Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergilər Nazirliyinin qəzeti elektron versiyaya keçdi
2019-cu ildə “vergilər.az” oxucuların görüşünə onlayn qəzet formasında gələcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin orqanı olan “Vergilər” qəzetinin oxuculara müraciətində bildirilib.

Müraciətdə bildirilib: “Əziz oxucular!

Bu, “Vergilər” qəzetinin çap variantının sizinlə yolayrıcında görüşüdür. Lakin heç də yolun və sözün sonu deyil. Sizinlə yol yoldaşlığımız, ünsiyyətimiz bundan sonra da davam edəcək. Çünki bu ünsiyyətin başlıca missiyası biznes adamının biznes maraqlarına, vergi orqanı işçilərinin peşəkar fəaliyyətinə, adi oxucunun informasiya almaq istəklərinə, ümumiyyətlə, daim dəyişməkdə olan, dinamik həyat yaşayan cəmiyyətimizin mənafeyinə xidmət etməkdir. İndi biz yeni bir yolun başlanğıcındayıq: 2019-cu ildə “vergilər.az” oxucuların görüşünə onlayn qəzet formasında gələcək...

Hər yolayrıcında irəliyə baxmaq, gələcəyi göz önünə gətirmək istəyi olduğu kimi, keçmişə baxmaq, görülən işləri təhlil etmək, ən azından özünə hesabat vermək istəyi də yaranır.

Dayanıb keçmişi nəzərdən keçirəndə belə hesab edirik ki, “Vergilər”in çap versiyası dövlətimiz və xalqımız üçün şərəfli bir iş yerinə yetirib və yetirir. Əsrin başlanğıcında - 2000-ci ildə təsis edilmiş qəzet Azərbaycan dövlətinin müstəqil vergi sisteminin formalaşmasını müşayiət edərək uzun bir yol keçib. Ölkəmizin vergi siyasətində baş verən bütün yeniliklər, vergi qanununvericiliyi ilə bağlı şərhlər bu qəzetin səhifələrində oxuculara «birinci əldən» çatdırılıb. Qəzetin hər bir buraxılışı hazırlanarkən Azərbaycan biznes ictimaiyyətini maraqlandıran, vergi orqanları ilə vergi ödəyiciləri arasında bəzən mübahisə yaradan, bəzən müzakirəyə yol açan məsələlər nəzərə alınıb və qəzet öz oxucuları ilə münasibətlərini canlı dialoq formasında qurmağa çalışıb. Biz onlayn qəzetin nəşrini də ən yaxşı təcrübələrimizə əsaslanaraq bu platforma üzərində davam etdirəcəyik”.

“Vergilər” qəzetinin ən mühüm keyfiyyətlərindən biri də Azərbaycan jurnalistikasının sağlam ənənələrindən, ədəbi dilimizin publisistik imkanlarından maksimum düzgün istifadə etməyə çalışmasıdır. Biznes terminologiyasının, həyatımızın bir parçasına çevrilmiş texnoloji yeniliklərin, eləcə də qanunçuluğun son dərəcə dinamik dəyişmələr keçirdiyi bir zamanda, Azərbaycan kütləvi infomasiya vasitələrində peşəkarlıqla bağlı çoxlu problemlərin müşahidə olunduğu indiki şəraitdə «Vergilər» qəzeti dilimizin saflığının qorunmasını əsas məsuliyyətlərindən biri kimi qəbul edərək, bu sahədə jurnalistikamızın əldə etdiyi ən gözəl ənənələri qorumağa çalışır.

“Vergilər” qəzetinin çap variantının dizaynı da yəqin ki, mətbuat tariximizin yaddaşında fərqli bir hadisə kimi qalacaq. Biz indi yolayrıcındayıq. Qəzetimizin çap variantında sizinlə vidalaşırıq. Ancaq biz sizdən ayrılmırıq. İlin əvvəlindən görüşünüzə «vergilər.az» onlayn qəzeti ilə gələcəyik. Qarşıda bizi daha operativ, daha hərəkətli ünsiyyət gözləyir...”

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »