi insanlar muzeyə, qalereyaya gedir, orada “ah, nə gözəldir” deyirlər, amma qayıdırlar evə, eyni həyatı yaşayırlar. Demirəm ki, onlar həyat tərzini dəyişdirsinlər, dəlilik etsinlər. Amma sərgidən sonra insanda güclü dəyişiklik olur. Din də mənim fikrimcə, incəsənətdir. Din gəlib sənə təsir edir, sən həyat tərzini dəyişirsən, – din ən konseptual incəsənətlərdən biridir…”

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »