Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qardaşım Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb”
Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşı məhkəmədə ifadə verdi: “Rəşad dedi 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Prosesdə Ə. Əhmədovun vəkili vəsatət verərək jurnalistlərin zaldan çıxarılmasını, prosesin qapalı keçirilməsini istəyib. Zərərçəkmişlər H.Əsgərov, R.Tahirov və təqsirləndirilən Əvəz Əhmədov da vəsatəti müdafiə ediblər. Məhkəmə vəsatəti təmin etməyib.

“Axırıncı dəfə Hətəmə 100 min verdim yoxa çıxdı”

Daha sonra ötən prosesdə səsrnəst ifadə verən zərərçəkən Hörmət Əsgərov suallara cavab verib. O bildirib ki, hələ də Ə. Əhmədova 100 min borcu var: "Mən xəsarətlərim barədə polisə şikayət etməmişəm. İstintaqa ifadə verəndə də döyüldüyümü demədim ki, sonradan işə düzələndə problem yaranmasın. Bədənimdə döyülən zamandan qalan yaranın çapığı var. Mən pulu Rəşada vermək üçün almamışam, belə bir söz də deməmişəm. Mən ondan əvvəl də Əvəzdən 200 min, 80 min alıb qaytarmışdım. Pulu makler Hətəm Ramazanova verirdim, ev işi görürdük. Axırıncı dəfə Hətəmə 100 min verdim yoxa çıxdı, axtardım tapa bilmədim. Onun barəsində şikayət etməmişdim, bu işdən sonra istintaq axtarışa verdi".

"Hörməti məcbur ediblər ki, məndən şikayət etsin”

Əvəz Əhmədov deyib ki, H. Əsgərov o yox, Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb: "Hörməti məcbur ediblər ki, məndən şikayət etsin. Sonra da onu çöllükdə buraxıblar".

H. Əsgərov isə belə bir hadisə olmadığını deyib.

Təqsirləndirilən Əvəz Əhmədov sərbəst ifadə verərək deyib ki, bu hadisədən əvvəl H. Əsgərovla arasında pul alıb-vermək məsələləri olub: "Bir dəfə Hörmət qohumu Rəşaddan danışdı və Sumqayıt STP-də satışın müdiri olduğunu dedi. Sonra Hörmətin vasitəsilə Rəşadla görüşdük, armatur biznesi haqda danışdı. Rəşad dedi 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər. Bundan bir həftdə sonra Hörmət gəlib məndən 140 min dollar götürdü, armatur işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib ləzgi dilində nəsə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, pul məndədi, bir həftəyə verəcəyəm. Orada Hörməti döyməmişəm, ona zor tətbiq etməmişəm, sadəcə söhbət etmişik. Sonra Rəşada zəng çatmadı, mən də polisə ərizə yazıb şikayət etdim. Bundan sonra 3 ay ərzində pulu hissə-hissə ödədilər. Bu ərəfədə Rəşad “razborşiklər” Dəyanətlə Habili üstümə göndərmişdi. Onlar da mənlə söhbət edəndən sonra Rəşada dedilər ki, kişinin pulunu qaytarmalısan".

Ə. Əhmədov suallara cavabında bildirib ki, qardaşı, keçmiş nazir Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb: "Mənim ona bu haqda nəsə deməyim ayıb olardı".

Proses yanvarın 9-da davam edəcək

İttihama görə, 2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib. H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb. H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »