Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlara qarşı zorakılıqlar niyə artır?
Hüquq müdafiəçiləri problemlərdən biri kimi sosial-iqtisadi gərginliyi göstərirlər

Dünyada neftin qiymətlərinin aşağı düşməsi fonunda yaranmış maliyyə böhranı, Azərbaycanda milli valyutanın devalvasiyası, inflyasiyanın artması cəmiyyətində bir sıra neqativ tendensiyaları üzə çıxarıb. İşsizlik, gəlirlərin azalması, əhalinin müəyyən təbəqəsinin borc içində olması və s. ölkədə xüsusilə qadınlar arasında sosial-psixoloji vəziyyəti gərginləşdirib. Yaranmış arzuolunmaz vəziyyət zorakılıq və intiharların artmasına səbəb olur.

Ölkəmizdə qadınların mövcud sosial-psixoloji problemləri necə həll olunmalıdır? Bu barədə avqustun 3-də “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva, “Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalova, “XXI əsrin qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və digər əlaqədar şəxslər iştirak edib.

Ülkər Abdullayeva deyib ki, qız uşaqlarının sayının şüurlu sürətdə azaldılması qadınlara münasibətin göstəricisidir: “Azərbaycanda qız uşaqlarının sayı oğlan uşaqlarının sayına nisbətdə xeyli azalmağa başlayıb.

Statistikaya əsasən isə Azərbaycanda intihar edənlər arasında kişilərin sayı qadınlardan çoxdur. Bütün cəmiyyətin problemlərini həll etmiş olsaq, onda qadınların da problemləri həllini tapacaq. Biz istəyirik ki, cəmiyyətdə qadınlara qarşı fərqli yanaşmanı aradan qaldıraq”.

***

Mehriban Zeynalova qadın və kişi bərabərliyindən danışaraq, cəmiyyətdə qadınların aşağılanmasını şiddətlə qınayıb: “Qadınların yaşadığı sosial-psixoloji problemlər uşaqlara da mənfir təsir göstərir. Nəticədə bu məsələlə uşaqların da problemidir. Uşaqların da hüquqları pozulur. Hələ də gender ayrıseçkiliyi var, qızların tərbiyə metodu başqadır, selektiv abortlar mövcuddur.

Rayon və şəhər qadınlarının özünəməxsus sosial-psixoloji problemləri, streotipləri və adətləri var ki, bu da bəlli problemlərin yaranmasına səbəb olur. Qanundan fərqli olaraq cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yoxdur. Təhsil, işə qəbul proseslərində qadınlar bu problemlərlə rastlaşırlar.

Zərif cinsin nümayəndələrinə qarşı “bacarıqsızdır”, “idarəedə bilmir” kimi qınaqlara rast gəlirik. Bu və digər mövzularda sosial şəbəkələrdə qadınlar daha çox tənqid olunur, hətta təhqir olunur. Qadınları əxlaq keşikçisi kimi təqdim edirlər. Qadınlara qarşı stereotiplərin qaldırılmaması, sosial-iqtisadi vəziyyət qadınları intihara sürükləyir. Bu kimi problemin bir səbəbi də qadın hərməyliyinin olmamasıdır. Bunun üçün isə qadınlar təhsilli olmalı və öz hüququnu bilməlidir”.

***

Mahirə Əmirhüseynova xəyanət nəticəsində qətillərin artdığından narahatlığını bildirib: “Bəzi kişilər qınaqlara və stereotiplərə dözməyərək xəyanət edən qadınları öldürürlər. Mehriban şəkildə ayrılmaq lazımdır və bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır”.

M.Əmirhüseynova vurğulayıb ki, Azərbaycan cəmiyyətində qadınlara münasibət yüksək səviyyədədir: “Cəmiyyətin qadınlara xüsusi münasibəti, hörməti var. Onlara dəyər verilir. Təəssüf olsun ki, bəzi qadınlarımız azadlıqla özbaşınalığı qarışdırırlar. Bunun da nəticəsi ağır olur. İstənilən halda mən birmənalı olaraq qadınların qətilə yetirilməsinin əleyhinəyəm. Şüurlu şəkildə insanlar məsuliyyətini hiss etməli və biz sivil cəmiyyətin formalaşmasını təbliğ etməliyik”.

Tədbirdə intiharın yaranmasının bir neçə səbəbləri diqqətə çatdırılıb. Onlar bioloji, psixoloji, sosial faktırlar və genetiv amillərdir. İntiharların qarşısını almağın yollarından biri kimi ümumtəhsil müəssisələrində psixoloqların fəaliyyəti göstərildi. Eləcə də, cəmiyyətin mədəni səviyyəsinin qaldırılması ilə arzuolunmaz halların qarşısı alına bilər. İntiharın bir səbəbi aztəminatlı ailələrin və müflis olan kiçik sahibkarların banklara yüksək məbləğdə borcunun olmasıdır.

Gender məsələləri üzrə ekspert Yeganə Hacıyeva bildirib ki, intiharların və məişət zorakılığının qarşısını almaq üçün kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının üzərinə böyük iş düşür. Bu təşkilatlar vasitəsi ilə maarifləndirilmə işinin aparılmasına və məlum şəxslərə yardımların, dəstəklərin olunmasının vacibliyi qeyd olundu.

***

Media üzrə ekspert Azər Həsrətin sözlərinə görə, intihar və zorakılıqla bağlı statistikalar artmayıb: “Sadəcə əvvəlki illərə nisbətən indi informasiyaya çatım imkanları artıb. Bizə isə elə gəlir ki, intihar və zorakılıq hadisələri artıb.

Bu hadisələrin yaşanma səbəbi ailə üzvləri arasında səmimi münasibətlərin və uyğunluğun olmamasıdır. Sevgi və zövq hisslərinin internet vasitəsi ilə yaşanması isti münasibətlərə və real ünsiyyətə mənfi təsir göstərib. Bu da arzuolunmaz halların yaşanmasına şərait yaradıb.

Hesab edirəm ki, kütləvi informasiya vasitələrində sosial-psixoloji problemlərin qarşısının alınması istiqamətində yetərincə materiallar dərc olunur, yayımlanır”.

Təhsil üzrə ekspert Vəfa Vəliyeva deyib ki, qadınların mövcud sosial-psixoloji problemlərinin yaranma səbəbi uyğunlaşmanın olmamasıdır: “İnsan və cəmiyyət haqqında maarifləndirmə işi aparılmalıdır. Uyğunlaşma və sevgi olmasa, neqativ hallar yaşanacaq, anlaşılmazlıqlar zorakılığa və intihara səbəb olacaq”.

***

Dövlət Statistika Komitəsinin internet səhifəsində yerləşdirilən “Azərbaycanda demoqrafik vəziyyət” haqqında ötən ay verdiyi məlumata görə, 2017-ci ilin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.

Cari ilin yanvar-may ayları ərzində ölkədə 25638 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,4 təşkil edib.

2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olunub.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1078 nəfər Azərbaycana gələn, 607 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 471 nəfər təşkil edib.

Ramid İBRAHİMOV

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »