Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni il yarmarkaları açıldı - qiymətlər necədir?

Bakı Şəhər İcra Hakimiyyətinin çadırında yenə də pirotexniki vasitə satılır...

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb.

Hazırda Nəsimi rayonu ərazisində 6, Nərimanov rayonu ərazisində 5, Yasamal rayonu ərazisində 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai rayonunda 1 olmaqla, ümumilikdə 12 ərazidə 23 bayram çadırı qurulub.

Bayram yarmarkaları 2019-cu il yanvarın 3-nə qədər davam edəcək. Çadırlarda əsasən yeni il hədiyyələri və meyvə-tərəvəz məhsulları satılır.

Qeyd olunub ki, yarmarkaların təşkil edilməsində əsas məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışın qarşını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təqdim etməkdir.

Bəs deyildiyi kimi, məhsulların qiyməti ucuzdurmu?

Bakıda Yeni illə bağlı bəzəklər, yolkalar bu çadırlarla bərabər həm də iri mağazalarda, bazarlarda da satılır.

“Yeni Müsavat”ın əməkdaşı olaraq çadırlardakı qiymətlərlə mağazalardakı qiymətlərin fərqini öyrənməyə çalışdıq.

Öncə çadırlardakı qiymətlərlə maraqlandıq. Öyrəndik ki, yarmarka çadırlarında ən ucuz yolkanın qiyməti 15 manatadır. Bu yolkanın hündürlüyü təxminən 60 santimetrdir. Satıcılar bildirdilər ki, hündürlüyü 1.20 sm olan yolkanın qiyməti 20 manat, 150 olanın qiyməti 55 manat, 180 sm hündürlükdə olan yolka isə 110 manata satılır. Satıcılar söylədilər ki, alıcılara 5 manata qədər endirim edirlər. Onu da qeyd edək ki, heç bir yolkanın üzərində hündürlüyünün yazıldığı etiket görmədik.

Şaxta baba kuklalarına gəlincə, böyük şaxta baba ( 50 sm hündürlükdə) 50 manata, nisbətən kiçiklər isə 20-30 manata satılır. Şaxta baba geyimləri isə yarmarkada materialından asılı olaraq 5 və 12 manata satılır. Yolka üçün bəzək əşyaları 3-10 manat arasında dəyişən qiymətlərlə satışa çıxarılıb. Ümumilikdə belə çıxır ki, orta ölçülü yolka qurmaq üçün təxminən 70-80 manat arasında pul xərcləmək lazımdır.

Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında satışı qadağan edilmiş pirotexniki vasitənin də satıldığını müşahidə etdik. Məlumat üçün qeyd edək ki, bu maddələrin satışı hələ 2001-ci ildən qadağan edilib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağandır. Lakin nədənsə Bakı Şəhər İcra Hakimiyyətinin öz yarmarkasında bu cür vasitələrə rast gəlinir. Xatırladaq ki, 2016-cı ildə də icra hakimiyyətinin qurduğu yarmarkada pirotexniki vasitə satılırdı. “Yeni Müsavat” bu barədə yazdıqdan sonra vasitələr yarmarkadan yığışdırıldı...

Yuxarıda da qeyd etdiyimiz kimi, mağazalarda da olub, bayram bəzəklərinin oradakı qiymətləri ilə də tanış olduq. Müşahidə etdik ki, mağazalarda bəzi bəzək əşyalarının, yolkaların qiyməti yarmarkalardan daha ucuzdur. Eyni zamanda bütün yolkaların üzərində ölçüsünü göstərən xüsusi etiket və qiymət asılmışdı. Mağazalardakı yolkaların materialı da yarmarkadakılardan möhkəm idi.

Qiymətlərə gəlincə isə mağazada 180 sm hündürlüyündə olan yolka 71 manat 99 qəpiyə, 160 sm hündürlüklü yolka 67 manat 90 qəpiyə, 180 sm-lik materialı daha möhkəm olan yolka 110 manata satılırdı. Mağazalarda tabaşir materialından olan oyuncaq şaxta babalar 115 manata, şaxta baba geyimləri isə 7-10 manata satılır. Şaxta baba papaqlarının qiyməti isə 1-2 manatdır. Yolka oyuncaqlarına gəlincə, onların da qiyməti 4-7 manatadır. Mağazada zərlər 30-70 qəpiyə satılır. Yeni il zınqırovu 2 manat 80 qəpiyə, şaxta baba formasında kiçik bəzəklər 2 manat 90 qəpiyə, maskalar 6 manatadır.

Son xəbərlər
Bütün xəbərlər »