Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Bugünkü həyatı antibiotiklərsiz təsəvvür etmək mümkün deyil
Dişim ağrıyırdı və şiş əmələ gəlmişdi. Tezliklə şişin çəkilməsi üçün dərman almaq qərarına gəldim. Aptekə getdim. Əczaçı mənə antibiotik verdi. İlk antibiotikin qəbulundan sonra vəziyyətim pisləşdi. Ürəyim bulanmağa və qusmağa başladım. Bədənimdə allergiya və səpkilər yarandı.

Bu sözləri Oxu.Az-la söhbətində antibiotiklərin, daha doğrusu, təcrübəsiz tibb işçilərinin yanlış diaqnozu ilə həyatı təhlükə ilə üzləşən R.Qasımova bildirib.

Azərbaycanda antibiotiklər xüsusilə qrip virusunun yayıldığı vaxtlarda daha çox istifadə olunur. Qripdən, boğaz ağrısından, öskürəkdən əziyyət çəkənlər özlərinə müxtəlif antibiotiklər təyin edirlər. Eyni zamanda, düzgün diaqnoz qoymayan, xəstə “tez” sağalsın deyə bəzi “həkimlər” xəstələrə yersiz antibiotiklər yazıb onların həyatlarını təhlükə altına salırlar.

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sözü olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

İlk antibiotik olan penisillin 1929-cu ildə şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilib. Hazırda dünyada təxminən 200 növ antibiotik istifadə olunur. Onlara penisillin, demoklosiklin, eritromisin, gentomisin, streptomisin, tetrasiklin, levomisetin və s. misal çəkə bilərik.

Antibiotiklər, onların qəbuluna göstəriş və əks-göstərişləri ilə bağlı araşdırma apardıq.

Millət vəkili Musa Quliyev bildirib ki, antibiotiklər insan həyatı üçün olduqca vacib, eyni zamanda, təhlükəlidir:

“Bugünkü həyatı antibiotiklərsiz təsəvvür etmək mümkün deyil. O, kəşf olunana qədər adi bir yaradan minlərlə insan ölürdü. Yarandı və xəstəlik mənzərəsini dəyişdi. Antibiotiklərin insana xeyri olsa da, onlarla ehtiyatlı davranmaq lazımdır. Çünki o qədər çoxlu antibiotiklər var ki, bəziləri bir-biri ilə ziddiyyət təşkil edir, bəziləri də orqanizmə tez öyrəşmə verir və mikrobların sayı artır və insanlar, demək olar ki, ömrü boyu dərmandan asılı vəziyyətdə qalırlar”.

Musa Quliyev bildirib ki, antibiotikləri yalnız reseptlə almaq lazımdır:

“Həkim bir antibiotiki tövsiyə edirsə, reseptə yazsın, möhürünü vursun, imza atsın. “Qonşum bu dərmanı içdi, yaxşı oldu” fikirlərindən qaçmaq lazımdır”.

Antibiotiklərin xüsusi apteklərdə satılması məsələsinə də münasibət bildirən millət vəkili qeyd edib ki, o, bunun tərəfdarı deyil:

“Bu, işi çox çətinləşdirəcək və müəyyən qədər qeyri-qanuni hadisələr ola bilər. Xüsusilə yeniyetmələrdə, uşaqlarda fəsadlar verir. İnsanların temperaturu olan kimi antibiotik alırlar. Virus infeksiyasına antibiotiklərin heç bir təsiri yoxdur. Onların satışında, istifadəsində nəzarət və qayda-qanun olmalıdır.

Eşitdiyimə görə, Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” MMC-dən göstəriş verilib ki, psixotropik dərmanlar, antibiotiklər xüsusi apteklərdə tapılsın. Mən onun da tərəfdarı deyiləm. Aptek dərman satırsa, orada bütün dərmanların satışına icazə verilməlidir. Hansı aptekin xüsusi dərman satmasına icazə verilirsə, o, aptek bağlanmalıdır. Vətəndaş evinə yaxın aptekə gedir. Orada dərmanı satmasalar, bütün aptekləri fırlanacaq. Bu da düzgün deyil”.

Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor Adil Baxşəliyev bildirib ki, antibiotiklər tibbdə geniş şəkildə istifadə olunan dərman preparatlarıdır:

“Əgər 1940-1960-cı illərdə onların sayı tək idisə, indi çoxdur. Hər il yüzlərlə yeni-yeni antibiotiklər sintez olunur. Onlar iki böyük qrupa bölünür. Birinci qrup təbii mənşəli, ikinci qrup isə daha geniş yayılan kimyəvi yolla sintez olunan antibiotiklərdir. Qeyd etməliyik ki, onlarla müalicə ciddi müalicə növünə aiddir.

Antibiotikləri o zaman istifadə etmək lazımdır ki, təbii vasitələrlə patologiyanı aradan götürmək mümkün olmasın. Onlarla ən çox müalicə beş-yeddi gün olmalıdır. Müalicə zamanı virusu hansı bakteriyanın törətməsi bilinməlidir və sonra antibiotik dozası təyin edilməlidir. Əvvəl sınaq qoyulmalı, bir saata yaxın gözlənməlidir. Reaksiya olmadıqda müalicə edilməlidir”.

Adil Baxşəliyev bildirib ki, antibiotiklər müxtəlif fəsadlar yaradır:

“Mədə-bağırsaq ağrıları, immunitet sistemini kəskin zəiflədir, qana, qaraciyərə mənfi təsir edir və digər infeksiyaların yaranmasına səbəb olur. Antibiotiklər əlavə təsir göstərən dərmanlar arasında üçüncü yeri tutur.

Onları qəbul edəndə göbələk yaranma riski artır. Onun əleyhinə dərman təyin edilməlidir. Uşaqlarda, hamilə qadınlarda ehtiyatlı olmalıyıq. Onu qəbul edən zaman dozasına diqqət edilməli, reseptlə satılmalıdır”.

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »