Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dedilər ki, “Kopenhagen”lə oyunları yola ver” - MÜSAHİBƏ
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə 1998-99 mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində üz-üzə gəlib və hər iki qarşılaşmada böyük hesabla (0:6, 0:4) məğlub olub. Həmin vaxt Ağdam klubunun heyətində Danimarkadakı ilk matçda iştirak etmiş sabiq yarımmüdafiəçi Bəxtiyar Musayev apasport.az saytına müsahibəsində həm 19 il əvvəlki oyunu yada salıb, həm də “Qarabağ”ın şanslarını dəyərləndirib.

- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə üz-üzə gələcək. Bu ad sizə nə deyir?

- Bildim nəyi nəzərdə tutursunuz. “Kopenhagen”lə 1998-99 mövsümündə qarşılaşmışıq. Açığı, püşkatmadan əvvəl arzulamadığım bir nömrəli komanda “Kopenhagen” idi. Təəssüf ki, o da düşdü. Püşkdə bəxtimiz gətirmədi, sağlıq olsun, bu dəfə gətirər.

- 19 il əvvəlki matçları necə xatırlayırsınız?

- Bilirsiniz, həmin vaxt belə komandalar Azərbaycan klublarından qat-qat güclü idilər. Yəni onlarla ayaqlaşmağımız mümkün deyildi. Həm fiziki hazırlıq, həm də oyun təcrübəsi baxımından bizi üstələyirdilər. Çünki Avropada yeni-yeni addımladığımız vaxtlar idi. Avrokuboklarda 1, maksimum 2 mərhələ oynaya bilirdik. Fiziki gücümüz bundan artığına imkan vermirdi. Bir gündə 2 məşq keçə bilmirdik.

- Bəs “Kopenhagen”in üstünlükləri nələr idi?

- Danimarka futbolu bir qədər qəlizdi. Həm atletik futbol oynayırlar, həm də topla yaxşı rəftar edirlər. Onlarda futbolun inkişaf edən vaxtları idi. Bizimlə qarşılaşmadan bir neçə il əvvəl Avropa çempionu (1992) olmuşdular. Top ayaqlarında olanda dərhal qərar verməyi bacarırdılar. İndi, bəlkə də, klub futbolu əvvəlki kimi görünmür. Ancaq “Kopenhagen” həmişə güclü olub.

- 1998-ci ildəki səfər matçından sonra komandadan ayrıldınız və “Neftçi”yə keçdiniz. Bunda qeydə alınan 0:6 hesablı məğlubiyyətin rolu oldumu?

- Həmin vaxt hələ Danimarkadakı görüşdən əvvəl rəhbərliklə söhbətim oldu, şərtlərimi bildirdim, ancaq razılaşmadılar. Sonra “Neftçi”dən təklif gəldi və ortaq məxrəcə gəldik. “Qarabağ” rəhbərliyinə bunu dedikdən sonra komandada qalmağım üçün yeni təkliflə çıxış etdilər. Lakin “Neftçi” ilə artıq anlaşmışdım. Dedilər ki, heç olmasa, “Kopenhagen”lə oyunları yola ver, sonra gedərsən. Danimarkadakı görüşdə səhv eləmirəmsə bütün qolları birinci hissədə buraxdıq. Görüşün əvvəllərində zədələnib, kənara gəldim ki, həkim baxsın, meydana dönməmiş 2-ci qolu buraxdıq. 0:6 hesablı məğlubiyyətdən sonra artıq bütün ümidlərimiz itmişdi. Bu səbəbdən də baş məşqçimiz Ağasəlim Mircavadov cavab görüşündə oynamağımın bir mənasının qalmadığını söylədi. Mən də “Neftçi”yə yollandım.

- Azarkeşlərinin komandaya dəstəyi necə idi?

- Orda atmosfer möhtəşəm idi. Oynadığımız stadionda tribunalar meydançaya çox yaxın idi. Biz isə sovet dövrünün futbolçuları olduğumuzdan, buna öyrəşməmişdik. Təbii ki, bu amil oyunumuza mənfi təsir göstərmişdi.

- Bəs Danimarka futbolunun indiki durumu barədə nə bilirsiniz?

- Onlarla aramızda fərq böyükdü. Orda futbola münasibət, hazırlıq tam fərqlidi. Adicə futbolçu transferi zamanı bir çırtma ilə istədikləri oyunçunu ala bilirlər. Ancaq bizim klublar hansısa futbolçunu razı salmaq üçün çox əziyyət çəkməli olurlar. Danimarkalı futbolçular müasir futbolun tələblərinə cavab verən bütün komponentlərə malikdilər. Şəraitləri, futbol səviyyələri bizimlə müqayisə edilə bilməz.

- “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşmək şansını necə görürsünüz?

- Desəm ki, şanslar bərabərdi, yalan danışmış olaram. Yəqin ki, mənim kimi, hamı “Kopenhagen”i arzulamırdı. Amma “Qarabağ”a güvənmək olar. Onlar Azərbaycan futbolunda tarix yazmaqda davam edirlər. Lakin bu o demək deyil ki, “Qarabağ” bütün rəqiblərini keçməlidi. Ümid edirəm ki, Ağdam komandası Çempionlar Liqasının qrupuna vəsiqə qazanaraq, yenidən Azərbaycanı sevindirər.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »