Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“"Million"lə pulu ödədim, narkotiki qaz sayğacının içindən götürdüm”
Azərbaycanda narkotiki onlayn satmaqda təqsirləndirilən dəstə üzvləri məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda narkotik maddələrin onlayn satışı ilə məşğul olan dəstə üzvləri- Məhəmməd Əlizadə, Tural Əlizadə, Rafiq Yusubzadə və Samir Zeynalov cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiyini deyiblər. Onlar narkotik maddələrin istifadəçisi olduqlarını, satışla məşğul olmadıqlarını deyiblər.

Məhəmməd Əlizadəyə ifadə verilmək təklif edilsə də, o, indiki mərhələ ifadə verməkdən imtina edib. O bildirib ki, vəkilli ilə məsləhtləşdikdən sonra ifadə verəcək.

"Narkotik istifadəçisi olmuşam, lakin nə satış nə də hər hansı şəbəkə ilə əlaqəm olmayıb”

Prosesdə təqsirləndirilən Tural Əlizadə sərbəst ifadə verib. O qeyd edib ki, təqsirləndirilən Məhəmməd Əlizadə və Rafiq Yusifzadəni Lənkərandan tanıyır və uşaqlıqdan dostdurlar: "Narkotik istifadəçisi olmuşam. Lakin nə satış nə də hər hansı şəbəkə ilə əlaqəm olmayıb. "Avrora" şirkətində mal paylayan işləmişəm. Məhəmməd dost olduğumdan onla tez-tez görüşmüşəm. Birlikdə də narkotik qəbul etmişik".

Tural Əlizadə bildirib ki, hadisə günü işdən çıxanda Rafiqlə görüşüb: "Məhəmməd zəng elədi ki, Rafiqlə görüşün yanıma gəlin. Bizdə elə elədik. Məhəmməd Masazırda narkotik maddə götürəcəkdi. Ordan da mənə payını verəcəkdi. Getdik, Məhəmməd götürdü, qayıtmadı. Bu zaman polislər məni tutub, idarəyə gətirdi. Təzyiq etdilər, ilkin ifadəmi təsdiq etmirəm".

"Mənimki marixuanadadır, hələ kokain və ekstazi qismət olmayıb"

T.Əlizadə bildirib ki, narkotiki "Baba" adlı şəxsdən alıblar: "Babanı şəhərdə hamı tanıyır. Türkiyədə olur. Biz onla danışırdıq. Bizə hesab nömrəsi deyirdi. "Million" onun dediyi hesaba pulu köçürdük. Çeki çəkib atırdım nömrəsinə. Yarım saat ərzində bizə yer deyirdi gedib narkotiki götürürdük".

Prokurorun suallarına cavab verən təqsirləndirilən şəxs qeyd edib ki, heç bir vaxt kokain və ekstazi görməyib: "Mənimki marixuanadadır. Hələ kokain və ekstazi qismət olmayıb".

“Maşında narkotiki eşən yerdə polislər məni tutdu”

Digər təqsirləndirilən Rafiq Yusifzadədə ifadəsində narkotik satışı ilə məşğul olmadığını deyib: "Biz çəkəniyik. "Baba" ilə eyni məktəbdə oxumuşam. Münasibətimiz olub. Narkotik satışı ilə məşğul olurdu. Mən də çəkəniyən deyə, onla tez-tez danışırdım. Taksi sürücüsüyəm. Hadisə günü də "Baba"ilə danışımışam. Narkotik istəmişəm. Nərimanovda "Nənəmin təndiri"nin yanında "million"lə pulu dediyi hesaba ödədim. Mənə ünvan verdi. Gedib ora yaxın binada bloka qaz sayğacının içindən götürdüm. Orda gəldim maşında narkotiki eşən yerdə polislər məni tutdu".

“Dəfələrlə kartına pul yükləyib “Baba”dan narkotik almışam"

Məhkəmədə dindirilən digər təqsirləndirilən şəxs Samir Zeynalov da narkotik satmadığını deyib: ""Baba"nı 2-3 ildir ki, tanıyıram. Qonşumun əsgər yoldaşı olub. Onun vasitəsi ilə Məhəmmədi tanımışam.Məhəmməd onun pullarını yığdığını eşitmişəm. Amma narkotik satdığını deyə bilmərəm.. Çünki "Baba" satışı ancaq hesabla həll edirdi. Mən də dəfələrlə ondan kartına pul yükləyib almışam".

Samir Zeynalov deyib ki, "Baba" ilə Türkiyədə görüşdüyünü etiraf edib: "Maşın istəmişdi. Burdan maşın apardım. Yol xərci kimi mənə 1 min manat verməliydilər. Onu da ala bilmədim. Tanışımla Sərxanla ora getdim. Evdə "Baba" ilə Sərxan dalaşdı. Samir çıxıb özü getdi. Mən də maşınla tək qayıdası oldum. Orda narkotik satışı ilə bağlı heç bir söhbət olmayıb. Bakıya qayıdanda "Baba" dedi pulu Məhəmməddəb götür. Onunla görüşməyə vədələşdik. Sən demə bu tutulub. Polislər onun yerinə görüş təyin ediblər. Görüş yerinə gələndə məni də tutdular"

Məhkəmə prosesi yanvarın 11-də davam edəcək

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Əlizadəyə qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri gətirən Bakı şəhər sakinləri - Samir Zeynalov, Sərxan Məmmədov da saxlanılıb. Baxış zamanım S.Zeynalovdan 1 ədəd “Lyrica” kapsulası, 1 büküm “Spays” və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən narkotik vasitələrin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, dəstə üzvlərinin “Baba” kimi tanıdığı şəxs tərəfindən təşkil edilib. Həmin şəxs narkotik maddələri satmaq üçün qeyd edilən şəxslərdən ibarət şəbəkə yaradıb. O, müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib. Araşdırma zamanı məlum olub ki, “Baba” adlı şəxs sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona “paypoint” vasitəsilə ödənilib. Pul hesaba köçürüləndən sonra əməliyyat zamanı saxlanılan şəxslər narkotik maddələri, eləcə də psixotrop dərmanları əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil veriblər.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »