Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergi Məcəlləsində dəyişikliklər edildi
Mikayıl Cabbarov: “Yeni dəyişikliklər 100 minlərlə insanın pensiya sistemindən yararlanmasına xidmət edəcək”

Milli mƏclisin iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Vergilər naziri Mikayıl Cabbarov çıxışında deyib ki, “kölgə iqtisadiyyatı”nda çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalırlar. “Qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır, ödənişlər fərdi pensiya hesabında əks olunmur.Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir. Yeni dəyişikliklər 100 minlərlə insanın pensiya sistemindən yararlanmasına xidmət edəcək. Bu il ərzində qeyri-leqal məşğulluqla bağlı 4100 cinayət halı aşkar edilib. Ancaq görülən tədbirlər istənilən nəticəni vermir. Məhz bu səbəbdən də Vergilər Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti qeyri-rəsmi verilən əməkhaqqlarının kölgədən çıxarılmasıdır. Bu da bir sıra sahələrin inkişafına xidmət edəcək. Eyni zamanda bankların kredit aktivliyinin yüksəlməsinə də xidmət edəcək və bank sistemində qeyri-nağd dövriyyəsinin artmasına imkan verəcək”.

Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əmək haqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər başlıca yer tutur.

“Regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir”

Vergi Məcəlləsinin müzakirəsində deputat Fazil Mustafa çıxışında bildirib ki, Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir.

O qeyd edib ki, artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir: “Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər və. s məhəllələr var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir. Həmçinin bölgələrdə məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da 2 faiz vergi ödəyəcək, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir”.

“Nə üçün bütün məhsullara 18 faiz vergi tətbiq etməliyik?”

Deputat Vahid Əhmədov bildirib ki, Vergi Məcəlləsində dəyişikliklər çox mühüm əhəmiyyət daşıyır: “Bu, sahibkarlğın inkişafı üçün zəmin yaradır. Bu islahat davam edərsə, vergidən yayınma halları azalacaq”.

Onun sözlərinə görə, vergi sisteminə edilən dəyişiklərdə ən çox diqqət çəkən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin - muzdlu işdən aylıq gəlirləri 8 min manatadək olanların vergiyə cəlb edilməməsi ilə bağlıdır:

“Qeyri-dövlət sektoru ifadəsinə yenidən baxılmalıdır. Hansı qurumlar bura daxil olacaq? Bəzi təşkilatlar var ki, səhmlərinin bir qismi dövlətə, bir hissəsi fərdi şəxslərə məxsusdur. Qeyri-dövlət məsələsi qanunda açıq göstərilməlidir. Bununla yanaşı, Azərbaycanda elə satış mərkəzi var ki, sənəd vermir. Sahibkar işinin getməsi üçün alış-veriş etməlidir. Vergilər Nazirliyinə müraciət edirəm ki, sənədləşmə məsələsinə baxılsın. Bu qanun qəbul ediləndən sonra bəzi ticarət mərkəzindən Əlavə Dəyər Vergisinin qaytarılması təmin ediləcək. Hesab edirəm ki, hazırda Əlavə Dəyər Vergisinin faizi çox yüksəkdir. Nə üçün bütün məhsullara 18 faiz vergi tətbiq etməliyik? Ümumilikdə isə dəyişikliyi müsbət qiymətləndirirəm, iqtisadiyyatın inkişafına dəstək olacaq”.

“Vergi ödəməl bir mədəniyyətdir, amma bu mədəniyyət o zaman işləyəcək ki, vergi ədalətli olsun”

Deputat Çingiz Qənizadə vergi orqanlarında keçmişdə baş verən neqativ halların aradan qaldırılmasına görə Mikayıl Cabbarova təşəkkürünü bildirib: “Ümid edirəm ki, bu islahatlar davam etdiriləcək. Azərbaycan vətəndaşları da bilməlidirlər ki, vergi ödəməyin özü də bir mədəniyyətdir. Amma bu mədəniyyət o zaman işləyəcək ki, vergi ədalətli olsun”.

Deputat xatırladıb ki, o keçən il hökumətin hesabatında keçmiş vergilər naziri Fazil Məmmədov da burada olarkən vergi orqanlarının işini tənqid edib.

“Bağlanan ticarət mərkəzlərini, obyektləri gördükcə təklif etdim ki, daha az vergi yığmaqla daha çox iş yerinin açılmasına xidmət edən müddəaları özündə əks etdirən qanun layihəsi hazırlamalıyıq. Artıq bu iş reallaşır. Ona görə də biz bu islahatları dəstəkləməliyik”.

Deputat nazirə sualla müraciət edib: “Mikayıl müəllimVergilər Məcəlləsinin 13-cü maddəsində vergi ödəyicilərinin ailə üzvləri sırasına ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar) daxil edilsə də, nəvələr daxil edilməyiblər.

Biz Azərbaycanda yaşayırıq. Bizim ailəyə, anaya, ataya, nəvəyə münasibətimiz tamamilə fərqlidir. Bəzən illərlə baba, nənə ilə yaşayan nəvələr bu ailə üzvləri sırasında qeyd olunmur. Hörmətli Mikayıl müəllim, gələcəkdə bu məsələyə ya aydınlıq gətirilsin, ya da nəvələr ailə üzvləri sırasına salınmaqla boşluq aradan qaldırılsın”.

Deputat özəl klinikalara vergi güzəşti təklif edir

Deputat Musa Quliyev özəl səhiyyə mərkəzlərinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib:

“Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.

Deputat həmçinin bildirib ki, ütün məmulatları ilə yanaşı, sulu və bütün növ qəlyanlar aksiz vergisinə cəlb edilməlidir. “Qanunvericilikdə qəlyan da tütün məhsullarına bərabər tutulur. Amma Vergi Məcəlləsində bu məsələ öz əksini tapmayıb”.

Layihə birinci oxunuşda qəbul edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »