Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Türkiyə ilə birgə qoşun yaratsa...”
Nəzakət Məmmədova: “Proseslər belə davam etsə, bəzi dövlətlər ərazi itkisinə məruz qalacaq”

Onsuz da mürəkkəb olan beynəlxalq siyasi vəziyyət son vaxtlat daha da mürəkkəbləşib. Yaxın və Orta Şərqdə gedən proseslər, ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda bəzi müşahidəçilər obrazlı şəkildə Üçüncü Dünya Müharibəsinin yaxınaşdığını deyir, hətta başlandığını iddia edirlər. Azərbaycanın da yerləşdiyi region mühüm, bir çox hallarda təhlükəli geosiyasi intriqaların episentrinə çevrilməkdədir. Belə bir şəraitdə Azərbaycanın xarici siyasətinin üzərinə çox çətin və ciddi vəzifələr düşür. Bu risqlər fonunda Azərbaycan xarici siyasət kursuna necə korrektələr etməlidir, ümumiyyətlə, korrektələrə ehtiyac varmı? Hətta dövlətimizin neytrallıq statusu alması kimi təklif də səslənir. Balanslaşdırılmış siyasət neytrallıq statusu iləmi əvəz olunmalıdır, yoxsa Azərbaycan beynəlxalq arenada fəallığını artırmalıdır? Bütün bu və başqa mühüm suallar ətrafında beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis, Azərbaycanın xarici siyasəti ilə bağlı maraqlı tədqiqatlar aparmış siyasətşünas alim, siyasi ekspert Nəzakət Məmmədovanın “Bizim Yol” qəzetinin və bizimyol.info portalının baş redaktoru Bahəddin Həziyevə müsahibəsini təqdim edirik.

- Bu günlərdə mediada belə bir fikrə rast gəldim: hazırkı çox mürəkkəb geosiyasi durumda risqlərdən və yeni təhlükəli çağırışlardan qorunmaq üçün Azərbaycan neytral dövlət statusu almaq üçün BMT-yə müraciət etməlidir. Bu fikrə münasibətiniz necədir?

- Mən bu fikirlə razı deyiləm.

- Çünki neytrallıq dövlətin qarşısında müharibə zamanı heç bir lokal, regional və beynəlxalq münaqişəyə qoşulmamaq, dinc dövrdə isə hər hansı bir hərbi blokda iştirak etməmək öhdəliyi qoyur. Ərazisinin 1/5 hissəsi MDB-nin regionlal hərbi blokunun - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan, Cənubi Qafqazda fəal aqressiv militarist siyasət yeridən, eyni zamanda Rusiya ilə geniş ikitərəfli hərbi muttəfiqlik əlaqələrinə malik olan Ermənistan tərəfindən işğal olunmuş bir ölkə neçə neytral ola bilər?! Bunun müqabilində Azərbaycan hələ ki, fəal diplomatiya həyata keçirməklə münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Lakin Silahlı Qüvvələrin Ali Baş komandanı Prezident cənab Əliyev də daima vurğulayır ki, müharibə variantı da masa üzərindədir və diplomatik vasitələr tukənərsə, hərbi həll variantı qaçılmazdır.

“Neytral dövlət statusu alsaq, çox şey itirərik”

- Ancaq müxalif dairələr zaman-zaman belə bir fikir irəli sürür ki, Azərbaycanın indiki təhlükəsizlik siyasəti bizi müttəfiqsiz qoyub..

- Bu da doğru deyil. Azərbaycan öz yaxın müttəfiqləri Türkiyə, Pakistan, eləcə də, qonşu Rusiya ilə geniş ikitərəfli hərbi əlaqələrə malikdir. Bu, bizim ölkəmizin təhlükəsizliyinin qarantıdır. Ölkəmiz NATO nun "Sülh naminə fərdi tərəfdaşlıq proqramı"nda və digər proqramlarında iştirak edir, hər il onlarla hərbçimiz müxtəlif tədbirlərdə iştirak edərək, öz təcrübəsini artırır, ölkəmizə faydalı mütəxəssislər kimi yetişir. Biz Kosovoda, Əfqanıstanda, İraqda hərbi sülhyaratma missiyalarının tərkibində iştirak etmişik. Eyni zamanda, müharibə şəraitində olan ölkə olmağımız nəzərə alınaraq büdcəmiz ordu quruculuğuna böyük vəsait ayırmağa məcbur olmuşuq, daxildə güclü hərbi infrastruktur yaradılıb. Biz habelə silah istehsal edirik. İsrail kimi bir dövlətlə bu sahədə əməkdaşlığımız var. Neytrallıq statusunun qazanılması bütün bunların itirilməsinə gətirib çıxara bilər.

- Bu, özünü nədə göstərəcək?

- Büdcədə hərbi sahəyə ayrılmış xərclərin ixtisarından tutmuş, hərbi obyektlərin demontaj edilməsinə, beynəlxalq hərbi əməkdaşlığın, eləcə də regional və ikitərəfli əlaqələrin minimuma endirilməsinədək müxtəlif tədbirlərdə. Azərbaycan öz xarici və daxili siyasətinə tamamilə yenidən baxmalı, yeni hərbi doktrina, milli təhlükəsizlik konsepsiyası hazırlamalı olacaqdır. 1993-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik konsepsiyasını siyasi, iqtisadi, hərbi cəhətdən güclü dövlət ideologiyası üzərində qurmuş, onun rəhbərliyi sayəsində buna müvəffəqiyyətlə nail olunmuş, bu gün də həmin işlər uğurla davam etdirilməkdədir. Birdən-birə bu statusun dəyişməsi çox böyük bir dəyişikliklərə yol aça bilər. Hazırkı dünya siyasi, iqtisadi, hərbi, diplomatik baxımdan böhran keçirir, silahlı münaqişələr geniş vüsət alıb. Azərbaycan bu proseslərdə fəal əməkdaşlıq, barışdırıcılıq mövqeyi tutan bir dövlətdir. Belə bir şəraitdə neytrallıq statusunun əldə edilməsi bizi bir çox proseslərdən təcrid edə bilər. Bizim kifayət qədər potensialımız olduğu halda özümüzü fəal xarici siyasətdən məhrum edə, proseslərə yalnız müşahidəçi gözü ilə baxmaq məcburiyyətində qala bilərik. Neytrallıq dövlətin qarşısında üç şərt qoyur: Əvvəla, bu beynəlxalq-hüquqi statusu əldə etmiş dövlət istənilən lokal və qlobal münaqisədə iştirakdan çəkinməlidir. Yuxarıda qeyd etdiyim kimi Azərbaycan bunu edə bilməz, həm müharibə şəraitində olan, ərazisi işğal edilən bir dövlət kimi, eyni zamanda beynəlxalq hərbi tərəfdaşlıq münasibətləri olan dövlət olaraq. Neytrallıq statusu dövlətin öz ərazisini müharibə zamanı digər ölkələrin istifadəsinə verməsi hüququnu qadağan edir.Yəni, baza, tranzit, uçuş və s.məqsədlə döyüşən tərəflərə neytral dövlətin ərazisindən istifadə qadağan olunmalıdır. Lakin biz Əfqanıstan, İran kimi dövlətlərlə yaxınlıqda yerləşirik. Əfqanıstana gedən NATO-ya məxsus hərbi yüklər, eləcə də, humanitar yuklər Azərbaycan ərazisindən daşınıb.

“Bu dövlətlər ərazi itirmək təhlükəsi qarşısındadır”

- Siz İranın adını çəkdiniz. İrana qarşı öz ərazimizdən istifadəyə onsuz da imkan verməmişik. Həm də İrana qarşı ABŞ və Avropa dövlətlərinin sanksiyaları qismən götürülür, mövqelər yaxınlaşan kimi göründü...

- Bəli, elədir. Obama administrasiyasının son dövrlərində İranla münasibətdə mülayim xarici siyasət meylləri güclənsə də, ABS da yeni hakimiyyət yenidən İrana qarşı sərt mövqe tərəfdarıdır. Artıq əsas hədəf Rusiya, İran və Şimali Koreyadır. Prezident Trampın bu günlərdə RF-ə qarşı yeni sanksiyaların tətbiqi, Ukraynaya hərbi yardım göstərilməsinə dair qanun layihəsini imzalaması da bunu bir daha sübut edir. Bildiyimiz kimi, ABŞ xarici siyasəti daim ekspansionist və izolyasiyonistlərin fikir ayrılıqları üzərində qurulub. Birinciləri Pentaqon, ikinciləri isə Dövlət Departamenti təmsil edir. Onları bəzən obrazli şəkildə “qırğılar” və “göyərçinlər” də adlandırırlar. Hazırda Birləşmiş Ştatların xarici siyasətində “qırğı”ların və ya “şahin”lərin, yəni sərt xarici siyasət tərəfdarlarının təsirinin getdikcə güclənməsi açıq-aşkar hiss olunur. Bu baxımdan əsas hədəf ölkələrdən biri dediyimiz kimi İrandır. Hazırda Yaxın Şərqdə eynilə 100 il əvvəlki proseslər gedir. Birinci Dünya müharibəsinin sonuna yaxın "Avropanın xəstə adamı" adlandırılan Osmanlı imperiyasının süqutu ərəfəsində regionun nüfuz dairəsinə bölünməsi prosesi həmin vaxt olduğu kimi, bu gün də geniş vüsət alıb. Demək olar ki, yenə də eyni böyük dövlətlər - ABŞ, Fransa, Britaniya bu məsələdə həmişəki kimi fəallıq göstərirlər. Almaniya da proseslərin fəal iştirakçısıdır.

- Bu fəallıq bölgə üçün nə kimi dəyişikliklər və ya kataklizmlər vəd edir?

- Bildiyimiz kimi, hələ 1916-cı ildə Fransa və Britaniya arasında məxfi imzalanmış Sayks-Piko müqaviləsi var idi və o, Osmanlının torpaqlarının bölünməsini nəzərdə tuturdu. Mən inanıram ki, həmin müqavilənin məqsədləri, prinsipləri bu gün də qüvvədə qalır və hazirda baş verən proseslər məhz onun həyata keçirilməsinə doğru atılan addımlardır. Bu planlara əsasən, regionda ərazi itirməyə namizəd ölkələr var. Buraya Suriya ilə yanaşı, gələcəkdə İranı da aid etmək olar. Hətta Türkiyənin də adı bu siyahıda hallanır. Hazırkı münaqişədə sırf ərazi və nüfuz dairəsini itirməkdə olan dövlətlər kateqoriyası mövcuddur. Ərazi itirmək ehtimalı olanlar dediyimiz kimi Suriya, İran və Türkiyədirsə, nüfuz dairəsini itirən ən böyük dövlət Rusiyadır. Balkanlardan çıxarıldıqdan sonra Yaxın Şərqdə də sıxışdırılan Rusiyanın Cənubi Qafqazda öz təsirini möhkəmlətməyə, habelə MDB-nin xüsusilə cənub sərhədləri daxilində və özünün Şərqi Avropa ilə hüdudlarında mohkəmlənməkdən başqa çıxış yolu qalmır. Bax, belə bir şəraitdə, Azərbaycan neytral qala bilməz. Biz bununla özümüzü beynəlxalq proseslərdən könüllü şəkildə təcrid etmiş olarıq, özümüzü tərksilah etmiş olarıq. Bu, ona bənzəyir ki, qonşuda yanğındır və biz əlimizə su alıb yanğını söndürməyə kömək etmək əvəzinə qapını bağlayıb alovun ssngiməsini gözləyirik. Axı, belə olarsa, yanğın bizim evə də sıçraya bilər. Siyasi realizmin banisi Morgentaunun belə bir fikri var: əgər diplomatiyanın arxasında real hərbi güc dayanmırsa, o diplomatiya mənasızdır. Odur ki, biz neytral yox, diplomatiya və hərbi gücümüzü uğurla tətbiq edərək istədiyimizə nail ola bilərik. Hazırkı şərait bunu tələb edir.

“Avstriya və İsveçrə nümunələri bizim üçün keçərli deyil”

- Qonşudakı yanğından bəhs etdiniz. Əslində qonşu bizim evimizdə yanğın törədib. Bu baxımdan, Rusiyanın Ermənistanla birgə qoşun yaratması bizim üçün, region üçün nə anlama gəlir?

- Mən qonsudakı yanğın deyərkən, Yaxın Şərqdə alovlanan, habelə Türkiyə, Rusiya, İran kimi üç böyük qonşumuzun iştirak etdiyi regional, bəzilərinin dediyi kimi isə, yeni dünya müharibəsinə aparan münaqişəni nəzərdə tuturam. Azərbaycan bu və ya digər formada Yaxın Şərqdəki münaqişənin təsirini zaman- zaman hiss edir. Bu, elə bir münaqişədir ki, çox az ölkə bundan kənarda qala bilər. Müharibənin siyasi, hərbi, iqtisadi, humanitar aspektləri vardır ki, bu, bir çox ölkələrə təsirsiz ötüşmür. Bəli, tam haqlısınız ki, hələ bu münaqişədən çox əvvəl, qonşu bizim evdə yanğın törədib və ilk əvvəl yanğın elə bizim ərazimizdə başlayıb. Neytral olmaqla bu yanğını söndürmək olarmı?! Biz atəşkəsi nəfəs dərmək, itirilmiş gücümüzü bərpa etmək üçün imzaladıq. Bu gücümüzü qazandıq da. Biz nəinki hərbi qüdrətimizi, habelə siyasi nüfuzumuzu artırdıq, regional və beynəlxalq irimiqyaslı layihələr, tədbirlər həyata keçirdik. Bu cür potensialın neytrallıqla əvəz olunması nə qədər doğru qərar olardı?!

- Beynəlxalq siyasi potensialımızı reallaşdırmaq imkanlarımız da varmı?

- Təbii ki. İmkan hər zaman var və biz bunun reallaşdırılmasıni müşahidə edirik. Beynəlxalq siyasətdə heç nə qarşılıqsız olmur, elə belə verilmir. Nə isə əldə etmək üçün nəsə təqdim etməlisən, nələrisə qazanmaq üçün nələrdənsə imtina etmək lazımdır. Beynəlxalq dəstək qazanmaq üçün beynəlxalq proseslərdə təşəbbüskarlıq, fəallıq nümayiş etdirmək lazımdır. Neytral olarıqsa, bu təsəbbuslər fəal olmaya bilər, öz səmərəsini itirər.

- Neytral dövlətlər beynəlxalq təşəbbüslərdə iştirak etmirmi?

- Hazırda bir neçə neytral ölkə var ki, bunlardan ilk ağla gələn Avstriya, İsveçrə, Türkmənistandır. Bəs bu ölkələrə neytral olmağa necə imkan verilib? Avstriyanın neytral olması 1955-ci ildə təsbit edilib. Bunun əsas səbəbi onu İkinci Dünya Muharibəsi zamanı Almaniyanın müttəfiqi olması və almandilli ölkə olması idi. Almaniya özü müharibə başa çatan kimi dərhal qalib müttəfiq dövlətlər arasında dörd işğal zonasına bölündü, daha sonra bildiyimiz kimi Qərbi və Şərqi Almaniya yaradıldı. Avstriya isə neytallasdırıldı! Avstriyanın neytral olması bir növ Almaniyanın müttəfiqi və almandilli ölkə olması, Anşlyusa könüllü razılıq verdiyi üçün cəza kimi də qəbul edilə bilər. Yəni onu sonrakı Mərkəzi Avropadakı militarizm siyasətindən uzaq tutmaq siyasəti. Çünki Avstriyanın böyük imperiya keçmişi var. Orta əsrlərdə Osmanlı imperiyası ilə Avropada nüfuz uğrunda rəqabət aparmış Habsburqların tək qüdrətli dövlətidir. Avstriya-Macaristan imperiyasının mərkəzidir. Məhz iki dünya müharibəsində Almaniyanın müttəfiqi olaraq anqlo-sakson, frank ideologiyasına qarşı olması onun həmin dövlətlər tərəfindən neytrallaşdırılmasına səbəb oldu. Lakin Avstriya heç özü də bu statusla razı deyil. Zaman zaman bəzi siyasi qüvvələr hətta Avstriyanın bu statusdan imtina edərək NATO-ya üzv olmasına çalışmışlar. Lakin ölkədəki müxalifətin müqaviməti buna mane olub. Neytrallıq statusu sayəsində bu ölkənin xarici siyasəti çox pasifist xarakter alıb. Hətta neytrallıq əleyhdarları onun xüsusi tip neytral olmasını, bir qədər dəyişməsini tələb edirlər. Əgər biz də neytral olarıqsa, bu, ilk növbədə pasifist, sülhpərvər xarici siyasət tələb edəcəkdir. Bizə bu nə qədər lazımdır və əlverişlidir?! İsveçrənin neytrallıq məsələsinə gəlincə, düsünurəm ki, belə bir neytral, münaqişəyə qoşulmaq icazəsi olmayan ölkə yaratmaqla ilk növbədə beynəlxalq maliyyənin təhlükəsizliyinin təmin olunması məsələsi öz həllini tapıb. Kimliyindən asılı olmayaraq, hətta faşist Almaniyasının maliyyəsi belə burada əmin-amanlıq şəraitində qorunub. Deməli, Avropanın mərkəzində Avstriyanın, habelə maliyyə mərkəzi və iqtisadi məşvərət mərkəzi kimi (Davos İqtisadi Forumu) İsveçrənin mövcudluğu bəzi beynəlxalq güclərin marağındadır. Azərbaycana bu imkan verilə bilərmi? Bu, kimlərinsə marağındadırsa, bir çoxlarının marağı ilə ziddiyyət təşkil edə bilər. Biz yeni ziddiyyətlər burulğanına düşə bilərik. Daha bir mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan Rusiya, Türkiyə, Gürcüstan və Ermənistanla yanaşı 1921-ci il Qars müqaviləsini imzalayan, Naxçıvanın təhlükəsizliyinin qaranti olan ölkələrdən biridir. Bizim neytrallıq statusu əldə etməyimiz şübhəsiz ki, bu məsələyə də təsirsiz ötüşməyəcəkdir. Odur ki, bu cür məsələlər çox ciddi yanaşma tələb edir. Təbii ki, biz burada bir müşahidəçi, siyasi nəzəriyyəçi kimi fikrimizi deyirik. Hər bir halda bunu ən gözəl dəyərləndirən şəxsiyyət prezident cənab Əliyevdir. O, özu həm beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə təhsil almış və siyasi elmlər doktoru alimlik dərəcəsi olan şəxs kimi, eyni zamanda mustəqil Azərbaycanın görkəmli siyasi rəhbəri, beynəlxalq səviyyədə qəbul edilmiş nüfuzlu bir siyasətçi kimi bunları gözəl bilir və bu məsələlərə dair qərarlar onun siyasi iradəsindən asılıdır.

Rusiya ilə Ermənistanın birgə qoşun yaratmasının pərdəarxası

- Rusiya ilə Ermənistanın birgə qoşun yaratmasının Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra təsdiqlnməsi Sizcə nə demək idi?

- Belə bir məsəl var: məlumun elanı. Yəni Rusiya və Ermənistanın birgə qoşun yaratması artıq bir neçə əsrdir mövcud olan məlum uğursuz geosiyasi ittifaqın növbəti təzahürüdür. Bildiyimiz kimi, bu, qəfil verilən bir qərar deyil. Belə ki, hələ ötən il KTMT-nin Yerevandakı toplantısında nazir Şoyqu belə bir niyyətlərinin olmasına dair açıqlama vermiş, elə həmin vaxt da bir sıra sazişlər imzalanmışdı. Bu razılaşma Rusiya Dövlət Dumasında ötən il ratifikasiya olunmuşdu. Cari ilin iyulun 26-da isə prezident Putin bunu imzalayaraq qanuni qüvvəyə mindirdi. Müqavilənin preambula hissəsindən də göründüyü kimi, o, 2016-ci ilin 30 noyabrında Moskvada imzalanıb.

- Müqavilənin hansı geosiyasi nəticələri ola bilər?

- Bəli məsələnin ən mühüm tərəfi onun regiondakı geosiyasi nəticələri olacaqdır. Bununla belə prosesin siyasi-hərbi, psixoloji aspektləri də diqqət tələb edir. Düşünürəm ki, müəavilənin təsdiq olunması da məhz Rusiya və Ermənistan arasında bu məsələlərin kompleks həllinə yönəlib...

- Bu, əsas məsələlərdən biridir. Yəni 2016-cı ilin aprelində döyüşlər oldu. Noyabrda Rusiya Ermənistanla birgə qoşun yaratmaq haqqında müqavilə imzaladı. Bu, bizi ərazilərimizi hərbi yolla geri qaytarmaq planından çəkindirməkdir. İlk nəticə belədir. Ancaq məsələnin daha geniş izaha ehtiyacı var.

- Bəli. Doğru deyirsiniz. Müqavilə qüvvəyə minməzdən əvvəl Ermənistan Rusiyaya qarşı çox böyük narazılığını ifadə etmişdi. Ermənistan ictimaiyyətinin Rusiyanın Azərbaycana silah satması məsələsinə daim çox aqressiv münasibət bəslədiyi məlumdur. İşğalçı ölkənin prezidenti də bildirir ki, bu, Rusiya-Ermənistan dostluğunun, siyasi-hüquqi müttəfiqliyinin ən ağrılı yeridir. Ermənistan prezidenti, xüsusilə, Rusiyanın təhlükəsizlik sahəsində öz siyasətini diversifikasiya etmək fikrini başa düşmədiyini, bunun guya Ermənistanı Azərbaycanla yeni müharibəyə başlamağa sövq etdiyini vurğulayıb. Bildirib ki, Rusiya ilə olan müttəfiqlərlə bərabər, NATO, AB ilə tərəfdaşlarla da əlaqələrə üstünlük verirlər. Təbii ki, bu, növbəti qeyri-səmimi, əsassız bəyanatdan başqa bir şey deyil. Məlum olduğu kimi, Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin təxribat hazırladığı barədə əsaslı məlumatlar əldə etmiş, ardınca da cəbhənin Füzuli istiqamətində yaşayış məntəqəsinə düşmənin hücumu nəticəsundə dinc sakinlər həlak olmuşdur. Buna cavab olaraq, ordumuz Ermənistanın ərazimizdə qanunsuz yerləşdirdiyi xeyli sayda hərbi texnika və canlı qüvvəsini məhv etdi. Bunlardan qorxuya düşən Ermənistan Rusiyaya öz narahatlığını bildirdi. Hesab edirəm ki, müqavilənin qüvvəyə minməsində Rusiyanın qorxuya düşən Ermənistanı sakitləşdirmək istəməsi kimi psixoloji məqamlar da var. Başqa faktorlara gəlincə, Ermənistan çox çətin geosiyasi, iqtisadi, demoqrafik vəziyyətdə olan zəif bir dövlətdir. Ölkənin dənizə çıxışı yoxdur, yalnız İran, Rusiya kimi beynəlxalq təcridə məruz qalmış ölkələrlə müttəfiqlik münasibətləri var, Türkiyə, Azərbaycan, Gürcüstanla ərazi mübahisələri var, iqtisadi və demoqrafik böhran yaşayır, siyasi sistemi dayanıqsızdır. Belə bir şəraitdə daxili və xarici siyasətdə gözə kül üfürmək, saxta güc nümayiş etdirmək, eyni zamanda Qarabağ münaqişəsinin həllini süni surətdə uzatmaq, vaxt qazanmaq üçün belə bir demarş edilib. Bununla yanaşı, Yaxın Şərqdə və Şərqi Avropada sıxışdırılan Rusiya özünün son istinadgahlarından biri olan Cənubi Qafqazda sığınacaq tapmaqla özünün tam tükənmədiyini nümayiş etdirmək istəyir.

