Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağasəlim Mircavadov: "Təcrübəmdən, ağlımdan istifadə etmək istəsələr, çox şad olaram" - Müsahibə
2019-cu il - Qaban ilindən olan 72 yaşlı təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadovun "Report"a müsahibəsini təqdim edirik:

- 2019-cu ildən gözləntiləriniz nədən ibarətdir?

- İlk növbədə, qarşıdan gələn ildə xalqımıza can sağlığı, bol ruzi və əmin-amanlıq arzulayıram. Mən də hamı kimi futbolumuzun inkişafını istəyirəm. Heç olmasa, hər mövsüm klublarımızın ikisi avrokubokların qrup mərhələsində iştirak etsin. Yığmamızın yaxşı çıxışını arzulayıram. Daha bir arzum ondan ibarətdir ki, bizim futbolçular ölkə xaricində çıxış etsinlər. Həm inkişaf etsinlər, həm də Azərbaycan futbolunu yüksəltsinlər. Bu, vacib amildir. Futbolçuları xaricdə oynamayan ölkənin yığması o qədər də səviyyəli olmur. Bu, faktdır. Azərbaycan xalqının bircə vacib istəyi var ki, işğal altında olan torpaqlarımız alınsın. Orada da futbolumuz inkişaf etsin. Hamı bilir ki, Ağdam futbol şəhəri olub. Şəhərdə öz klubu olsun.

- Bəs geridə qalan ildə Azərbaycan futbolunun vəziyyəti barədə nə deyə bilərsiniz?

- 2018-ci il Azərbaycan futbolu üçün elə də uğurlu olmadı. Hamı yığma komandanın Millətlər Liqasının qrup mərhələsində birinci yeri tutmağını istəyirdi. Amma alınmadı. Bunu təhlil etmək lazımdır. Bir-iki sözlə demək olmaz. Bir çox problemlər var ki, gərək həllini tapsın. Yığma komanda deyəndə, ilk növbədə, klublarımızı da düşünməliyik. Millinin futbolçuları klublardan gəlir. Premyer Liqadakı komandaların sayı azdır. Mən istərdim ki, azı 12 komanda olsun. Həmin vaxt artıq nəsə əldə etmək olar, gənc futbolçular itməzlər, daha yaxşı inkişaf olar. Klublarımızın da səviyyəsinə baxmalıyıq. Yalnız "Qarabağ" ardıcıl olaraq hər il avrokuboklarda iştirak edir. Bu, bizim üçün azdır. Yığma yüksək yerlər üçün mübarizə aparırsa, heç olmasa, iki klub oynamalıdır. Klubların sayı da önəmlidir.

- 2019-cu il qaban ilidir. Siz də həmin ildənsiniz. Belə şeylərə inanırsınızmı? Nəzərə alaq ki, futbola 12 yaşınızda başlamısınız. Həmin il və "Xəzər Lənkəran"la çempionluq qazandığınız il də qaban ili idi...

- Hər zaman növbəti ilin yaxşı olacağına inanıram. İnam olmayan yerdə heç bir uğur və qələbə ola bilməz. Bir-birimizə inanmalı, düzgün qərarlar verməliyik. Açığı, bunların əlamətdar ildə baş verdiyini bilmirdim. Xatırlatdığınız üçün təşəkkür edirəm. İnanıram ki, növbəti il də mənim üçün uğurlu olar. İnam böyük şeydir. İnanıram ki, klublarımızın sayı artacaq. Həmin vaxt oyunçuların və məşqçilərin də sayı artır. Yığmamız da uğur əldə edə bilər. 2019-cu il hamımız üçün düşərli olsun.

- Növbəti il məşqçilik karyerasına qayıtmaq barədə düşünürsünüzmü?

- Mən hər zaman istəmişəm. Qismət olsa, qayıdaram. Bəzən deyirlər ki, bu, yaşlıdır və gücü yoxdur. Amma özümü yaxşı, gümrah hiss edirəm. Mütaliə də edirəm və öz üzərimdə işləyirəm. Mənim təcrübəmdən, ağlımdan istifadə etmək istəsələr, çox şad olaram. AFFA Məşqçilər Komitəsində də çalışır, çox uğurlu iş görürük. Komitə üzvlərinin hamısı futbol adamıdır. Azərbaycan futbolu üçün çox işlər görə bilərlər. Növbəti ildə onlara da uğurlar arzulayıram.

Son xəbərlər
Bütün xəbərlər »