Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat telekanalları “topa tutdu”: “Hansısa bir artist burada atılıb düşsəydi...”
Azərbaycan futbolu tarixinə avqustun 1-i gecəsi qızıl hərflərlə yazıldı. Ağdamın "Qarabağ” futbol klubu Moldovanın "Şerif” klubunu Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə 2-1 məğlub edərək pley-off mərhələsinə çıxdı. İndiyə qədər heç bir klubumuzun qazanmadığı uğura "Qarabağ” nail oldu.

Təkcə ölkə daxilində deyil, bütün dünyada klubumuzun qələbəsi böyük sevinclə qarşılandı. Bunu sosial şəbəkələrdən aydın şəkildə gördük. Heç şübhəsiz ki, ən çox sevincimiz hamımızın ağrılı yerinə çevrilən Qarabağ adını daşıyan klubumuzun bu adı bütün dünyaya bir daha yayması idi. Düşmənlərimiz avqustun biri gecəsi kədərə, bizlər isə sevincə qərq olmuşduq. Bu qələbə ilə "Qarabağ” öncəliklə ardıcıl olaraq dördüncü dəfə Avropa Liqasının qruplarında oynamaq imkanı qazanmaqla yanaşı, yeni bir tarix yazmağa bir qədər də yaxınlaşdı, yəni Çempionlar Liqasının qrupunda oynamaq şansını özündə saxladı. Eyni zamanda bu qələbə ilə klubumuz 3 milyon avro əldə etdi.

Lakin bu qələbə ilə yanaşı bəzi xoşagəlməyən anlar da avqustun biri yaşandı. Belə ki, oyundan öncə heç bir Azərbaycan kanalının bu oyunu yayımlamayacağının dəqiqləşməsi ciddi etiraz doğurdu. Moldova tərəfin yayım üçün 100 min dollar tələb etməsi və Azərbaycan tərəfin bunu verməməsi ilə bu problemi yaşadıq. Oyunun getdiyi 90 dəqiqə ərzində narazılıq artıq ən pik həddə çatmışdı. Amma istənilən halda oyunun sonundakı nəticə narazılığı bir anda aradan qaldırdı. Artıq hər kəs Çempionlar Liqasında bu uğurun davamlı olmasından, "Qarabağ”ın oyun stilindən danışır.

