Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda 66 sahibkarın dükanını abadlıq adı ilə sökdülər, indi ərazi xarabalığa çevrilib...
Sumqayıt Şəhər İcra Hakimiyyəti sahibkarlara verilən vədinə əməl etmir

1 il yarım vaxt keçməsinə baxmayaraq,icra hakimiyyəti onlara qısa bir zamanda ticarət mərkəzinin tikilib istifadəyə veriləcəyinə dair söz versə də tikinti işlərinə heç başlanmayıb.

Əlbət çoxları Sumqayıtdakı “Şərq bazarı” adlanan ərazidə 66 sahibkarın dükanlarının sökülməsi ətrafında baş verən olaylarla tanışdır.

Google axtarış sistemində ““Şərq” bazarı” Sumqayıt” və ya 66 sahibkar yazanda bu haqda mətbuatda rekord sayda yazıların, reportajların hazırlanmasının şahidi olmaq olar.

Qeyd edək ki, 2017-ci ilin may ayında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayonda yerləşən «Şərq bazarı»nda 66 sahibkara məxsus dükanları və Rəşid Babayevə məxsus obyektlər 66 sahibkarın obyekti daxil olmaqla ,mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz olaraq sökdürüb.

Baxmayaraq ki,sahibkarlar dəfələrlə Prezident Aparıtına ,Sumqayıt icra hakimiyyətinə şikayətə gediblər,prezidentə, ədliyyə nazirinə,digər dövlət orqanlarının rəhbərlərinə minlərlə şikayət məktubu yazıblar ,teleqram göndəriblər.

Bu problem əslində Sumqayıtın icra başçısı Eldar Əzizovun vaxtında başlasa da Eldar Əzizov sənədli dükanları məhkəmə qərarı olmadan sökməyə qərar verməyib.

Xatırladaq ki,sahibkarlar ilə onların dükanlarını sökdürmək istəyən Rəşad Babayevlə çəkişmə 7 il çəkib.Bütün məhkəmə instansiyalarının hamısı birmənalı olaraq, həmin obyektlərin 66 sahibkara məxsus olduğunu təsdiqləyib.Bütün məhkəmə instansiyaları sahibkarların xeyirinə qərar çıxarıb, obyekləri onların mülkiyyəti olaraq tanıyıb.

Bu söküntüdən xeyli maddi ziyana düşən, əksəriyyəti yeni iş yeri tapa bilmədiklərinə, kreditləri ödəyə bilmədiklərinə görə hal-hazırda işsiz,çətin maddi durumda qalıblar və ümidlərini ərazidə tikilməsi vəd verilən ticarət mərkəzinə,daha doğrusu orada fəaliyyətlərini öz dükanlarında davam etməyə bağlayıbıar.

Əlbəttə abadlaşan şəhərə yamaq olan, başdan-ayağa antisanitariya mənbəyi olan, orta əsrləri xatırladan “Şərq Bazarı”nın Rəşid Babayevə aid olan meyvə-tərəvəz bazarının və alış-veriş aparılan bir binasının sökülməsi sumqayıtlıların ürəyincə oldu.Amma arada “qurunun oduna yaş da getdi”,abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü.Amma bununla belə şəhərdə 66 sahibkar da ərazidə,həmçinin şəhərdə aparılan abadlaşma işlərini dəstəkləyirlər və dəstəklədilər də.Sahibkarlar hətta dükanları sökülməmişdən qabaq,sonra da dəfələrlə dükanları öz vəsaitləri hesabına abadlaşdırmaq da istəyiblər,hətta başlayıblar da ancaq onlara bunu etməyə imkan verməyiblər,işlər ona görə yarımçıq qalıb.

İndi də bütün ərazi yeni ticarət mərkəzi tikilməsi üçün tam sökülüb təmizlənib, təkcə Rəşid Babayevə məxsus bir binadan başqa. Sahibkarların dükanlarına Dövlət Əmlak Komitəsi tərəfindən 30 min manat dəyər qoyulub.

Söküntüdən sonra 19 may 2017-ci il tarixli 554 saylı Sərəncama əsasən, onlara yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib.

İcra hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda deyilir: “Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir.

İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv.m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv.m təmirsiz ticarət mərkəzi veriləcəkdir”.

Bir vaxtlar gündəmdə olan məsələ ilk baxışdan həllini tapmış kimi görünürdü.

Lakin 1 il yarım vaxt keçməsinə baxmayaraq,icra hakimiyyəti onlara qısa bir zamanda ticarət mərkəzinin tikilib istifadəyə veriləcəyinə dair söz versə də tikinti işlərinə heç başlanmayıb.

Halbuki ,icra hakimiyyəri 66 dükanı tez bir zamanda,hətta az qala malları belə yığmağa imkan vermədən tezbazar qanunsuz olaraq sökdürdü .

Amma bədbəxtçilik ondadır ki,abadlıq adı ilə sökülən dükanların yeri yenə də,əvvəlkindən də zir-zibil içindədir. Boş ərazi xarabalığı xatırladır və indi şəhərin görünüşünə daha çox xələl gətirir.Bəs onda nə fərqi var idi ?!Əgər tikilməyəcəkdirsə ,niyə sökülürdü 66 dükan və bu qədər sahibkara da xeyli ziyan vuruldu?!Sahibkarlar elə fəaliyyətlərini davam etdirib ailələrinə çörəkpulu qazanardılar.

Hətta bu məsələni bir kənara qoysaq,çox acınacaqlıdır ki,”Şərq Bazarı”nın Üzeyir Hacıbəyov küçəsi tərəfinə çıxan hissəsini saymasaq ,ərazinin 3 yanından keçən yollar bərbad gündədir.Tanımayan adam zığ,palçıq işində olan bu yolların Sumqayıtda olmasını heç zaman güman etməz,elə bilər ki,bu hansısa ucqar kəndin yoludur.Amma reallıq odur ki,bu yol məhz şəhərin ən böyük mikrorayonunda,şəhərin gur yerindədir.Axı bu yolu ki,düzəltmək olar?!Necə olur Sumqayıt icra hakimiyyəti şəhərin digər hissələrində yolları təmir etdirir,amma bu boyda bərbad yolları ,vəziyyəti görmür?!Halbuki bu ərazidən hər gün keçən minlərlə insan əziyyət çəkir. Bunu axı sahibkar yox,məhz icra hakimiyyəti etməyə məsuldur.Nə isə ,bu ərazidə çox acınacaqlı vəziyyət mövcuddur və neçə vaxtır heç bir tədbir görülmür.Elə təəsürat yaranır ki,Sumqayıt icra hakimiyyəti yalnız özünə sərf edəndə abadlıq yadına düşür və bundan bəhanə kimi istifadə edir.Güman edilir ki,ümumiyyətlə məqsəd uzun illər öz hüquqları uğrunda qanuni yollarla mübarizə aparan və geri çəkilməyən sahibkarlara, verilən vədə zidd olaraq bu ərazidə yer verməməkdir.Və elə bu səbəbdən də ticarət mərkəzinin tikintisi bilərəkdən uzadılır ki,sahibklarlar özləri bezib öz yerlərindən əl çəksinlər və icra hakimiyyətinin hər bir şərtilə razılaşsınlar.Bu ərazinin gedişli-gəlişli olması,yaxşı yer olması məlumdur, ola bilsin icra başçısı da bu səbəbdən sahibkarlara bu yerdən yer vermək istəmir. Amma sahibkarların əlində qanuni sənəd olması da bir tərəfdən tikintinin başlanmasına qərar verilməsinə maneçilik göstərir.Görəsən burada ticarət mərkəzinin tikintisi nə zaman başlayacaq və sona yetəcək ki,sahibkarlara da ordan yer veriləcəkdir?Belə çıxır ticarət mərkəzi tikilməsə sahibkarlar da dükansız qalmalı olacaqlar..

Son xəbərlər
Bütün xəbərlər »