Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlara verilən möhlət hüququ bu ay bitir - Dövlət Agentliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qeydiyyatından keçməyə çağırır.

Bizimyol.info xəbər verir ki, Agentlik tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb. Prosedur kifayət qədər asan olsa da indiyədək qida sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (maddə 7), Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.

Qanunun 7.3-cü maddəsinə əsasən Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Odur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirsinlər və qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyə müraciət etsinlər. Əks halda, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »