Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılar Ermənistan prezidentinə məktub yazdı
Qərbi Azərbaycandan olan 86 nəfər öz kəndini ziyarət etmək istəyir

1988-ci ildə Ermənistan Respublikasından zorla deportasiya edilmiş bir qrup şəxs Ermənistan Prezidentinə məktub yazaraq öz doğulub boya-başa çatdıqları kəndə - Qərbi Azərbaycan Karvansaray rayonu (indiki adı ilə İcevan rayonu Hovk kəndi) S.Vurğun (qədim adı Haqqıxlı) kəndinə getmək üçün icazə istəyiblər. Bu müraciətin surətini bizimyol.info saytına və “Bizim Yol” qəzetinə təqdim ediblər. Həmin şəxslərin yazısını və Ermənistan Prezidentinə məktubunu olduğu kimi dərc edirik.

HƏSRƏTİN 30 İLİ

2018-ci il dekabrın 1-də “İzimiz” İB-nin təşkilatçılığı ilə Sumqayıt Poeziya evində Qərbi Azərbaycandan sürgün olunmanın 30 illiyi münasibəti ilə "HƏSRƏTİN 30 İLİ" adlı tədbir keçirildi.Toplantıda 80 nəfərdən çox Qərbi Azərbaycan, Karvansaray rayonu Haqqıxlı kənd sakini, ağsaqqallar, ziyalılar, gənclər və qonaqlar iştirak etdi.Tədbirdə çıxış edənlər 30 il bundan əvvəl ermənilərin onların başlarına gətirdiyi bəlalardan, qaçqın, köçkün, sürgün olunmalarından, yaşadıqları vətən həsrətindən ürək ağrısı ilə danışdılar.Qərbi Azərbaycan ellərini, o gözəl yurdu, unudulmuş yerləri əhatə edən slayd göstərildi.30 ildə itirdiklərimiz xatırlandı, əsil adları dəyişdirilərək yaddaşlardan silinən toponimlər, sürgünün vurduğu mənəvi yaralar, arxivlərdən tapılmış tarixi sənədlər müzakirə olundu.

Torpaqlarımızın qaytarılmasına, vətənimizin bölünməzliyinə xidmət edən bu toplantıda iki müraciət qəbul olundu: 1-ci, Haqqıxlı kənd sakinlərinin bir qrup nümayəndəsinin doğma kəndi ziyarət etməsi üçün icazə və təminat istəyi ilə Ermənistan hökumətinə müraciəti, 2-ci: əzəli torpaqlarımızın, doğma yurdumuz olan Qərbi Azərbaycanın əsl sahiblərinə geri qaytarılması üçün BMT-nin Qaçqınların işi üzrə Ali Komissarına (UNHCR), surəti BMT-nin İnsan Hüquqları Komissiyasına (CHR), surəti Ermənistan Respublikası Hökumətinə edilən müraciətlər qəbul olundu.

Toplantıda, mahiyyətcə yalnız bir kəndin deyil, bu günə kimi itirə-itirə gəldiyimiz bütün yurd yerlərimizin faciəsi, bütövlükdə Qərbi Azərbacanın millətimiz üçün ağır tarixi itki olduğu dilə gətirildi.Yaralanan milli qürurumuzun, tapdanan heysiyyatımızın, parçalanan vətənimizin bərpasını, bütövlüyünü arzu edən çıxışların dinlənildiyi tədbirdə gənclərin iştirakı ürək açan idi.

Vətən yanğısının, yurd həsrətinin ağrılarından danışanlar bu cür tədbirlərin milli yaddaşa, Vətən sevgisinə xidmət edərək dövlətimizin milli maarifləndirmə yolundakı uğurlu işinə dəstək olduğunu vurğuldılar.Bir qrup sakin doğma kəndini ziyarət etmək üçün Ermənistan dövlətinə, razılıq və təminat verməsi üçün etdiyi müraciətin mətnini təqdim edirik:

Ermənistan Dövlətinə, Ermənistan Prezidentinə

Qərbi Azərbaycan Karvansaray rayonu

(indiki adı ilə İcevan rayonu Hovk kəndi)

S.Vurğun (qədim adı Haqqıxlı) kənd sakinləri tərəfindən

MÜRACİƏT

Bir insan ağrı hiss edə bilirsə o canlıdır, başqasının ağrısını hiss edirsə o insandır.

L.Tolstoy.

Biz, Ermənistan Respublikası İcevan rayonunun S.Vurğun (Haqqıxlı), indi Hovk adlandırdığınız kəndin 30 il bundan əvvəl, 1988-ci ilin 28 noyabrında sürgün edilmiş sakinləriyik.Bu, bizim əhalinin üçüncü sürgünü, qaçqınlığı, köçürülməsidir, qovulmasıdır.1905-ci ildə xalqımız indiki kimi yurdundan qovulub, evi-yurdu talan edilib yandırılıb, ancaq yurd həsrəti çəkən xalqımız bir müddətdən sonra yenidən oraya qayıdıb.İkinci dəfə 1919-cu ildə yerli xalq ermənilərin hücumuna məruz qalaraq bir hissəsi ev-eşiyindən didərgin düşüb qaçıb canını qurtarıb, digər 76 nəfər isə Danarğan adlanan yerdə bir dama doldurularaq üstlərinə bomba atılıb amansızca həlak edilmiş, onların arasından 9 gözəl qız seçilib əsir aparılmış, qaçmaq istəyənlər güllənmiş, başı kəsilmiş, daha bir çox can itkisi olmuş, xaincə qətllər edilmişdir.Biz bu qovğada məruz qaldığımız mal-mülk itkisini heç dilə gətirmirik.

Doğma torpaq iki il sonra yenə də vəfalı dədə-babalarımızı çəkib o kəndə aparıb.Onlar qayıdıb qorxu-hürkü bilmədən yanmış, dağıdılmış yurdları min bir əziyyətlə çalışıb yenidən abadlaşdırmış, özlərinə ev-eşik tikib, yurd salıb yaşayış qurmuşdular.Xırda ədavətlərə, hadisələrə baxmayaraq sovet dövründə dinc yanaşı yaşamışıq.Ancaq artıq bu dostluq pozulub və hansı siyasi məqsəd, siyasi oyun idisə biz bunları bilmirik.Biz sadə insanlarıq, tək məqsədimiz havası-suyu ilə böyüdüyümüz doğma kəndimizi, elimizi-obamızı görmək, o hava ilə bircə dəfə nəfəs almaqdır. Biz hər dəfə o yurdun qərib şəkillərinə baxanda köks ötürüb iki xalqı düşmən edən mərdimazarı lənətləyib çarəsizcə həsrət çəkirik.Kaş bircə dəfə ayağımız o torpağa dəyə, bircə dəfə gözlərimizlə o dağları-dərələri, meşələri çayları görək, o məlhəm bulaqların suyundan bircə udum içək, deyirik.Bizim böyüklərimiz ölürkən gözü açıq gedir, can verərkən o dağların havasını, suyunu istəyirlər.

30 ildir bir duaya möhtac qalan ata-babalarımızın qəbirlərini ziyarət edib onların bizdən inciyən ruhlarını məmnun etməyi arzu edirik.Doğulub böyüdüyümüz evlərimiz üçün qəribsəyən ürəklərimizi bir anlıq sevindirmək diləyirik.Biz, bir daha o yurdu görmək, oradan bir ovuc torpaq gətirib gözüaçıq gedənlərin qəbrinə səpmək istəyirik.

Biz, aşağıda imza edən S.Vurğun kənd sakinlərinin bir qrup nümayəndəsi 30 illik həsrətlə Haqqıxlı- indiki Hovk kəndini 1 günlük ziyarət etmək üçün sizdən razılıq və təminat istəyirik.İnanırıq ki, Ermənistan hökuməti bu ricamızı diqqətdən kənarda qoymayacaq.

İmza: Qərbi Azərbaycan, Karvansaray rayonu S.Vurğun (Haqqıxlı) kənd sakinləri adından:

1. yazar Ayişə Məhəmməd qızı Nəbi

2. Ruxsarə Məhəmməd qızı Nəbili

3. Elli Qəşəm oğlu Atayurd

4.Məsmə Tarıyel qızı Qocayeva

və cəmi 86 imza

Son xəbərlər
Bütün xəbərlər »