“Ttürkiyə və Azərbaycan belə bir addım atsa...”

- Cəmiyyətdə belə bir sual var: Azərbaycan da Türkiyə ilə anoliji müqavilə imzalaya bilərmi? Bunun nəticəsi nə olar? Ümumiyyətlə, münaqişənin həllində açar dövlət olan Rusiyanın işğalçı tərəflə birgə qoşun yaratmasından sonra Azərbaycanın hansı addımları atması mümkündür və ya hansı addımları atmaması lazımdır?

- Azərbaycanla Türkiyə arasında geniş, çoxsaxəli ikitərəfli əməkdaşlıq əlaqələri var. Müxtəlif qoşun növləri arasında geniş əlaqələr var, ordularımız birgə təlimlər keçir və s. Lakin məhz analoji müqavilənin bağlanmasını hazırkı status-quo şəraitində mümkün hesab etmirəm. Bunun bir çox səbəbləri var. Əvvəla, Türkiyə NATO üzvüdür. NATO kimi ciddi, əhəmiyyətli bir qurumun Orta Şərqdə cinah ölkəsidir, istinadgahıdır. İlk olaraq, təşkilat qarşısında götürdüyü müttəfiqlik öhdəliklərinin tələblərindən irəli gələrək, belə bir müqavilə bağlana bilməz. Bu, mütləq Atlantika Alyansı ilə razılaşdırılmalıdır. Amma bu razılaşma da mümkün görünmür, çünki NATO Cənubi Qafqaz regionunu özünün məsuliyyət zonasına aid etmir. Bəli, Rusiya ilə Ermənistan arasında olan sözügedən müqavilə iki ölkənin ordu birləşmələrinin, ayrı-ayrı qoşun növlərinin birləşdirilməsini nəzərdə tutur. Türkiyə isə bunu dediyimiz kimi NATO təşkilatı çərçivəsində edir, onun üçüncü bir ölkə ilə bu cür müqavilə bağlamaq səlahiyyəti yoxdur. Qeyd etdiyimiz kimi, Turkiyə-Azərbaycan hərbi əməkdaşlığı həm NATO çərçivəsində, həm də ikitərəfli formatda həyata keçirilir. Necə ki, Rusiya-Ermənistan əməkdaşlığı KTMT və ikitərəfli əsaslarla baş verir. Bu, məsələnin hüquqi tərəfidir. Eyni zamanda, nəzərə alaq ki, Türkiyə hazırda özü ilə həmsərhədd ölkələrdə birbaşa yolla hərbi münaqişəyə cəlb olunub, habelə daxildə terrorla mübarizə aparir. Türkiyənin bütövlüyü məsələsi uğrunda İkinci Qurtuluş savaşı gedir. Sadəcə, o dövrdə ölkəni işğal edən Antanta orduları ilə müharibə gedirdisə, indi bu, Qərbin və bəzi qonşu dövlətlərin dəstəklədiyi terror təşkilatlarıdır ki, onlar da gah FETÖ kimi cevrilis hazırlayır, gah da PKK və PYD/YPG kimi ölkədə mütəmadi terror aktları törədir. Ssenari eynidir, sadəcə oyuncular dəyisiblər. Belə bir vəziyyətdə prioritet, ən yaxın hədəfdə Yaxın Şərq böhranından zərərsiz çıxmaqdır. ABS-ın və AB-nin PYD/YPG-ni dəstəkləməsi, terrorçularla əməkdaşlıq etməsi, FETO-nu çökdurməyə kömək etməməsi, Kipr məsələsində yunanlara dəstək verərək, adadan Türk qoşunlarının çıxarılmaq istənilməsi, Qətər böhranı və s.məsələlərdə, habelə referendum ərəfəsində Avropa ölkələrinin şəxsən cənab Ərdoğana qarşı kampaniya aparması səbəbindən Qərblə münasibətlər xeyli dərəcədə gərginləsib. Bunun müqabilində, alternativ kimi Turkiyə-Rusiya münasibətlərində zaman-zaman mülayimləşmə meylləri müşahidə olunmaqdadır. Belə bir şəraitdə, Türkiyənin Rusiyaya qarşı aşkar demarş nümayiş etdirərək Azərbaycanla hərbi müqavilə imzalanması inandırıcı görünmür.

“Radikal müxaliflər, separatçılar, ekstremist qruplar –latent təhlükədir”

- Bu halda çıxış yolu nədir?

- Müttəfiq və tərəfdaş dövlətlərin, təşkilatların olması, yəni ikitərəfli və beynəlxalq əlaqələrin olması çox vacibdir, beynəlxalq siyasətin mühüm tərkib hissəsidir. Lakin dövlətçiliyin qorunması ugrunda xalqın hər şeyə hazır olması, öz dövlətini sevməsi, dövlətciliyə dəstək verilməsi mühüm şərtlərdən biridir. Belə olarsa, heç bir işğalçı dövlət, xarici və daxili qüvvələr dovlətciliyi sarsıda, ona xələl gətirə bilməz. Buna misal olaraq, Türkiyədə ötən il dövlət çevrilişi cəhdinin alınmasında xalqın öz dövlətinin yanında olmasını, ona sahib çıxmasını göstərmək olar. Doğrudur, Azərbaycan bu cür hallarla 1994-1995-ci illərdə qarşılaşdı. Onda da hərbi qiyam vasitəsilə süni müxalifət formalaşdırıb qanuni hakimiyyəti devirmək cəhdləri olmuşdu. Lakin bunun qarşısı uğurla alındı. Hazırda da qarşıdan seçkilər gəlməsini fürsət bilən bəzi mənfur qüvvələr müxtəlif vasitələrlə, o cümlədən, işğalçı Ermənistanı qızışdırmaqla, daxildə radikal müxalifəti, separatçı qüvvələri, dini ekstremistləri ortaya atmaqla ölkəmizin təhlükəsizlik mühitini zədələməyə çalışa bilərlər. Bu cəhdlər həmişə latent vəziyyətdə var və müəyyən məqamlarda üzə çıxa bilər. Bu gün dünyada elə bir vəziyyətdir ki, bəzi hətta yüksək potensialı olan dövlətlər nəinki beynəlxalq siyasi proseslərə yaxın buraxılmır, hətta təcrid olunur, sıxışdırılır, onların iradəsi qətiyyən nəzərdə alınmır. Azərbaycan isə beynəlxalq və regional proseslərdə öz sözünü deyə bilir, konstruktiv əməkdaşlıq əlaqələrini həyata keçirir, diskriminasiyaya məruz qalmır. Bu, mürəkkəb bir proses olsa da, dövlət başçısının yeritdiyi siyasətin nəticəsidir. İnanıram ki, bu siyasət dövlətciliyimizin güclənməsi, ölkəmizin rifahı naminə hər gün daha da uğurla inkişaf etdiriləcəkdir!

bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
Son xəbərlər
Bütün xəbərlər »