Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birdəfəlik müavinət alan şəhid ailələri təşəkkür edirlər

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Bizimyol.info-ya açıqlama verən şəhid Emin Əliyevin anası İbadət Əliyeva bildirib ki, ona ötən gün 11 min manat məbləğində birdəfəlik ödəmə verilib.

“Sənədləri hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etdim. Rahatlıqla birdəfəlik müavinəti aldım. Eləcə də, şəhid ailəsi olaraq bizə hər ay 200 manat müavinət verilir. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə təşəkkür edirəm”,-deyə şəhid anası bildirib.

O, qeyd edib ki, 1974-cü il təvəllüdlü övladı Əliyev Emin Rafiq oğlu 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib: “Öncə Zaqatalada hərbi təlimdə iştirak edib. Buradan oğlumu Ağdarəyə göndəriblər. Sonra isə Ağdam uğrunda döyüşüb. Qəhrəmancasına apardığı mübarizə nəticəsində strateji əhəmiyyətli ərazilər işğaldan azad olunub.

Döyüşlərdə fərqləndiyinə görə Eminin komandiri bizə dəfələrlə təşəkkür edib. 1993-cü ilin iyul ayında, 19 yaşında oğlum şəhid oldu”,-deyə İbadət Əliyeva bildirib.

O deyib ki, Xəzər rayonu 234 nömrəli tam orta məktəbi şəhid Emin Əliyevin adını daşıyır.

Şəhid Vilayət Xudiyevin vərəsəsi olan bacısı Xalidə Kazımova Bizimyol.info-ya bildirib ki, ona da 11000 manat birdəfəlik ödəmə verilib.

“1958-ci il təvəllüdlü qardaşım Xudiyev Vilayət Yunis oğlu 1992-ci ildən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Elə həmin ildə döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub”,-deyə X.Kazımova bildirib.

O, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik müavinətlərin verilməsini dövlətin diqqəti və qayğısının göstərici kimi qiymətləndirib.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 9500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək. Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb. Bugünədək 224 şəhid hərbi qulluqçunun 300 vərəsəsinə birdəfəlik ödəmə edilməsi üçün qərar verilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »