Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Elə məktəb var ki, iki ballıq zəlzələyə belə dözməz
Səhiyyə sahəsinə ayrılan vəsait 1 milyardlıq psixoloji baryeri keçib ki, bu da 27 illik müstəqillik dövründə ən yüksək göstəricidir. Bu səhiyyəmizin inkişafına real töhfəsini verəcək.

Oxu.Az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentdə büdcə müzakirələrində deyib.

Deputat vurğulayıb ki, Səhiyyə Nazirliyində maliyyə siyasətinin effektiv qurulması üçün bir sıra qurumlar arasında əlaqə çox vacibdir:

“Dünyanın inkişaf etmiş ölkələrində səhiyyəyə ayrılan büdcə təhsilə ayrılan büdcədən ən azı 20-25 faiz çox olur. Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibb müəssisələri, tibbi texnologiya və maliyyələşmədir ”.

Deputat Jalə Əliyeva isə çıxışında ailə-məişət zorakılığına məruz qalmış və evlərindən didərgin salınmış qadınlarla bağlı problemə toxunub və onlarla əlaqədar dövlət səviyyəsində sığınacaqların təşkil olunmasını təklif edib. O qeyd edib ki, bu məsələ çox ciddidir və hər kəsi narahat edir:

“Bununla bağlı sığınacaqların açılması problemin həllinə qismən də olsa köməklik göstərər”.

Digər deputat Sona Əliyeva isə çıxışında xüsusilə kəndlərdə ciddi problemlərin olduğunu və ilk növbədə, su çatışmazlığının yaşandığını vurğulayıb. O, eyni zamanda təmsil olunduğu dairədə orta məktəb tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb:

“Elə kənd məktəbi var ki, iki ballıq zəlzələyə belə davam gətirə bilməz. Modul məktəblər tikilir. Ona görə belə məktəblərin həmin kəndlərdə də tikilməsinə ehtiyac var. Elə məktəblər də var ki, orada sıxlıq yaşanır. Məsələn, Şiştəpə kənd orta məktəbi bu sıraya daxildir. Odur ki, əlavə məktəb binasının tikilməsi yaxşı olardı”.

Son xəbərlər
Bütün xəbərlər »