Futbolla daim yaxından maraqlanan və hətta bu idman növü ilə ara-sıra məşğul olan deputat Fazil Mustafa Azərbaycan telekanallarından heç birinin bu oyunu yayımlamamasını sərt şəkildə tənqid etdi: "Bu qələbəni "Qarabağ”dan gözləyirdim. Çünki klubumuz yaxşı sistem komandasıdır. Qurban Qurbanov həqiqətən çox gözəl bir sistem yaradıb. Bu komanda ola bilər ki, 1-0 yaxud 2-0 uduzsun, amma sistemi heç zaman pozulmaz. Ən pisi o ola bilər ki, bir klub birinci oyunda 4-0 udar, amma ikinci oyunda tanıya bilməzsən ki, bu nə klubdur, niyə belə oynayır. Mənim üçün "Qarabağ” və "Qəbələ”nin oyunu çox xoşuma gəlir. Bu klublarda məşqçilərin ağılı komanda üzərində hakimdir və bu hiss olunur. Bu klublarda ulduzlar yoxdur, amma komanda ulduz kimi görünməyə başlayır. Bunlar da məşqçinin iradəsi ilə bağlı bir məsələdir. "Şerif” kimi çətin rəqib üzərində səfərdəki qələbə çox sevindirici oldu. İlk oyundakı heç-heçədən sonra psixoloji üstünlük də onların tərəfində idi. Açığı mənim üçün süpriz oldu, 1-1-lik nəticə gözləyirdim. Amma "Qarabağ” daha böyük bir üstünlük göstərdi. Təəssüfedici bir hal o oldu ki, Azərbaycan telekanalları hansısa bir artist burada atılıb düşsəydi, yəqin gedib onu çəkib, ölkəmizə təqdim edərdilər. Yaxud da hansısa bir ölkənin mənasız tanıtımı ilə bağlı tədbir olsaydı, buna xərc çəkib çəkəcəkdirlər. Amma "Qarabağ” kimi bir komandanın oyununun yayımlanmaması utanvericidir. Buna istənilən səviyyədə pul tapmaq olardı. Bu oyunu ölkəmizdə yayımlamaq çox vacib idi. Bu məsələyə biz siyasi məsələ kimi də baxmalıyıq. Çünki bu futbol komandasının üzvləri bəlkə də hərbiçilərimizin döyüş bölgəsində göstərdikləri qəhrəmanlıq qədər şücaət göstərirlər. Bu adı özləri ilə bərabər dünyaya daşıyırlar. Bu komandanın uğuruna böyük önəm verirəm. "Qəbələ”nin də uğuruna çox sevinirəm. Amma "Qarabağ” adı ilə "Qəbələ” adının önəmi indiki mərhələdə bizim üçün eyni deyil. İtirilmiş torpaq bir ağrıdır. Bu adın dünyaya bu şəkildə danışması həqiqətən futbolçuların qəhrəmana layiq olduqlarının göstəricisidir. Biz onlara dəyər verməliyik”.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı bunları düşünür: "Əslində, "Qarabağ”ın səfərdə işinin daha asan olacağını proqnozlaşdırırdıq. "Şerif” Bakıda tam qapalı futbol sayəsində heç-heçə edə bilmişdi. Öz meydanında bir qədər açılma lazım idi ki, "Qarabağ” işi bitirsin. Belə də oldu. Bakıda keçirilən oyundan sonra hiss olunurdu ki, "Şerif” "Qarabağ”ı açıq futbolla mübarizədən kənarlaşdırmaq gücündə deyil. Növbəti mərhələdə rəqib daha ciddi olacaq. Amma "Qarabağ”ın potensial rəqiblərinə nəzər saldıqda, "köhlən atlar”ın qrup mərhələsinə düşmək şansının olduğunu düşünürəm. "Qarabağ” bu uğuru məşqçi işinin sayəsində qazandı. Bu futbolçular məhz Qurban Qurbanovun seçimidir. "Qarabağ”ın oyun fəlsəfəsi də Qurbanova məxsusdur. Təkcə bir faktı deyim, "Şerif”lə oyunda hesabı açan Ndlovuya görə Qurbanov xeyli tənqid edilib. Elə 2-ci qolu vuran Miçelə görə də. Əksəriyyət onları lazımsız futbolçu hesab edirdi. Amma Qurban Qurbanov inanırdı. Buyurun, bu da nəticəsi.

Azarkeş istəyinin sərhədi yoxdur. "Qarabağ” Çempionlar liqasının qrup mərhələsinə düşsə, Azərbaycanın idman ictimaiyyəti onlardan qrupdan çıxmağı tələb edəcək. Azərbaycan futbolunun real durumunu nəzərə almadan. Amma düşünürəm ki, "Qarabağ”ı belə təzyiq altına salmaq düzgün deyil. Baxıram ki, sosial şəbəkələrdə hər kəs yeni legionerlərin alınmasını tələb edir. Reallığı nəzərə almadan irəli sürülən tələbdir. Birincisi, Azərbaycan çempionatında 8 komanda çıxış edir. Belə çempionatda səviyyəli legioner oynamaq istəmir. Onu razı salmaq asan başa gəlmir. İkincisi, limit məsələsi də ciddi maneədir. "Qarabağ” legioner gətirsə belə, onu çempionatda oynatmaq imkanına sahib deyil. Özünə hörmət edən hansı səviyyəli legioner gəlib Azərbaycan çempionatında ehtiyatda oturmağa razılaşar? "Qarabağ” və "Qəbələ”nin avrokuboklarda sabit çıxışını təmin etmək üçün legioner limiti ləğv edilməlidir. Bunsuz futbol inkişaf etməyəcək. Çox təəssüf ki, AFFA-nın səriştəsiz rəhbərləri bunu anlamaq istəmirlər. "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşsə, Avropanın nəhəng klubları ilə bir qrupda mübarizə aparmasını istərdim. Məsələn, "Barselona”, "Yuventus”, "Mançester Yunayted”lə. Təbii, belə komandalarla oyunda şansımız olmayacaq. Amma əvəzində Azərbaycan futboluna diqqət xeyli artacaq. Futbolçularımız xarici klubların maraq dairəsində olacaq, "Qarabağ” brendi bütün dünyada məşhurlaşacaq”. (Musavat.com)

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər