Qazancı tutulmaqla islah işləri və cərimə
Binəqədi Rayon Məhkəməsində hüquqşünas Aslan İsmayılova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsiylə ittiham üzrə məhkəmənin prosesi başa çatıb. Bizimyol.info xəbər verir ki, hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, hüquqşünas Aslan İsmayılova illik qazancının 20 faizi tutulmaqla, bir il islah işləri və 1500 manat da cərimə cəzası kəsilib.
A.İsmayılov Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin onu təhqir editinə görə ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev iddianı icraata götürməkdən imtina edib.
İttihama görə, A.İsmayılov da 2017-ci il oktyabrın 2-də məhkəmənin binasında hakimin katibindən bu xəbəri eşidən kimi səs-küy salıb, qapını çırpıb çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqir xarakterli ifadələr işlədib.
Bu ilin iyul və avqust aylarında Hafiz Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında A.İsmayılova verilmiş islah işləri və pul cəzası da cəzalar da bugünkü hökmdə nəzərə alınıb. Yəni əvvəlki cəzalar birləşdirilməklə, onun üzərində 1 il islah işləri və 1500 manat cərimə saxlanılıb.
A.İsmayılov son sözündə deyib ki, ittiham saxtadır və onu ictimai fəaliyyətinə görə cəzalandırırlar: “Mən narkotik tərkibli dərmanların apteklərdə açıq satışı, kazino-qumarxanaların Bakıda fəaliyyəti, yumurta mafiyasının ölkə iqtisadiyyatına vurduğu zərbə barədə çıxışlarıma, yazılarıma görə qəzəbə tuş gəlmişdim. Ən əsas səbəb isə Milli Onkologiya Mərkəzində baş verən korrupsiyanı, biabırçılıqları ictimailəşdirməyim oldu” – deyən Aslan İsmayılov sifarişlə qərar çıxarıldığını vurğulayıb.
O, bildirib ki, cinyət işində çoxsaylı prosessual pozuntular var. “Cinayət işində 48 səhifəlik sənəd var, guya bir gündə - oktyabrın 2-də toplanıb. Halbuki müxtəlif ərazilərdə yerləşən orqanların qərarlarıdır. Bunları bir gündə, 8 iş saatında yox, heç 48 saata da toplamaq mümkün deyil” .
Qeyd edək ki, CM-in 221-ci (xuliqanlıq) maddəsilə haqqında istintaq getdiyi vaxtda A.İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması üçün daha iki iddia qaldırılmışdı.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi.
Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edildi, ona pul cəriməsi və islah işləri cəzası kəsilib.
Rəşad VAQİFOĞLU