Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beynəlxalq plarformalarda Azərbaycanla Türkiyə birlikdə hərəkət edirlər”
QHT rəhbəri: “Tükiyədə təhsil alan azərbaycanlılar geri dönüb müxtəlif sahələrdə xidmət edib ölkəmizə və millətimizə dəstək verirlər”

XX əsrin sonlarında keçmiş SSRİ ərazisində baş verən ictimai-siyasi proseslər ötən əsrin əvvəlində hərbi güclə qurulmuş sovet imperiyasının hüquqi varlığına son qoydu. Müttəfiq ölkələr kimi tanınan respublikalar bir-bir öz müstəqilliklərini bəyan etməyə başladılar. Azərbaycan da tarixi zərurətin yaratdığı şansdan bəhrələnərək dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyi Türkiyə Böyük Millət Məclisi tərəfindən də tanındı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını öz suverenliyi qədər sevinclə qarşılayan qardaş Türkiyədə hazırda ölkəmizin sürətli inkişafı və dövlətimizin qüdrətlənməsindən qürur duyulur.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin rəhbəri Çingiz Bayramov “Bizim Yol” qəzetinə açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verilib.

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökü var. Başqa dövlətlərdən fərqli olaraq bu iki dövlətin xalqları eyni kökə, eyni dilə, eyni dinə, eyni mədəniyyətə malikdirlər. Yüz il öncə, yəni 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarananda bu dövlətin müstəqilliyini ilk olaraq Osmanlı dövləti tanıdı. Azərbaycan-Türkiyə qardaşlığının təməllərindən biri məhz orada qoyuldu. Qafqaz İslam Ordusu Bakının qurtuluşu ilə bağlı Azərbaycan tərəfindən dəvət olundular. Azərbaycan əsgərlərinin və yerli əhalinin dəstəyi ilə Qafqaz İslam Ordusu Bakının erməni işğalından azad etdi.

Azərbaycan-Türkiyə münasibətlərinə baxdıqda Bakının işğalından öncə baş verən Çanaqqala savaşına da baxa bilərik. Bu döyüşdə yenilməz türk əsgərinə azərbaycanlılar qardaşlıq dəstəyi göstəriblər. Belə ki, birinci dünya müharibəsi əsnasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşündə ittifaq dövlətləri Çanaqqala boğazına girmişdilər. Qardaş dövlət üçün əhəmiyyəti böyük bu döyüşdə qəhramanlıq göstərən mindən çox azərbaycanlı şəhid və qazi olub. Bu müharibə Türk Qurtuluş Savaşına təsir etdi.

1920-ci ildə Azərbaycan müstəqilliyini itirdikdən sonra Azərbaycanın mühacir hökuməti, dövlət idarəçiliyində iştirak etmiş ictima və siyasi xadimlərin çoxu qardaş ölkəyə getdilər. Və orada Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardılar, bu məmləkəti orada və digər ölkələrdə tanıtmağa çalışdılar.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın müstəqilliyini ilk tanıyan yenə qardaş türklər oldu. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, daha sonralar ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimləri Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətini özündə əks etdirir. Hər iki deyim hər iki dövlətin idarəçiləri tərəfindən mənimsənilib, tətbiq olunub. Xalq onsuz da birdir, böyük türk xalqının nümayəndələridir. Amma dövlət münasibətləri məhz Heydər Əliyevin həmin fikirlərinin əsasında inkişaf etdi”, - deyə qeyri-hökumət təşkilatının rəhbəri bildirib.

Çingiz Bayramovun sözlərinə görə, hazırda Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə irəliləyir: “Məsələn, Azərbaycan xaricə ilk böyük sərmayəsini bu il qardaş Türkiyəyə qoydu. STAR neft emalı zavodu müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib. Bu yatırımlar bizim Aralıq dənizi bazarında mövqelərimizi möhkəmləndirəcək. Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin ən böyük xarici investoruna çevrilib.

Bir çox sahələrdə Azərbaycanla Türkiyə qarşılıqlı olar bir-birinə sərmayə, yatırım qoyublar. Türkiyədə Azərbaycan dövləti zavodlar, fabrikləri yaradıb ki bu da qardaş ölkənin iqtisadiyyatına böyük dəstəkdir. Eyni zamanda, qardaş ölkənin Azərbaycanda faliyyət göstərən iri şirkətləri var. Minlərlə azərbaycanlı həmin şirkətlərdə çalışır”.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin rəhbəri bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsas istiqamətlərindən biri də tələbə mübadiləsidir: “1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qardaş ölkəyə tələbə göndərdi. Həmin dövrdə qardaş ölkədə təhsil almağa gedən 50 nəfər tələbə sayı bu gün minlərlədir. Tələbə mübadiləsi başladı, qardaşlıq körpüləri möhkəmləndi. Tükiyədə təhsil alan azərbaycanlılar geri dönüb müxtəlif sahələrdə xidmət edib ölkəmizə və millətimizə dəstək verirlər.

Azərbaycan-Türkiyə münasibətləri tələbə mübadiləsi ilə də bitmir. İki ölkənin mediası və qeyri-hökumət təşkilatları arasında münasibətləri, əlaqələri da unutmaq olmaz. Azərbaycanın bir çöx qeyri-hökumət təşkilatları Türkiyənin qeyri-hökumət təşkilatlarını özünə portnyor olaraq görür və dünyada birlikdə hərəkət edirlər.

Yaxın keçmişdə Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev Türkiyədə olub, iki ölkənin qeyri-hökumət təşkilatlarının bir platformada birləşməsi ilə bağlı təklif edib və bu təklif müsbət dəyərləndirilib.

Bu göstərcilər Azərbaycan-Türkiyə münasibətlərində hər sahədə var. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və göstərişi ilə Qafqaz İslam Ordusunun Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı böyük paradın keçirilməsi və orada qardaş ölkənin silahlı qüvvələrinin də iştirakı, qırıcılarının Bakı səmasında uçması bizə böyük ruh verdi. Bu da onu bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə irəliləyir”.

Ç.Bayramov deyib ki, beynəlxalq plarformalarda Azərbaycanla Türkiyə birlikdə hərəkət edirlər: “Birləşmiş Millətlər Təşkilatında bu ölkələr hər zaman bir-birinin yanındadırlar. Avropa təşkilatlarında bu ölkələr bir-birinə dəstək verirlər. Xatırladım ki, xaricdə keçirilən bir tədbirdə Ermənistan rəhbərliyinin Türkiyə haqqında dediklərinə cavab olaraq Prezident İlham Əliyev “Türkiyə burada yoxdur, amma mən buradayam”, - deyib onun əsassız iddialarına cavab vermişdi.

Eyni zamanda, Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı göstərdiyi mövqe, beynəlxalq platformalarda qardaş ölkənin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirməsi Azərbaycan-Türkiyə münasibətlərinin göstəricisidir. Düşünürəm ki, dövlətlərimiz arasında qardaşlıq münasibətləri sona qədər davam edəcək”.

QHT rəhbəri deyir ki, bəzi qüvvələr Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı şayiələr yayırlar: “Mən inanmıram ki, bu şayiələr Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyənə kimi gerçəkləşsin. Bu məsələ Azərbaycanla yanaşı Türkiyə üçün də vacib məsələdir. Paşinyan hakimiyyəti regionda sülh istəyirsə, normal münasibətlərin qurulmasını istəyirsə, Azərbaycana qarşı iddialarından, eyni zamanda Türkiyəyə qarşı iddialarından əl çəkəcək ki, qonşuluq əlaqələri qurulsun. Hazırkı şərtlərdə Türkiyənin Ermənistanla sərhədləri açacağına inanmıram”.

Ç.Bayramov bildirib ki, Türkiyə NATO ölkəsidir və müqavilə öhdəliklərinə görə bu qurumla razılaşdırıldıqdan sonra Türkiyənin Azərbaycanda hərbi bazası ola bilər. “Türkiyə NATO ölkəsi olsa da, müstəqil hərbi siyasət yürüdür. Bu siyasəti Türkiyənin İraqın şimalında apardığı əməliyyatlarda gördük. O məsələdə heç bir NATO ölkəsi Türkiyəni dəstəkləmədi, Türkiyə müstəqil hərəkət elədi. Əksinə Türkiyəyə qarşı sərt mövqe bildirildi. Türkiyənin ordusu sülhsevər ordudur və terrorçulara qarşı mübarizə aparır.

Strateji dövlət olaraq Azərbaycanla Türkiyə arasında müqavilə var. Həmin müqaviləyə əsasən Türkiyə Azərbaycanda hərbi baza yarada bilər. Qardaş ölkədə belə bir fikir varsa, Azərbaycan hökuməti və xalqı da bunu yüksək qiymətləndirər. Türkiyənin silahlı qüvvələrindən biz çox şey öyrənməliyik. Qardaş ölkənin hərbi məktəblərində bu gün bizim yüzlərlə tələbimiz məzun olub, dövlətimizə və millətimizə xidmət edən hərbçimiz var. Azərbaycan Türkiyədən silah alan dövlətdir. Bir çox səbəblərdən qardaş ölkənin Azərbaycanda hərbi baza yaratmasını yüksək dəyərləndirmək olar”.

QHT rəhbəri Çingiz Bayramov bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Qardaş ölkə bu mövqeyini dəfələrlə beynəlxalq platformada israrla ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Azərbaycana hərbi dəstək verə bilər. Çünki işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda PKK terrorçuları var və terrorçuları birlikdə təmizləyə bilərik. Bu məqsədlə Türkiyə silahlı qüvvələri Azərbaycan ordusu ilə birlikdə əməliyyat keçirə bilər. Türkiyə Fələstində baş verən münaqişə ilə bağlı göstərdiyi mövqeyi Dağlıq Qarabağla bağlı da göstərə bilər. Qardaş ölkənin Xarici İşlər Nazirliyi Paşinyan hakimiyyətinə qarşı sərt mövqe qoya bilər ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çəkilsinlər. Türkiyə bu münaqişə ilə bağlı ATƏT-in Minsk qrupunu əvəzləyə bilər. Dünya görür ki Türkiyə şəxsi mənafeyi üçün deyil ədalət üçün mübarizə aparır. Fransanı Minsk qrupundan uzaqlaşdırmağın vaxtı çatıb. Türkiyə bu qrupa daxil edilməlidir”.

“Bizimyol.info”

Son xəbərlər
Bütün xəbərlər »