Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qanunsuz səfərlər və rəsmi Bakının beynəlxalq əməkdaşlığı

İndiyə qədər müxtəlif dövlətlərin vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistandan keçərək səfərlər ediblər.

Hətta Azərbaycanla çox yaxın, yüksək səviyyədə münasibətləri olan, dost, qardaş Türkiyə Cümhuriyyətinin vətəndaşların arasında da belə addımlar atanlar olub. Sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Dağlıq Qarabağa qeyri-qanuni səfər edib.Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.

Buna qədər ABŞ, Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya Federativ Respublikası, Fransa Respublikası, Kanada, Belçika Krallığı, Polşa, İsrail dövləti, Gürcüstan Respublikası, İspaniya krallığı, Sinqapur Respublikası, Belarus Respublikası, Estoniya Respublikası, Bolqarıstan Respublikası, Litva Respublikası, Latviya Respublikası, Avstriya Respublikası, İtaliya Respublikası, İsveçrə Konfederasiyası, Çex Respublikası, Moldova Respublikası, Polşa Respublikası, Macarıstan Respublikası, Slovak Respublikası, Kipr Respublikası, Danimarka Krallığı, Sloveniya Respublikası, Uruqvay Şərq Respublikası, Argentina Respublikası kimi dövlətlərin vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ediblər. Bu şəxslər arasında öz ölkələrində, eləcə də, müxtəlif beynəlxalq təşkilatlarda yüksək vəzifələr tutan şəxslər var. Azərbaycan Respubliksasına girişi qadağan olunmuş xarici ölkə vətəndaşlarının sayı daim dəyişir, ancaq bu rəqəm 700 civarındadır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, bu vaxta qədər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edənlərin böyük hissəsini Rusiya Federasiyasının vətəndaşlarıdır. Femida.az saytı yazır ki, Qarabağa qanunsuz səfərlər etmiş Rusiya vətəndaşlarının fəaliyyət tərkibi də müxtəlifdir. Onların arasında siyasətçilər, jurnalistlər, ədliyyə müşaviri döyüşçülər,alimlər,müəllimlər də var. Misal üçün Rusiya İctimai Palatasının sədrinin köməkçisi Aleksandr Ajqirey, RF Daxili qoşunlar polkovniki, Qarabağ və Çeçenistan müharibələrinin iştirakçısı Aleksandr Nikolayeviç Chernov, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnsitutunun əməkdaşı Aleksandr Yuriyeviç Skakov, “LifeNews” kanalının əməkdaşı Aleksandr Kuçerenko, Yazıçı Alisa Arkadyevna Qəniyeva, Rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqova, Siyasi və Hərbi Təhlil İnstitunun beynəlxalq münasibətlər şöbəsinin rəisi Sergey Markedonov, Ali Məhkəmə yanında məhkəmə departamentinin əməkdaş, ədliyyə müşavir Viktor Vasilyeviç Konoplyov və başqaları var. Maraqlı bir məqamlardan biri də Rusiyanın məşhur müğənnisi Filipp Kirkorovun atasının Azərbaycana girişinin qadağan edilməsidir. Buna səbəb isə Bedros Kirkorovun “Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri” adlı tədbirdə iştirakı olub.

Azərbaycanın sərhəd bütövlüyünü pozanlar arasında qonşu dövlətlərin də vətəndaşları var. Bu siyahıda İran xüsusuilə seçilir. İrandan Dağlıq Qarabağa səfər edənlərin əskəriyyəti turist kimi gedib. Onların sırasında müəllimlər (Eftekhari Hamid - Paris Diderot Universiteti) , Rejissor (Əsgər Fərdi), Fotoqraf (Hamed Kazemzadeh), İş adamı (İsmayıl Həsənzadə), İran-Ermənistan Dostluq Cəmiyyətinin üzvü (Mirqasım Momeni), İran Parlamentinin üzvü (Rubik Sardaryan) və digərləri var. Artıq məlumat verdiyimiz kimi bu sırada Türkiyə Cümhuriyyətinin vətəndaşları da yer alır. Bölgədəki bu üç böyük dövlətin bəzi vətəndaşları Azərbaycanın ərazi bütövlüyünü heçə sayaraq Dağlıq Qarabağa vəbaşqa işğal altında oan ərazilərə Ermənistandan keçib gəlir. Hər üç ölkə ilə Azərbaycan sərhəd qonşusudur. Hər üç ölkə ilə dostluq və qarşılıqlı təhlükəsizlik haqqında sazişlər imzalanıb. Eləcə də, hüquqi yardım haqqında sazişlər var. Azərbaycan işğal olunmuş ərazilərə qanunsuz gələn şəxslərlə bağlı bu ölkələrlə, eləcə də, dünyanın başqa dövlətləri ilə əməkdaşlıq edir. Belə hallarda həmin ölkələrin diplomatları Xarici İşlər Nazirliyinə çağırılır, onlara nota təqdim olunur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Miqrasiya Xidməti və sair qurumlar həmin ölkələrin müvafiq strukturları ilə qarşılıqlı əməkdaşlıq şəraitində bu məsələlərin həllinə çalışırlar. Baş Prokurorluqda bu ağır cinayətlərlə bağlı cinayət işləri başlanır. Bu günə qədər xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq nəticəsində belə şəxslərin dairəsi müəyyən edillb saxlanılıb. Onlar arasında Azərbaycana təhvil verilənlər də var. Azərbaycan Beynəlxalq Polis Təşkilatı –İnterpol xəttilə də bu məsələlərin həllinə çalışır.

Bu cür şəxslərin bir çox hallarda əslində beynəlxalq səviyyədə şəbəkələşmiş kriminalla əlaqələri də ortaya çıxarılır. Eleni Teoxarus, bir çoxlarına Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri və bunun nəticəsində ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilməsi və haqqında AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanınan AP-nin Kipr Respublikasından olan üzvü növbəti qalmaqal ilə gündəmə gəlib.Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən, E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunmuşdur.

AP-nin Kiprdən olan bu üzvünün beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib.Əslində Albaniyanın qərarı heç də təəccüb doğurmur və bu qərarın heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etmək olar. Belə gedərsə Kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü “statusu”nu da qazana bilər. Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Eleni Theocharousun Kaspar Karampetyanla əlaqələri vardır və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır. Xatırlatmaq istərdik ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilmiş və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilmişdir. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Anjela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib. Eleni Theocharousun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir. Azərbaycan bu istiqamətdə öz səylərini artırmaqda davam edir.

“Yeni zaman”-“Novoye Vremya” qəzetlərinin təsisçisi, politoloq Musa Ağayev bu məsələ ilə bağlı bizimyol.infoya belə deyib: “Təəssüflər olsun ki Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə xarici ölkə vətəndaşlarının qanunsuz səfərləri bəzən müntəzəm xarakter daşıyır. Bu Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulmasıdır.Düzdür Azərbaycanın Xarici İşlıər Nazirliyi bununla əlaqədar olaraq xarici dövlətlərin müvafiq qürumlarına diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatları xəbərdarlıq məktubları göndərib amma bu məsələnin həllinə kömək etmir.

Daha ciddi adımlar atmaq lazımdır ki, əcnəbi vətəndaşlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərlər etməsinlər, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşsınlar və ölkə qanunlarını pozmasınlar.Bunu etmək o qədər də mürəkkəb məsələ deyil. Ciddi addımlar atmaq üçün ölkəmizin kifayət qədər siyasi və iqtisadi riçaqları var.Qaldı ki soruşursunuz ki, nədən xarici dövlətlərin rəsmi şəxsləri daha tez-tez Dağlıq Qarabağa səfərlər edirlər. Bilirsiniz ki Dağlıq Qarabağin qondarma və separatçı rejimi təcavüzkar Ermənistan rəhbərliyinin, xaricdəki erməni lobbisinin və ən əsası münaqişənin qızışdırılmasında və davam etməsində maraqlı olan xarici dövlətlərin dəstəyi ilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində müxtəlif qondarma tədbirlər keçirməklə və başqa vasitələrlə xarici dövlətlərin nümayəndələrini buraya toplaya bilirlər”

Musa Ağayev bildirir ki, bu məsələnin həlli tək XİN-in üzərində deyil: “Bütün məsuliyyəti Xarici İşlıər Nazirliyinin üstünə atmaq düz olmazdı. Müvafiq orqanların da bu məsələ ilə bağlı gördüyü işlər qanedici deyil. Bizə deyirlər ki baxın, xarici dövlətlər, beynəlxalq qürumlar bizim ərazi bütövlüyümüzü tanıyırlar.Bizim ərazi bütövlüyümüzü BMT 1991 ci ildə tanıyıb.Və yaxud rəsmi şəkildə dəfələrlə qeyd olunur ki Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir.Bəs həmin Avropa, Qərb ölkələri niyə 25 ildir Ermənistanı işğalşı kimi tanımır? Azərbaycandan, bizim neft qaz kəmərlərindən özlərinin geosiyasi maraqları naminə yararlanmaq istəyirlər, amma bizim ərazi bütövlüyümüz, təhlükəsizliyimiz onlar üçün əhəmiyyət kəsb etmir. Hesab edirəm ki xarici siyasətin konturları dəyişməlidir”.

Politoloq Elxan Şahinoğlu Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə xarici ölkə vətəndaşlarının qanunsuz səfərləri ilə bağlı bizimyol.info-ya açıqlamasında xarici dövlətlərin rəsmi şəxsləri daha tez-tez Dağlıq Qarabağa səfər etmələrinə, ümumiyyətlə bu məsələyə belə münasibət bildirib: “Mənim bu səfərlərə münasibətim təbii ki, mənfidir. Çox təəssüf ki, bu artıq tendensiya halını alıb. Ötən illərdə ara-sıra belə səfərlər olurdusa, bu gün bu səfərlər intensivləşib. Ay ərzində Avropadan 2-3 nümayəndə heyəti Qarabağa qeyri-qanuni səfərlər edir, separatçı rejimin nümayəndələri ilə danışıqlar aparırlar, razılaşmalar imzalayırlar. Son dönəmlər bu cür təxribatçı addımlar daha geniş miqyas alıb. Belə ki, Avropa nümayəndələri Şuşaya səfər edərək oranı idarə edən separaçılarla anlaşmalar imzalayırlar. Bir yandan Nikol Paşinyan bölgədə atəşkəsə can atır, sakit şəkildə seçkiyə getmək istəyir, bir yandan da belə təxribatlara əl atırlar, şərait yaradırlar. Baxmayaraq ki, cəbhə xəttində atəşkəsin pozulması hallarında intensivlik azalıb amma bu cür səfərlər və təxribatlar cəbhədəki vəziyyəti daha da gərginləşdirə bilər. "Niyə belə edirlər?" sualına gəldikdə isə aydın məsələdir ki,Avropada erməni separatçıları dəstəkləyən qüvvələr var. Üstəgəl erməni lobbisinin fəaliyyəti də danılmazdır. Belə ki, erməni lobbisi deputatları, ikinci və üçüncü dərəcəli siyasi fiqurları tapır, əlaqə qurur və maliyyə dəstəyi verərək onları Qarabağa gətirirlər. Lakin Avropada özünə hörmət edən şəxs, mandatına hörmət edən deputat Qarabağa gəlmir və gəlməyib də. Buna baxmayaraq bu səfərlər bizim üçün narahatçılıq doğurur, qarşısı mütləq şəkildə alınmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi qara siyahı tərtib etməlidir, eyni zamanda səfirliklərimiz fəallıqlarını artırmalıdır”

“Azərbaycanın Xarici İşlıər Nazirliyinin və başqa müvafiq orqanlarının bu məsələ ilə bağlı gördüyü işlər qanedicidirmi?” sualına cavabında politoloq belə deyib: “ Xarici İşlər Nazirliyinin, eləcə də digər qurumların işlərini qaneedici hesab etmək olmaz. Azərbaycan XİN ancaq nəticə ilə mübarizə aparır ki, heç bunu da qənaətbəxş hesab etmək olmaz. Çünki bu səfərlərin sayında nəinki azalma, hətta artım müşahidə olunur. XİN fəaliyyətini artırmalıdır. Doğrudur, Azərbaycanın bu istiqamətdə işi çətin olacaq, amma bu o demək deyil ki, əlimizi aşağı salıb oturmalıyıq. Səfirliklər güclü işləməlidir, media ilə doğru təmas qurmalıdır. Biz axı səfirliklərimizlə bağlı bunu deyə bilmirik. Bu gün görün Ukraynadakı səfliryimizdə nələr baş verir, indiki səfir keçmiş səfiri ittiham edir və ittiham sənədini erməni nazirə göndərir. Belə şəraitlərdə biz Qarabağa edilən səfərlərlə bağlı necə mübarizə apara bilərik?”

Qeyd edək ki, başqa ölkələrdə də etnik separatçılıq və sair zəmində münaqişələr var. Ancaq Azərbaycan vətəndaşları heç bir işğal olunmuş əraziyə səfər etmir, Azərbaycan belə münaqişələrin yaşandığı bütün dövlətlərin BMT-də tanınmış sərhədlərini qəbul edir, başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək yolunu seçmir. Ancaq bunu Azərbaycana münasibətdə görmürük. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini pozan dövlətlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yaradılmış ATƏT-in Minsk Qrupunda həmsədrlik edən ABŞ, Rusiya və Fransanın, eləcə də, MQ üzvləri olan İtaliya, Almaniya, Türkiyə və sair dövlətlərin vətəndaşlarnın da belə addımlar atması ən azı qəribədir, yolverilməzdir. Ən qəribəsi də budur ki, özləri də Azərbaycan qədər və Azərbaycan kimi etnik separatçılıqdan və terrorçuluqdan əziyyət çəkən ölkələrin də vətəndaşları bu səfərlərdə iştirak edir. Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü olaraq separatçılığa birbaşa və dolayısı ilə dəstək verilməsinin qarşısını almaq üçün dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq edir.

Belə əməkdaşlıq formatlarından biri xarici ölkələrin prokurorluq orqanları ilə əməkdaşlığın qurulmasıdır. Məlumdi ki, dövlət sərhəddinin pozulması, separatçılğa dəstək verilməsi və sair əməllər ağır cinayətlərdir və bununla bağlı Azəbaycan Respublikasının Baş Prokurorluğu Ağır Cinayətlərə dair İstintaq İdarəsində müvafiq cinatət işləri baılanmışdır. Baş prokurorluğun isə müxtəlif xarici dövlətlərin müvafiq qurumları ilə bağladığı sazişlər var.

Azərbaycan Respubliası Baş Prokurorluğunun rəsmi internet saytında bu sənədlərin siyahısı verilib. Həmin siyahıda göstərilir ki, Azərbaycan Baş Pprokurorluğu 1993-2015-ci illər ərzində bir çox ölkələrlə belə sənədlər imzalayıb.

