Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bulvar krallığı
Ölkə içində böyük krallıq var, Bakı Dənizkənarı Bulvarı. Bakını Bakı edən bu böyük ərazi həmişə insanların can atdığı məkan olub. İndi qınamasalar, Bulvarın gözəgörünməyən sərhədinə keçid məntəqəsi də qoyarlar. Neftçilər prospektindən üzü dəniz kənarına adladın, orda elə-belə pulsuz gəzə bilmərsən. Havayı dənizə baxıb, rütubətini uda bilərsən. Pul xərcləməyənlər də olsa -olsa yalquzaqlar, anasından, atasından, insanlardan, sevgilisindən küsənlərdir.

Bulvar uşaqların vaxt keçirmək üçün ən maraqlı məkanıdır. Yayın istisində susuz, dilin ağzında qurumuş övladına gəzə-gəzə sosial problem, neftin barelinin ucuzlaşmasından, ərzağın qiymətinin qalxmasından, işsizlikdən danışa bilmərsən ki. Bulvar pul xərcləmək yeridir. Uşaqdı, atlansın, düşsün, istədiyini yesin, içsin, işi budur. Maaşını al qoy cibinə, yol pulunu ayır, qalanını siyirib ver, ürəkli ol. Çoxu iki-üç uşaqla, istirahət məsələsini kökündən həll etmək üçün lap nəsilliklə bulvara üz tutur. Dediyim odur ki, valideyni, uşaqları qoltuğuna vurub Bulvara getdinsə, birinci maliyyənin qayğısına qalmalısan.

Neçə dəfə gözəgörünməz Bulvar rəhbərliyinə münasib qiymətlərlə bazarlıq etməsi tapşırılıb. Ölkə rəhbərinin ötən il sərəncamı ilə yenilənən Bulvar idarəsi rəisi Əziz Mustafayev, müavinləri Ağacan Əhmədov və Elşən İsgəndərovun işləri isə yaxşı gedir. Əvvəllər bir eks- müavin vardı, Nazim müəllim, arada söz-söhbət olanda özünümüdafiə işləri üçün adam arasına çıxardı, rəisini illər uzunu tanıya bilmədik. Hər bulvarın yanan qiymətlərindən narazılıq olanda eks rəhbərlik uzağı bir həftə çayın, suyun qiymətini aşağı salardı, ardınca öz bildiklərini edərdilər. İndiki bulvar idarəsinin başı pul saymağa qarışıb yamanca. Bulvarın qiymət bazarının odunu Xəzərin çirkli suyu da söndürə bilməz. Bunun adına xalq arasında özbaşnalıq, siyasi aləmdə isə anarxiya deyirlər.

Bulvar anarxiyasının qazandığı pullarla nələr etmək olmaz, ikinci Bakı şəhəri salmaq olar, yanında da süni Xəzər dənizi. Bulvar krallığınınkı soyğunçuluğudur! İnsanların cibini qazımaqdır, ata, ananı övladı, gənc oğlanı sevdiyi qızı, tələbəni qrup yoldaşı, hətta məşuqu məşuqəsi qarşısında gözükölgəli etməkdir, onun başını "görəsən, pulum çatacaq, nə qədər pul edir" narahatığına kökləməkdir. Allahınızdan verib, turist axını var, restoran, kafelər doludur, niyə gözünüz doymur? Bir söz də düşüb ağızlarına, yaxşı bəhanədir: "turist üçün yenə də qiymətlər ucuzdur". İndi turistdən pul qoparacaqsız deyə, vətəndaş bulvara ayaqbasdısına tövbəmi etməldir?

Uşaqlar hər atraksionun dadına baxmaq istəyir, valideynlər uşaqları, uşaqsa valideyni az qala sürüyür, ata-ana isə bəhanələr axtarır. Valideyn pulunu xəsrcləyib bitirəndə, hətta axşam saat səkkizdə uşağı yatmağa aparmağa məcbur olur. 5 manatlıq "Qorxu evi", yelləncəklər 2-5 manat, mağazada 50 qəpiklik qida məhsulu 3 qatına, su 1 manat, dondurma yenə 3 qat qiymətə, çay 6-10 manat, yemək isə yeməsəz yaxşıdı. Camaat qarnıdolu üzü bulvara getsə də, krallıq onun ən azı 10-20 manatını tozsoran kimi çəkəcək.

Nazirlər Kabineti yanında DənizkənarıBulvar idarəsinə ürəyiaçıqlıq və rəhm arzulayırıq!

Raminə Eyvazqızı

Son xəbərlər
Bütün xəbərlər »