Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edərək, BMT-yə üzv qəbul olunmasını xahiş etmişdir.
Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi.
Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə 1992-ci il martın 6-da Nyu-Yorkda Azərbaycanın BMT yanında daimi nümayəndəliyi fəaliyyətə başlamış, həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açılmışdır. Azərbaycanın BMT-də fəaliyyət göstərən daimi nümayəndəliyi həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq edir.Siyasi sahədə əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırılmasıdır.
BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq və Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısının alınmasında, münaqişənin dinc, siyasi yolla nizama salınmasında köməklik göstərməyə çağırdı. BMT-nin Baş Katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün 1992-ci il martın ortalarında BMT Baş Katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyətini Bakıya, Dağlıq Qarabağa və Yerevana göndərmiş, səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermişdir.
1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması tələb olunur.
BMT Baş Assambleyası (BA) Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə (A/RES/48/114) qəbul etmişdir.
1992-1996-cı illər ərzində BMT TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş, ATƏT-in Minsk Qrupunun münaqişə üzrə səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişlər.
Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B.Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanışolan B.Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.
Prezident Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan Respublikasının prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir.
BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizmin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.
Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir.
Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənir.
Hazırda ölkəmiz “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndi hər il BA-nın gündəliyində saxlayır.
Həmçinin, “GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bənd də BA-nın gündəliyində qalmaqdadır. Ehtiyac olduğu təqdirdə, həmin bəndlər altında müvafiq qətnamələr istənilən sessiyada səsverməyə çıxarıla bilər.
Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir.
Azərbaycan BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Ölkəmiz UNİCEF-in İcra Heyətinə (1995-1997, 1998-2000, 2005-2009), Qadınların vəziyyəti haqqında Komissiyaya (2000-2002), BMT-nin Davamlı İnkişaf üzrə Komissiyaya (2002-2004), BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) (2003-2005), İnsan Hüquqları Komissiyasına (2005-2006), İnsan Hüquqları Şurasına (2006-2009), Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasına (2006-2009), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə (2009-2011), BMT-nin Təhlükəsizlik Şurasına (2012-2013) və BMT Ümumdünya Turizm Təşkilatının İcra Şurasına (2013-2017) üzv seçilmişdir. Son olaraq, ölkəmiz 2016-cı ilin iyun ayında 2017-2019-cu illər üzrəECOSOC-un üzvü seçilmişdir.
Bundan əlavə, Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.
Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.
Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq qaçqın və məcburi köçkün uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur.
2000-2002-ci illərdə Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur.Azərbaycan, həmçinin, Komissiyanın "Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qəbul etdiyi illik qətnaməsinin əsas sponsorudur.
Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).
Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).
Ölkəmiz BMT və İslam Əməkdaşlığı Təşkilatının müvafiq qurumları ilə birlikdə “Terrorçuluğun qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda 18-19 mart 2013-cü tarixlərində Bakıda keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etmişdir. Bundan əlavə, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotik və Cinayətkarlıq üzrə Ofisi (UNODC) ilə effektiv əməkdaşlıq həyata keçirilməkdədir.
Azərbaycan Respublikası 2011-ci ildə BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürmüşdür.Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə etmişdir. Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə inamlı qələbə qazanmışdır. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir.
Azərbaycan Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikdən qısa müddət sonra prezident İlham Əliyev bəyan etdi ki, BMT Nizamnaməsində qeyd olunmuş ədalət və beynəlxalq sülhün aliliyi prinsipinin irəli sürülməsi və inkişaf edilməsi Azərbaycanın bu qurumda əsas və birinci dərəcəli hədəfi olacaqdır.
Bu xətti əsas tutaraq, üzvlük müddəti ərzində Azərbaycan Təhlükəsizlik Şurasının başlıca vəzifəsi olan beynəlxalq
sülh və təhlükəsizliyin qorunması istiqamətində gücünü əsirgəməmişdir.
2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu iki ay müddətində Şura 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və sədrinin 3 bəyanatı qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir.
Azərbaycanın 2012-ci il may ayında BMT TŞ-na sədrlik etdiyi dövrdə ən mühüm müvəffəqiyyəti mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi idi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin başçılıq etdiyi konfransda BMT-nin baş katibi Ban Ki-moon və Təhlükəsizlik Şurasının digər yüksək səviyyəli nümayəndələri iştirak etmişlər. Konfransın yekununda bəyanat qəbul olunmuş, terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pislənmiş, terrorizmin xasiyyətinin və təbiətinin dəyişildiyi qeyd olunmuş, üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya gücdən istifadə etməmə öhdəliyini həyata keçirməyə və terrorçuluqda iştirak edən, onunla bağlılığı olan istənilən şəxs və ya qurumlara hər cür yardım etməkdən çəkinməyə çağırılmışdır. Birdə təsdiqlənmişdirki, səmərəli əks-terror tədbirləri insan haqlarına, azadlıq prinsiplərinə, qanunlara riayət edilməsi ilə həyata keçirilməli və gücləndirilməlidir.Dini və mədəni müxtəlifliyə bütün dünyada hörmət və anlaşma ilə yanaşmağın vacibliyi vurğulanmışdır.Şura üzv dövlətlər arasında əməkdaşlığın və birliyin möhkəmləndirilməsi, xüsusilə ikitərəfli və çoxtərəfli razılaşma yolu ilə terror hücumlarının qarşısının alınması və aradan qaldırmasının vacib olduğunu qeyd etmiş, dövlətləri əməkdaşlığın və fəaliyyətlərin koordinasiyalarını beynəlxalq, regional və subregional müstəvidə genişləndirməyə və gücləndirməyə çağırmışdır.Şura eyni zamanda əks-terror öhdəliklərinin səmərəli təminatını təşkil etmək üçün Beynəlxalq Millətlər Təşkilatının idarəedici və yardımçı qurumları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Ermənistan və Azərbaycan arasında davam edən konfliktlə bağlı müxtəlif məsələlərlə əlaqədar, Azərbaycan daima dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinin və Təhlükəsizlik Şurasının uyğun qərarlarının təmin olunmasının əhəmiyyətini vurğulayır və konflikt ərzində baş vermiş ciddi beynəlxalq cinayətkarlıq aktlarının hələ də cəzasız qalmasına son qoyulmasına çağırır. 2012-ci il mayın 4-də Təhlükəsizlik Şurasında konfransdan öncə prezident İlham Əliyev öz çıxışında bildirmişdir:
- “Azərbaycanlıların etnik təmizlənməsi siyasəti Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizinin işğalı və 1 milyondan artıq insanın öz doğma yurd-yuvalarından qovulması ilə nəticələnmişdir. Təhlükəsizlik Şurası erməni ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir.Lakin təəssüf ki, artıq 20 ildir ki, Ermənistan bu qətnamələri yerinə yetirməmişdir.”
Azərbaycanın Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Təhlükəsizlik Şurasının 12 fevral 2013-cü ildə keçirilən növbəti sessiyasında bildirmişdir:
“Qonşu Ermənistan tərəfindən ölkəmə qarşı başlanan müharibə və torpaqlarımızın erməni hərbi qüvvələri tərəfindən işğalı sivil vətəndaşlara ciddi təsirə səbəb olmuşdur. Bu təcavüzün nəticəsində Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkünə sahib olaraq qalmaqdadır.Hazırda ölkədə olan hər doqquz nəfərdən biri bu kateqoriyaya daxildir. 21 il öncə Xocalıda Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi. Bir gecədə 600-dən çox sivil vətəndaş yalnız azərbaycanlı olduğuna görə qətlə yetirildi.Erməni hərbi qüvvələri və yaraqlılar nə qadınlara, nə uşaqlara, nə də yaşlılara aman vermədilər.
Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin hamısında (qətnamələr 822(1993), 853(1993), 874(1993) və 884(1993)) beynəlxalq insan hüquqlarının pozulması, xüsusilə çoxlu sayda Azərbaycan vətəndaşının öz yurd-yuvalarından köçürülməsi də daxil olmaqla, mülki vətəndaşlara qarşı hücum və məskunlaşmış ərazilərin bombalanması faktına istinad edilmişdir.Biz əminik ki, ardıcıl olaraq milli səviyyədə atılan addımlar və eyni zamanda, mövcud beynəlxalq hüquq sistemi münaqişə dövründə dinc Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlərin iştirakçıların məsuliyyətə cəlb etməklə ədalətə xidmət edəcəkdir”.
Elmar Məmmədyarov oktyabrın 28-dəki çıxışında qeyd etmişdir:
“Ermənistanın işğalçılıq siyasətinin müvəffəqiyyət qazanmağa heç bir imkanı yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tarixi, vahid və ayrılmaz tərkib hissəsidir. Münaqişənin həllinə və iki ölkə arasında qonşuluq münasibətlərin qurulmasına nail olmaq üçün Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməli, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməli, qaçqınların və məcburi köçkünlərin hüquqlarını, öz doğma evlərinə qayıtmalarını təmin etməlidir”.
Təhlükəzlik Şurasına üzv olduğumuz müddət ərzində Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərini əhatə edən çoxlu sayda məruzələr hazırlanmış və Baş Assambleyanın və Təhlükəzlik Şurasının sənədi kimi yaymışdır. Məsələn, Ermənistan hərbi qüvvələrinin mütəmadi olaraq atəşkəsi pozması və işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti barədə müntəzəm məruzələr, azərbaycanlı məcburi köçkünlərin beynəlxalq hüquqları və Ermənistanın məsuliyyəti, “Xocalıda qətliam: cinayətkarlar, qeyd-şərt və beynəlxalq hüquq qarşısında məsuliyyət” adlı memorandum və Ermənistanın Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993), 884(1993) saylı qətnamələrinə məhəl qoymaması ilə bağlı araşdırma.
Azərbaycan mayın 30-da “mübahisələrin qarşısının alınması və həlli, münaqişələrin sülh yolu ilə nizama salınması: vasitəçilik, qanuni nizama salma və ədalət” mövzusunda Təhlükəsizlik Şurasının qeyri-formal Aria-formul konfransını təşkil etmişdir. Konfransda Təhlükəsizlik Şurasının təmsilçiləri ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının daimi və müşahidəçi üzvləri, BMT Katibliyi, digər beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətləri və akademik icmalar iştirak etmişdir.Konfransın əsas məqsədi mübahisələrin sülh yolu ilə həlli və münaqişələrin qarşısının alınması və nizama salınması mövzusunda Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılar arasında müzakirələr aparmaq, beynəlxalq hüquqa əsaslanan davamlı sülhün və barışın təbliğ edilməsində vasitəçiliyin, hüquqi razılaşmanın və qanunun rolunun qiymətləndirilməsi olmuşdur.Konfransda əsas spikerlər Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov və Kembric universitetinin Beynəlxalq Hüquq üzrə Leuterpakt Mərkəzinin elmi rəhbəri Malkom N. Şou olmuşdur.
Afrika qitəsində baş verən qaynar hadisələr uzun müddət idi ki, Şuranın diqqət mərkəzində idi.Şuranın gündəlik işinin 60 faizdən çoxu Afrika məsələlərini əhatə edirdi və BMT-nin sülhü qoruma əməliyyatlarının yarısı bu qitəyə səfərbər olunmuşdur.Azərbaycanın Təhlükəsizlik Şurasına başçılıq etdiyi müddətdə Şura mayın 18-dən 24-nə kimi davam edən Qərbi Afrika (Liberiya, Cote d`İvoire and Sierra Leone), 3-9 oktyabrda isə Afrikanın Böyük Göllər regionuna (Kongo Demokratik Respublikası, Ruanda, Uqanda və Həbəşistan) missiyalar həyata keçirdi. İkinci missiyanın bir hissəsi kimi oktyabrın 8-də Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurası və BMT Təhlükəsizlik Şurasının Əddis Əbəbədə illik 7-ci ümumi konfransı keçirildi və görüşün sonunda Təhlükəsizlik Şurasının sənədi kimi birgə kommunike tərtib edildi. Bu konfransa BMT Təhlükəsizlik Şurasının oktyabr ayı üçün sədri qismində Azərbaycan Respublikası və Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurasının sədri kqismində isə Ekvatorial Qvineya həmsədrlik etmişdir.Bundan əlavə, oktyabrın 31-də Azərbaycanın Daimi Nümayəndəliyinin başçısı Aqşin Mehdiyevin başçılığı altında Təhlükəsizlik Şurası ilə Afrika Birliyinin İcraedici Şurasının Əlaqə Qrupu arasında qeyri-formal dialoq keçirilmişdir. Dioloqun əsas mövzusu 2013-cü il 21 oktyabr tarixində Keniyanın BMT-dəki daimi nümayəndəliyinin Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Baş Katib və Təhlükəsizlik Şurasının Başçısına ünvanlandığı təklifinin müzakirəsi idi.
Azərbaycan Orta Şərq, Asiya, Avropa və Latın Amerikasında sülh və sabitliyin təbliğinə, eyni zamanda BMT, regional və subregional təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsində əks-terrorizm, transmilli cinayətkarlığa qarşı mübarizə, silahlı münaqişələrdə mülki vətəndaşların müdafiəsi, uşaqlar və silahlı münaqişə, qadınlar və sülh və təhlükəsizlik problemləri, hüquqi idarəçilik kimi tematik məsələlərin konseptual və normativ inkişafına bərabər səviyyədə diqqət ayırmışdır.
28 oktyabr 2013-cü ildə Azərbaycan Təhlükəsizlik Şurasına rəhbərliyinin bir hissəsi kimi BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüşün təşkilini həyata keçirmişdir.İƏT-in baş katibi Ekmeleddin İshanoğlu və BMT-nin baş katibi Ban Ki-moon ilə bərabər Təhlükəsizlik Şurası üzvlərinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi konfransa Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov başçılıq etmişdir.Konfransın əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması və hər iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsi üçün BMT və İƏT arasındakı əlaqələrin nəzərdən keçirilməsi olmuşdur. Konfransın nəticəsi olaraq, qəbul edilən bəyanatda (S/PRST/2013/16) İƏT-in BMT-nin işlərindəki aktiv rolu Təhlükəsizlik Şurası tərəfindən tanınmış, preventiv diplomatiya, sülhyaratma və sülhün qorunması sahəsində iki təşkilat arasında müntəzəm sürətdə aparılan dialoq tanınmış, BMT və İƏT-in İsrail-Fələstin münaqişəsinin həllində, Suriyadakı münaqişənin siyasi həllinin 30 iyun 2012-ci il Cenevrə kommünikesi əsasında mümkün olduğuna eyni məqsədlərin olduqları, digər münaqişələrin isə BMT-nin Nizamnaməsi və Təhlükəsizlik Şuranın müvafiq qətnamələri əsasında həll olunmasına eyni yanaşmaların olduğunu təsdiq etmiş, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında anlaşmanın və sülh və dözümlülüyün inkişaf etdirilməsi yolunda qlobal dialoqun önə çəkilməsinin əhəmiyyəti vurğulanmış və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında İƏT ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
Oktyabr ayında Azərbaycan həmçinin, Orta Şərqdə vəziyyətlə bağlı Qadın, sülh və təhlükəsizlik, Təhlükəsizlik Şurasının fəaliyyət metodları mövzusunda 3 açıq müzakirə təşkil etmiş və Beynəlxalq Məhkəmənin sədri hakim Peter Tomka ilə görüş keçirmişdir.
Azərbaycan Təhlükəsizlik Şurasına üzvlüyü müddətində Konqo Demokratik Respublikası ilə əlaqədar 1533(2004) saylı qətnamənin yerinə yetirilməsi ilə məşğul olan komitəyə rəhbərlik etmişdir.
Təhlükəsizlik Şurasında üzv olduğu iki il müddətində Azərbaycan Beynəlxalq Millətlər Təşkilatına üzv dövlətlər, BMT Katibliyi, regional və subregional təşkilatlar, mülki cəmiyyətlər və akademik dairələrlə əməkdaşlığını daha da genişləndirmiş və inkişaf etmişdir.
Azərbaycan 1999-cu ildən bəri BMT TŞ mandatı əsasında aparılan bir çox beynəlxalq sülhməramlı əməliyyatlara töhfə vermişdir. Azərbaycan indiyədək BMT TŞ-nin 1244(1999) saylı qətnaməsi əsasında NATO-nun rəhbərliyi altında keçmiş Yuqoslaviyanın Kosovo bölgəsində (KFOR) və 1386(2001) saylı qətnaməsi əsasında Əfqanıstanda (ISAF), 1511(2003) saylı qətnaməsi əsasında İraqda (MNF-I) aparılan sülhməramlı əməliyyatlarda iştirak edib. Hazırda Azərbaycan BMT TŞ-nin 2189(2014) qətnaməsi əsasında Əfqanıstanda NATO-nun komandanlığı altında aparılan “Qətiyyətli dəstək” əməliyyatında iştirak edir.
Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirir. 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmaması üçün BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsinin vacibliyini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların mühüm məsələyə çevrildiyini bildirmişdir.
Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Beləliklə, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".Azərbaycan BMT çərçivəsində islahatlara dair müzakirələrdə, xüsusilə Hökumətlərarası Danışıqlar Qrupunun işində fəal iştirak edir.
İnkişaf və əməkdaşlıq BMT-nin əsas məqsədlərindən biridir. Dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsi və sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində inkişaf və əməkdaşlığa dair əhəmiyyətli ölçüdə praktiki əməkdaşlıq imkanları formalaşdırılmışdır. Artıq ikinci onillikdir ki, inkişaf məsələləri BMT-nin yüksək səviyyəli müzakirələrində ən əsas vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə konkret zaman çərçivələrində müəyyən hədəflərə nail olunması qərarlaşdırılmışdır. 2015-ci il BMT sammitində 2000-ci il sammitində başladılmış bu səylərin növbəti 15 il ərzində (2030-cu ilə qədər) davam etdirilməsi qərar alınmış və qlobal inkişafa dair bır sıra konkret hədəflər (17 “Davamlı İnkişaf Məqsədi” üzrə 169 hədəf) müəyyən edilmişdir.
BMT müxtəlif qurumları vasitəsi ilə bu sahədə beynəlxalq əməkdaşlığı təşviq edir.
Azərbaycan BMT-yə üzv olduğu tarixdən inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq formalaşdırılmışdır.
Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun ləğvi, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Bu çərçivədə BMT tərəfi ötən illərdə Azərbaycana əhəmiyyətli ölçüdə inkişaf və humanitar yardım etmişdir. BMT xətti ilə Azərbaycana 1992-ci ildən bəri 106 milyon ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.
Azərbaycan müvafiq iqtisadi imkan əldə edən kimi, humanitar həmrəylik prinsiplərinə sadiq olaraq, bir sıra ölkələrə yardımlar etməyə başlamışdır. Bu məqsədlə, Azərbaycan hökuməti 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) yaratmış və həmin Agentliyin xətti ilə 4 milyon ABŞ dolları həcmində beynəlxalq humanitar və inkişaf yardımı göstərmişdir. Həmçinin, Azərbaycan elektron hökumət və ictimai xidmətlər sahəsində öz üstün təcrübəsini BMT çərçivəsində paylaşmağa başlamışdır.
Azərbaycan beynəlxalq hüququn inkişafı, o cümlədən, beynəlxalq hüququn kodifikasiyası məsələlərində fəal iştirak edir. Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyəti zamanı dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutur.
Bu yanaşmadan çıxış edərək, ölkəmiz BMT çərçivəsində insan hüquqlarının təşviqi sahəsində proseslərdə də fəal iştirak edir. Azərbaycan beynəlxalq humanitar və insan hüquqlarına dair qəbul olunmuş bir sıra qətnamələrin müəllifi və ya həm-müəllifi olmuşdur. Ölkəmiz insan hüquqlarının ümumi standartlarının təmini məsələsi ilə yanaşı insan hüquqlarının kütləvi şəkildə pozulduğu hallara (xüsusilə konfliktlər zamanı) diqqətin artırılmasına səy göstərir. Bunlar arasında, müvafiq BMT orqanlarında qəbul olunan “İtkin düşmüş şəxslərlə bağlı”, “Hərbi vəziyyətdə həbs edilmiş və əsir götürülmüş qadın və uşaqların azad edilməsi”, “Mülki hüquqlar və mülkiyyətin münaqişə şəraitində müdafiəsi” başlıqlı qətnamələri göstərmək olar.
2016-cı il ərzində BMT ilə münasibətlər
Azərbaycan Respublikası 2016-cı ildə BMT-nin işində fəal iştirak etmiş və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini vermişdir.
Bu dövrdə, BMT çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi üzrə fəaliyyət prioritet təşkil etmişdir. “Azərbaycan işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bəndlər BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının gündəliyində saxlanmışdır. Bu dövrdə münaqişə zonasında vəziyyət, ələlxüsus, 2016-cı ilin aprel ayında Ermənistanın cəbhə xəttində etdiyi irimiqyaslı hücum cəhdləri və onun gedişində törətdiyi müharibə cinayətləri barədə BMT çərçivəsində müntəzəm məlumat yayılmışdır.
Azərbaycan BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının əsas komitələri və plenar iclaslarının müzakirələrdə və qərarların qəbul olunmasında aktiv iştirak etmişdir.
20-26 sentyabr 2016-cı il tarixlərində BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələri keçirilmişdir. Ümumi müzakirələr “Davamlı İnkişaf Məqsədləri: dünyamızı dəyişmək üçün birgə səy” mövzusuna həsr olunmuşdur. Müzakirələr zamanı beynəlxalq səviyyədə inkişaf məsələləri, o cümlədən, 2015-ci ildə qəbul olunmuş “2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Gündəliyi”nin yerinə yetirilməsinə dair məsələlər mühüm yer tutmuşdur. Eyni zamanda, çıxışçılar beynəlxalq sülh və təhlükəsizliyə dair aktual problemlər haqqında öz fikirlərini ifadə etmişlər. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 2016-cı ilin 19-24 sentyabr tarixlərində ümumi müzakirələrdə iştirak etmək üçün Nyu-York şəhərinə səfər etmiş və 23 sentyabr 2016-cı il iclasda tarixində çıxış etmişdir.
Çıxış zamanı, tədbirin mövzusuna uyğun olaraq, ölkəmizdə sosial-iqtisadi inkişaf və Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi sahəsində aparılan siyasət və əldə olunmuş tərəqqi barədə məlumat verilmişdir. Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması, 2016-cı ilin aprel ayında törətdiyi təxribat və onun çərçivəsində beynəlxalq humanitar hüququ növbəti dəfə kobud şəkildə pozması barədə Baş Assambleyaya məlumat verilmişdir.
Nümayəndə heyətinin rəhbəri ümumi müzakirələrdə çıxış etməklə yanaşı, bir sıra digər beynəlxalq tədbirlərə qatılmış və ikitərəfli görüşlər keçirmişdir. Qeyd edilən həftə ərzində Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşü, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun ilk iclası, Cammu və Kaşmir üzrə Təmas Qrupunun iclası, Türk Şurasının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi üzrə Müqavilənin Dostları Qrupu tərəfindən təşkil edilən nazirlər iclası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının qeyri-rəsmi iclası, İnkişaf Hüququ üzrə Bəyannamənin qəbul olunmasının 30 illiyi münasibəti ilə BMT Baş Assambleyasının yüksək səviyyəli iclası, Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin illik 15-ci iclası, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclası və BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun nazirlər iclasında iştirak və çıxışlar etmişdir.
Ümumi müzakirələrdə iştirak üçün Nyu-Yorka səfəri müddətində nümayəndə heyətinin başçısı İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin illik əlaqələndirmə iclası çərçivəsində keçirilən Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun ilk iclasında iştirak və çıxış etmişdir. İƏT-in baş katibi İyad Amin bin Mədəninin sədrliyi altında keçirilmiş iclasda Azərbaycan, Türkiyə, Malayziya, Mərakeş, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan və Cibutinin nümayəndə heyətləri iştirak etmişlər. Çıxış edən dövlətlər Ermənistanın beynəlxalq hüquqa hörmət etməyə və işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmağa məcbur edilməsi üçün beynəlxalq səylərin intensivləşdirilməsinin əhəmiyyətini qeyd etmişlər. Dövlətlər, Qrupun fəaliyyəti üçün müvafiq “yol xəritəsinin” hazırlanması barədə razılığa gəldilər. Hazırda Xarici İşlər Nazirliyi qeyd edilən yol xəritəsinin hazırlanması istiqamətində İƏT Katibliyi və üzv dövlətlər ilə müvafiq iş aparır.
2016-cı ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən “BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi” adlı sənəd imzalanmışdır.
2016-cı il ərzində Azərbaycan Respublikasının BMT-nin sülhməramlı əməliyyatlarında iştirak imkanları ilə bağlı daha öncə görülmüş işlər davam etdirilmişdir.
BMT-nin Azərbaycan Respublikasında rezident əlaqələndiricisi sistemi
BMT sistemi 1992-ci ilin noyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərir. BMT-nin Rezident Əlaqələndiricisi BMT sisteminə daxil olan qurumlara rəhbərliyi həyata keçirir. O, eyni zamanda BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi vəzifəsini icra edir. Hazırda BMT-nin Rezident Əlaqələndiricisi səfir Ghulam İsakzaydır. Hazırda Azərbaycanda fəaliyyət göstərən BMT sisteminə aşağıdakı rezident və qeyri-rezident qurumların nümayəndələri daxildir:
−FAO Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
−IFAD Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond
−ILO Beynəlxalq Əmək Təşkilatı
−IMF Beynəlxalq Valyuta Fondu
−IOM Beynəlxalq Miqrasiya Təşkilatı
−OCHA BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi
−UNESCO Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
−UNICEF Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu
−UNDP Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
−UNOHCHR Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı
−WB Dünya Bankı
−UNFPA Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
−UNHCR Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı
−UNWOMEN Birləşmiş Millətlər Təşkilatının Qadınları
−UNDPI Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti
−WHO Dünya Səhiyyə Təşkilatı
Bu qurumlar BMT-nin prinsip və məqsədlərinə və öz mandatlarına uyğun olaraq Azərbaycanda inkişafa yardım üzrə layihələr həyata keçirirlər. Bu qurumlar içərisində Azərbaycanda fəaliyyətə ilk başlayan UNDP-dir.