Həmin sənədlər aşağıdakılardır:

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyası Baş Prokurorluğu arasında «Hüquqi yardım və əməkdaşlıq haqqında» Saziş. (25.01.1993)

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Gürcüstan Respublikası Baş Prokurorluğu arasında «Hüquqi yardım və əməkdaşlıq haqqında» Saziş. (12.07.1993)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ukrayna Baş Prokurorluğu arasında hüquqi yardım və əməkdaşlıq haqqında Saziş. (17.05.1994)

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Qazaxıstan Respublikası Baş Prokurorluğu arasında «Hüquqi yardım və əməkdaşlıq haqqında» Saziş. (29.03.1993)

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Litva Respublikası Baş Prokurorluğu arasında «Hüquqi əməkdaşlıq haqqında» Saziş. (11.11.1993)

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Moldova Respublikası Baş Prokurorluğu arasında «Hüquqi yardım və əməkdaşlıq haqqında» Saziş. (26.10.1993)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Türkmənistan Baş Prokurorluğu arasında hüquqi yardım və əməkdaşlıq haqqında Saziş. (12.07.1996)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş. (09.09.1999)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq proqramı. (05.09.2003)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Avstriya Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı. (21.09.2004)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Qazaxıstan Respublikasının Baş Prokurorluğu arasında hüquqi əməkdaşlıq haqqında Saziş. (28.02.2005)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tayland Krallığının Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı.

(22.07.2005)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Gürcüstan Baş Prokurorluğu əməkdaşlıq haqqında Saziş. (01.05.2007)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında hüquqi yardım və əməkdaşlıq haqqında Saziş. (27.09.2010)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyasının Prokurorluğu yanında İstintaq komitəsi arasında əməkdaşlıq proqramı. (28.09.2010)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Anlaşma memorandumu. (12.04.2013)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Moldova Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı. (30.06.2014)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bolqarıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı. (01.07.2014)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında Anlaşma memorandumu. (16.03.2015)

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyasının İstintaq komitəsi arasında əməkdaşlıq haqqında Saziş. (15.10.2015)

Göründüyü kimi, vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Rusiya, Türkiyə, Gürcüstan, Litva, Moldova, Avstiya, Bolqarıstan kimi dövlətlrlə müvafiq sazişləri var (başqa dövlətlərlə də var, ancaq nədənsə onlarıln adı bu siyahıda yoxdur; görünür, saytdakı məlumatlar operativ yenilənmir. Çünki Sergey Lapşini Azərbaycan Belorsudan tələb edib almışdı). Qalan dövlətlələ də bu istiqamətdə iş aparılmalıdır ki, belə sazişlər imzalansın. Bu hüquqi sənədlər əsasında biz təbii ki, ərazimizdə cinayət törətmiş şəxsləri tələb edə bilərik. Bununla həmin şəxslərin ən azı öz dövlətlərində məhkəmə qarşısına çıxarılmasına nail olmaq mümkündür. Bununla Baş Prokurorluğun Beynəlxalq Əməkdaşlıq İdarəsi məşğuldur. Ancaq obyektiv v subyektib səbəblərədən bu işlərin real nəticələri hələ də istənilən səviyyədə deyil. Azərbaycan dövlətinin əlində olan rıçaqlardan biri, təbii kiŞ hımin şəxslərin Azərbaycan Respublikası ərazisinə buraxılmamasıdır ki, bununla da XİN, Dövlət Miqrasiya Xidməti və sair qurumlar məşğul olur. Bir çox ölkələrə viza tətbiq edilmir, buna görə də həmin dövlətlərin vətəndaşlarnın Azərbaycana gəlməsi və burdan getməsi, tranzitlə keçməsi sadələşdirilmiş qaydada həyata keçirilir. Bununla belə onların da Azərbaycana girişi və ya burdan keçməsi elə də asan deyil; sərhəd, miqrasiya xidmətləri, eləcə də, təhlükəsizlik orqanları bu işə nəzarəti həyata keçirirlər. Çünki Dağlıq Qarabağa və başqa işğal olunmuş ərazilərə gedən əcnəbilər müxtəlif terror şəbəkələrinin, eləcə də, mütəşəkklil cinayətkar qruplaşmaların iştirakçısı, üzvləri ola bilər. Belə hallar da çoxdur. Azərbaycan təkcə diplomatik kanallarla deyil, həm də sərhəddəki xidmətlərlə, hüquq-mühafizə orqanları vasitəsilə buna qarşı iş aparmaqdadır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »