Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev ilk növbədə qonşu dövlətlərlə siyasi münasibətləri tənzimlədi
Zahid Oruc: “Heydər Əliyevə münasibət tarixidir, bu artıq subyektlərin iradəsindən asılı deyil”

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Azərbaycan Respublikasının quruculuğunda, istər daxili nizam-intizamın bərqərar olmasında, istər ölkəxarici siyasətin, ölkələrarası münasibətlərin qurulmasında misilsiz xidməti olan Heydər Əliyevin ölümündən 15 il ötür.

Heydər Əliyev Azərbaycanın Prezidenti olduğu dönəmdə Azərbaycanın dünya birliyinə inteqrasiyasında və xarici siyasətin formalaşmasında, həyata keçirilməsində hansı rol oynadı?

Mərhum keçmiş prezident Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasətdən danışan Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra özünün böyük miqyasını dövlətə daşıdı və dövlətçilik ənənəsi formalaşdırdı, eyni zamanda real fiziki terror təhlükəsi ilə üz-üzə qaldığı halda xarici səfərlərinin heç birini təxirə salmadan beynəlxalq əlaqələrin qurulmasına öz töhvəsini verdi:

"Heydər Əliyevin tarixi şəxsiyyət olaraq Azərbaycanın müstəqil xarici siyasətinin formalaşmasında rolundan danışarkən 1990-cı illər reallığını yenidən qiymətləndirməliyik. Bəlkə də hazırkı dövrdə Ukraynanın məruz qalıdığı savaş və onun Qərb və Rusiya arasında təsir dairələrinə bölüşdürmək uğrunda məruz qaldığı təhdidlər və fəlakətlər Heydər Əliyevin də böyüklüyünə qiymət vermək üçün sanki bir müasir konfliktlərdən sayıla bilər. Miqyasca fərqli olsa da xalq, mental dəyərlər onun ənənələrinə baxmayaraq, həmçinin Qərbin bütün intitutlarının, iqtisadi və maliyyə strukturlarının köməyi ortada olduğu təqdirdə Ukrayna dövlətçiliyi böyük problemlər yaşamaqdadır. Elə isə öz ərazisini itirən dövlət üçün daxildən səfərbər olunmadan separatizm ocaqlarını söndürmədən hansısa regional qonşularla, beynəlxalq təşkilatlarla əlaqələri qurmağı necə təmin etmək olardı? Mən çox yaxşı xatırlayıram ki, Heydər Əliyevin Bakıya, siyasi haklimiyyətə ikinci dönüşü fonunda Avropa mediasında yer alan mətbuatın böyük bir hissəsi onun Sovet dövründə keçdiyi çox əzəmətli yola işarə edərək müəyyən bir səviyyədə şübhəçilk sərgiləyirlər. Bu arqumentlərin əsasında o dayanırdı ki, bəlkə avtomatik olaraq belə böyük bir miqyasda olan adam yenidən Rusiyanın pereferiyasına bir ölkəni yuvarlamağa çalışacaq və bölgədə Qərbin maraqları kəskin bi şəkildə zərbə alacaq. Hətta mən onu da vurğulamağı vacib sayıram ki, bir türk jurnalist Milli Məclisin binasında Heydər Əliyevdən soruşmuşdu ki, "Demokrasi bitti mi?", cavab həqiqətən də Heydər Əliyevə məxsus müdrikliklə qətiyyətlə verilmişdi. Ulu öndər söyləmişdi ki, əksinə, biz indi Avropa dövlətləri ilə daha realist bir səviyyədə, daha bərabərhüquqlu tərəfdaş və iqtisadi-siyasi partnyor, həmçinin də azad cəmiyyət quruculuğunun bütün o dəyərlərini özümüzə gətirmək yönündə addımlar atacağıq, iradə göstərəcəyik. Və gerçəkdən də belə oldu.

Heydər Əliyevə qədər son 2 il ərzində, 1991-93-cü illər ərzində hansı fundamental əsaslar yaradılmışdı ki, ondan sonra gələn hakimiyyətlər o varislik ənənələrinə söykənib Ayaz Mütəllibovdan və Xalq Cəbhəsindən qalmış sistemi irəli aparsınlar. Var idimi elə nümunələr? Qətiyyən! Daxildə olduğu kimi, bölgə və beynəlxalq məsələlərdə də əvvəlki iqtidarlar böyük və ümumxalq səviyyəsində cinayətlərə yol vermişdilər. İranla düşmən vəziyyətində idik, Rusiya ilə əlaqələrdən danışmaq çox çətin idi, çünki xalqlar arasında sosisal-iqtisadi, mədəni münasibətlər mövcud olsa da siyasi səviyyədə deyildi. Az qala Rusiyanın dağıdılması üçün çalışmalar ortaya qoymaqda idi. Çeçenistanda baş aldıran milli azadlıq hərəkatı və Cövhər Dudayevin timsalında dövlət təsis etmək və Rusiyadan qopmaq cəhdlərinə və bunun həm də Qərbin əlində bu bölgənin dağıdılması ssenarilərinə Əbülfəz Elçibəy iqtidarı razılıq vermişdi və bu yöndə böyük addımlar da atırdılar. Bunu qətiyyən də gizlətmirdilər. Dudayev Bakıda elə bir sima kimi qəbul olunurdu ki, sanki Kremldə əyləşənlər yoxdular. Onlarsa bunun əvəzində Azərbaycan torpaqlarının ələ keçirilməsi ilə çıxdılar. Həm də Qafqaz Konfederasiyası yaratmaq və beləliklə də güya Gürcüstanın, Azərbaycanın, Çeçenistanın yer alacağı və Qafqazların bütövlükdə şimaldan qopacağı haqqında bir nəzəriyyələr var idi. Bunu gətirib dövlət siyasətinə tətbiq etmişdilər. Və bunun da ağır, həm də qanlı nəticələrini yaşamaqdaydıq. Eləcə də İranla münasibətlərdə tarixi torpaqlarımıza qayıtmaq, soydaşlarımızla dövlət əsasında birləşmək, dünyaya çıxmaq nəzəriyyəsi ilə elə bir vəziyyət meydana çıxmışdı ki, Bakı və Tehran arasında sözün həqiqi mənasında siyasi döyüşlər gedirdi. Bizə də çox yaxşı bəllidir ki, bu da Qarabağ proseslərinə özünün mənfi təsirini göstərdi. Mən çox yaxşı xatırlayıram, iş o yerə çatmışdı ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əsğər Nəhavəndiyan Azərbaycan mediasına açıqlama vermişdi ki, "Bəli, biz boynuyoğun dövlətik və sizdən qorxmuruq". Təsəvvür edin ki, diplomatiya tarixində bu nə deməkdir? Belə açıqlamalara demək olar ki, ümumiyyətlə, az rast gəlinir. Hətta Sovetlər birliyi ilə Amerika arasında soyuq müharibənin getdiyi 50 il ərzində nə qədər ultimatumlar, hədələr, iqtisadi-siyasi təfriqələr olsa da, belə açıq dilə gətirilən müharibəni görmürdünüz. Eləcə də biz digər dövlətlərlə münasibətlərimiz həddindən artıq pis idi. Hətta qardaş Türkiyə üçün də qədərindən artıq türkçülük nümayiş etdirdiyimizə görə elə bir vəziyyət yaratmışdıq ki, rəsmi Ankara Bakının siyasətinə çox ehtiyyatla yanaşırdı. Süleyman Dəmirəl kimi siyasətin hər üzünü görmüş bir adam, dəfələrlə hökumətə gəlmiş və getmiş, yıxıldığı halda ayağa qalxmağı bacaran bir lider yaxşı dərk edirdi ki, SSRİ-nin dağılmasından sonra bu regionda çox sürətlə prosesə müdaxilə edib gəlib Amerika tərəfindən bölgəni bütöv ələ götürə bilməzsən. Bunun üçün resurslar çox zəifdir, sosial baxımdan, iqtisadi baxımdan xalqı gücləndirmək lazımdır və Azərbaycanla ittifaqı hərbi münasibətləri elə bir səviyyədə qurmaq gərəkdir ki, bu digər dövlətlərin zərbəsinə tuş gəlməsin.

Neft siyasətindən danışmaq, ümumiyyətlə, mümkün deyildi və Xəzər akvatoriyasında yaşanan böhran öz-özlüyündə bölgənin tamamilə idarəolunmaz bir vəziyyətə gətirirdi. İndi deyirlər ki, 1993-cü il 30 iyunda hansısa bir müqavilələrin bağlanmasına hazırlıq görmüşdülər və məhz buna görə əvvəlki iqtidarlar devrildi. Qətiyyən, yalnış məsələdir. Ölkədə xaos yaşandığı halda hər-hansısa bir sənəd, bir razılaşma Xalq Cəbhəsini xilas edə bilməzdi, qeyri-mümkün idi. Rusiyanın hərbi-sənaye kompleksi öz təhdidlərini davam etdirirdi. Neft müqaviləsi adını alan məlum tarixi addımların fonunda Pavel Qraçov Bakıya telefon etmişdi və paytaxta qoşun yeridəcəyi ilə bizi təhdid etməkdə idi. Rusiyanın Yanacaq və Energetika naziri barmağını silkələyərək az qala özünü siyasi bir vəzifə sahibi kimi hiss edirdi. Şimalda böyük bir dövlətin Xarici İşlər naziri Qərb şirkətlərini Xəzərə buraxmayacaqlarını bildirirdilər. Heydər Əliyevin isə bütün o izolyasiya cəbhəsini yararaq Amerika ilə münasibətləri yaxşılaşdırmağa nail olanda, Xəzər üzərində bütün dövlətlərin birliyini təmin edəndə, Rusiya ilə əməkdaşlıq dənizinə çevirəndə Azərbaycanın təhlükəsizliyini gücləndirəndən sonra Vaşinqtona səfəri zamanı açıq şəkildə demişdi ki, mənə qarşı real fiziki terror planları var və biz onları bir neçə dəfə dəf etmişik. Ancaq bizim əvvəlki şəxslər istənilən adi bir təhlükədən çox narahat olurdular. Mənim aləmimdə Heydər Əliyev özünün böyük miqyasını dövlətə daşıdı.

Həqiqətən də Azərbaycan coğrafi olaraq yüz minlərlə kvadratkilometr ərazilərə sahib deyil, təəssüflər olsun ki, bir hissəsini də itirmişik amma Heydər Əliyev miqyası, şəxsiyyət ölçüsü, iradəsi Azərbaycanı öz boyundan, ölçüsündən qat-qat yuxarı göstərirdi və bu ancaq bizim ölkə olaraq işimizə yaradı.

Marqarit Tetçer "Britiş Petroleum"un yardımı ilə Bakıya sabiq baş naziri qismində gəlməyini çıxmaq şərti ilə əvvəlki iqtidarlar hansı böyük simalarla, mühüm dövlət rəhbərləri ilə görüşürdülər ki? Amma Heydər Əliyev dərhal Amerikanın rəhbərləri ilə, ardınca Fransanın, Almaniyanın, daha sonra Asiya ölkələrinin rəhbərləri ilə görüşdü, münasibətlər ərsəyə gəldi. Ona görə də demək istəyirəm ki, təhlükəsizlik və milli maraqlar anlayışı Heydər Əliyevin dövründə meydana çıxdı. Ona qədər çox bəsit və sanki meydan mitinqlərində eşitdiyimiz bəyanatların, fikirlərin hansısa bir dövlət adına gətirilməsindən başqa bir şey yaşamırdıq. Kim daha proqramlı, sistemli bir addımlardan danışa bilərdi? Vəfa Quluzadə özünün xatirələrində qeyd edir ki, ATƏT-in tədbirlərində Əbülfəz Elçibəyin müxtəlif ölkə rəhbərlərinə yaxınlaşıb söhbət etməsi yönündə təkliflər verirdi ki, diplomatiya bunu tələb edir. Siz özünüz baxın biz bu şəkildə hansı vəziyyətdə olardıq? Heydər Əliyev isə bütün bu addımların hamısını ən çətin dövrdə, Azərbaycanın həqiqətən viranəyə çevrildiyi bir şəraitdə xaricə səfərlərini təxirə salmadı və bunun nəticəsində ölkəmiz çoxlu müttəfiqlər qazandı.

Heydər Əliyevə münasibət tarixidir, bu artıq subyektlərin iradəsindən asılı deyil. Zamanında Boris Yeltsin özünün məlum kitabında Heydər Əliyevə qarşı qarayaxmalarla məşğul olmuşdu. Tarixin çarxı çevrildi və Yeltsin hakimiyyətə gəldi. Lakin bu zaman fərqli bir mənzərənin şahidi olduq. Heydər Əliyev hərdən elə davranış sərgiləyirdi ki, adam səhv salırdı, sanki Rusiyanın prezidenti Heydər Əliyevdir. Yeltsin özü də bilirdi ki, onun bu qarayaxmalarının arxasında paxıllıq, siyasi eqoizm dayanır".

Ardı var...

“Bizim Yol”

Son xəbərlər
Bütün xəbərlər »