Bu sözləri Müsavat partiyasının rəhbəri Arif Hacılı şəxsi "FacebooK" hesabından yazıb və bu fikirlər heç də birmənalı qarşılanmayıb.
Partiya sədrinin ölkəsinə qarşı ifadə etdiyi bu fikirlərə münasibət bildirən Elxan Şahinoğlu Arif Hacılının mövcud siyasi hakimiyyətə qarşı hansısa alətlərdən istifadə etməsinin başadüşülən olduğunu bildirib:
"Əlbəttə Norveç səfirliyinin ölkəni tərk etməsi və bundan sonra səfirliyin konsulluq kimi fəaliyyət göstərməsi yaxşı bir hal deyil. Norveç Avropanın inkişaf etmiş ölkələrindən biridir lakin səfirliyin konsul statusuna keçirilməsindən böyük faciə düzəldilməsinin əleyhinəyəm. Elə bu ərəfələrdə də Sloveniya Azərbaycan münasibətləri möhkəmlənməkdədir, Sloveniyanın baş naziri ölkəmizə gəldi və Bakıda Sloveniya səfirliyi yaradılması ilə bağlı qərar verildi. Biri gedirsə də digəri gəlir.
Norveç nə Amerika deyil, nə Almaniya deyil, nə də ki, Fransa. Ona görə də Norveç səfirliyinin qapadılmasından faciə düzəltmək lazım deyil. Doğrudur Azərbaycan hakimiyyətinin yürütdüyü siyasəti tənqid edə bilərik, mən də Xarici İşlər Nazirliyinin fəaliyyətini, səfirliklərin fəaliyyətini mütəmadi tənqid edirəm. Başadüşüləndir Arif Hacılı müxalifət partiyasının sədridir, tənqidi fikirlər səsləndirməlidir, mövcud siyasi hakimiyyətə qarşı hansısa alətlərdən istifadə etməlidir. Lakin mən müstəqil politoloq olaraq rənglərin tündləşdirilməsinin əleyhinəyəm.
Norveç səfirliyinin qapadılması ərəfəsində Norveçin ölkəmizdəki konsulu Naxçıvanda görüşlər keçirirdi. Yəni əlaqələr tam şəkildə kəsilməyib və bu da o demək deyil ki, Norveç Azərbaycanla bütün əlaqələri kəsdi. Bir müddət sonra qərarları dəyişilə də bilər.
Zatən Norveç Azərbaycan iqtisadi əlaqələri o qədər də yüksək səviyyədə deyil ki, buna görə bundan faciə düzəldək. Biz bilmirik konkret olaraq səfirliyin ləğv olunmasına nə səbəb olub, bunun bir əsaslandırması yoxdur. Eyni zamanda Azərbaycanın da Norveçdə səfirliyi yoxdur. Əgər biz bu gün ölkəmizə bu etiketi vurmaqla heç bir yerə gedib çıxa bilmərik. Nöqsanlar var, heç kim bunu gizlətmir sadəcə baş verən bir hadisəyə görə hər şeyin üstündən dərhal xətt çəkmək olmaz".
Bizimyol.info