Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir”

Deputalar büdcə müzakirəsində təkliflərlə çıxış edib.

Milli Məclisdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2019-cu ilin büdcə zərfi il bağlı müzakirələr zamanı bildirib ki, növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını bildirib.

Palata sədri növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2% səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6% səviyyəsində nəzərdə tutulduğunu deyib:

“Bunları nəzərə alsaq, həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozladırıldığı qənaətindəyik”.

V.Gülməmmədovun sözlərinə görə, cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub.

“Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir. Qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir”.

Palata sədri deyib ki, Hesablama Palatası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə daha geniş yayılmış “vergi boşluğu”nun qiymətləndirilməsini təklif edir.

V.Gülməmmədov bildirib ki, dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək.

“Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.

Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılmışdır.

Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən statik göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirmiş, ümumilikdə hər bir yanaşmada borc göstəricilərinin kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir”.

Dövlət borcu ilə bağlı ilk Palaa sədri deyib ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılmışdır.

Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən statik göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirmiş, ümumilikdə hər bir yanaşmada borc göstəricilərinin kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir”.

Vahid Əhmədov: “Bank sistemində olan vəziyyəti düzəltməklə bağlı prezidentə müraciət etmişdik”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Konstitusiya Məhkəməsi bu yaxınlarda dollarla olan kreditlərlə bağlı qərar qəbul ediyi qərara toxunub. O bildirib ki, artıq adambaşına xarici dövlət borcu min dollara yaxınlaşır. “Bu da ümumi daxili məhsulun təxminən 22 faizini təşkil edir. Düzdür, bunu böyük məbləğ hesab etmək olmaz. Elə dövlətlər var ki, onların dövlət borcu bir büdcəyə bərabərdir. Burada əsas məqam həmin borcların dövlət büdcəsi hesabına ödənilməsidir. Hesab edirəm ki, Maliyyə Nazirliyi bu məsələ ilə bağlı daha sərt mövqe tutmalıdır. Vəsaiti götürən təşkilatlar, agentliklər, səhmdar cəmiyyətlər vaxtında götürdükləri vəsaiti geri qaytarmalıdırlar”.

. Deputat vurğulayıb ki, bu qərarı ümumiyyətlə qəbul etmir “Bu qərar nədən baş verib?! Mən və həmkarım Əli Məsimli cənab prezidentə müraciət etmişdik. Bank sistemində olan vəziyyəti düzəltməklə bağlı müəyyən təkliflər vermişdik. Təkliflərə cənab prezident tərəfindən də imza atılaraq göndərilmişdi. Amma sonradan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etdi. Hazırda isə vaxtı keçmiş kreditlərlə bağlı məsələ daha da kritik vəziyyətə gəlib çıxıb. Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemi ilə bağlı məsələni nəzarətə götürsə də, müəyyən işlər görsə də ciddi dəyişikliklər edilməlidir”.

“Ərzağın, və dərmanın qiyməti bahalaşıb”

Vahid Əhmədov ərzaq və dərman bazarında qiymətlərin bahalaşmasından da danışıb. O bildirib ki, milli valyutanı gələn il və ondan sonrakı 3 il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub.“Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin görək, nə baş verir? Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu göstərilən xətlə mütənasib deyil”.

Deputat həmçinin Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyi müsbət dəyərləndirib.

“Sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi. Ona görə də məcbur idilər ki, gizlədilmələr aparsınlar və ikili mühasibatlığa baş vursunlar”.

Əflatun Amaşov çap məhsulları ilə bağlı ƏDV-ni ləğv eməyi təklif edib

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan mediasının iqtisadi durumundan danışıb. O çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib.

Deputat qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq: "Önəmli məsələlərdən biri mediadır, əsasən də onlayn mediadır. Maliyyə naziri cənab Samir Şərifova təşəkkür edirəm ki, komitə iclaslarında qaldırdığım bu məsələyə reaksiya verdi. Əminəm ki, məsələnin əhəmiyyətlilik dərəcəsinə adekvat yanaşma var. Bunu müsbət qiymətləndirirəm.

Digər bir məsələ hazır çap məhsullarına və qəzet kağızına tətbiq edilən əlavə dəyər vergisi ilə bağlıdır. Baxın, büdcəmiz artır. Əvvəlki illərdəki durğunluq demək olar, tam aradan qalxıb. Bu durumda məsələnin mahiyyətinə daha dərindən diqqət yetirək. Bəli, müqayisəli yanaşsaq, mediamızın iqtisadi durumu problemsiz deyil. Konkret rəqəmlər var, bu barədə çox danışmaq istəmirəm. Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur. Təqribən yarım milyon manat. Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətn maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı müasir dünyada bu yolun alternativi yoxdur".

Şura sədri təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib: “Mən çıxışımın əvvəlində büdcədə keçən ilə nisbətən artımın olduğunu bildirdim. Bunun da bir hissəsi təhsilə ayrılır. Bu, daha da çox olmalıdır. İstərdim ki, təhsilə ayrılan maliyyə eyni zamanda Azərbaycan dilli məktəblərdəki tədris vəsaitlərinin, dərsliklərin daha müasir, daha təkmil olması məqsədilə xərclənsin. Son zamanlar müzakirələrə səbəb olan məlum məsələ bunu tələb edir.

Azərbaycan dilli məktəblərimiz güclü olmalıdır ki, övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın.

Unutmayaq ki, milli şüurumuz, müstəqil Vətənimizə yetkin vətəndaş sevgimiz, problemlərimizin, həm də Dağlıq Qarabağ problemimizin həlli məhz bizim ana dilimizə münasibətimizlə həmahəngdir".

“Xəstəxanalar, idman sahibkarlara icarəyə verilməlidir”

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. “Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər. Bu addım həmin rayonlara sərmayələrə gətirə bilər.

Deputat qeyd edib ki, Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər və o rayonları həvəsləndirmək lazımdır”.

Deputatın sözlərinə görə, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa onun 50 faizi həmin təşkilatların hesabına keçir. “Hesab edirəm ki, əgər rayon öz büdcəsini təmin edirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın. Və sosial xərclərə sərf etsin. Bu, çox vacib olan bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.

“Pensiyanın həddi ən azı orta aylıq əməkhaqqının 80 faizinə qədər qaldırılsın”

Deputatı Qüdrət Həsənquliyev ölkə başçısının fərmanına uyğun olaraq, şəhid ailələrinə 11 manat məbləğində birdəfəlik yardımın verilməsi ilə bağlı problemlərə toxunub. O bildirib ki, 11 manatlıq yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir. “Bu gün səhər 96 şəhid ailəsi məktubla mənə müraciət ediblər. Xahiş ediblər ki, onların problemini hökumət üzvlərinin diqqətinə çatdırım. Hesab edirəm ki, hökumət hər bir şəhid ailəsinə 1000-2000 manat yardım edə bilər. 2019-cu ilin dövlət büdcəsindən şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisinə dövlət büdcəsindən 45,5 milyon manat vəsait ayrılıb. Eyni zamanda qaçqınlar və məcburi köçkünlərin mənzil tikintisinə görə 200 milyon manat vəsait ayrılıb. Təqribən bunların ikisinin cəmi qədər 244,4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb. Hökumət üçün prioritet nədir? Uzun illər mənzil növbəsində dayanan insanlar, yoxsa yeni idman obyektlərinin tikintisi? Hesab edirəm ki, burada müəyyən ixtisarlar aparılmalıdır. Bu vəsaitlər 2-3 dəfə artırılmalıdır ki, biz bu insanları mənzillərlə təmin edə bilək”.

Onun sözlərinə görə, gələn il nəzərdə tutulur ki, ölkədə pensiya 241, orta aylıq əməkhaqqı isə 641 manat məbləğində olacaq. “Mən keçən dəfə təklif etdim ki, pensiyanın həddi ən azı orta aylıq əməkhaqqının 80 faizinə qədər qaldırılsın. Hörmətli Samir Şərifov isə söylədi ki, dünyada bu 60 faizdir. Yaxşı, onda 60 faiz həddinə çatdıraq. Ona görə ki, 241 manat pensiya həddindən artıq azdır”.

Deputat təhsil naziri Ceyhun Bayramovun gördüyü işləri, apardığı islahatları yüksək qiymətləndirib. “Hesab edirəm ki, orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul həyata keçirilməlidir. Məncə, bunu etsək biz repetitorluğun qarşısını ala bilərik”.

“Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil”

Deputatı Gövhər Baxşəliyeva isə deyib ki, Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır. Deputat bildirib ki, ölkə prezidentinin fərmanları ilə son illər ərzində Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb, həmçinin, son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb.

“ Lakin açığını demək lazımdır ki, Akdemiyanın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.

“Özəl bankların özbaşınalıq etməsinə şərait yaratmaq olmaz”

Deputat Musa Qasımlı deyib ki, şəhid ailələri ilə bağlı məsələni həll etmək lazımdır. “Bu, sadəcə, maliyyə məsələsi deyil, dövlətçilik, milli-mənəviyyat məsələsidir. Bu məsələlərdə gərginlik yaratmağa ehtiyac yoxdur”.

M.Qasımlı qeyd edib ki, vətəndaşların özünəməşğulluq proqramının təşviq edilməsinə geniş yer verilməlidir. “Belə olan halda, vətəndaş həm özünü təmin edəcək, həm də bazara məhsul çıxaracaq, sosial gərginlik olmayacaq. Bu, çox vacib məsələdir”.

Deputat həmçinin bildirib ki, Azərbaycanda mövcud olan banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir.“Hər kəs bilir ki, banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib. Hökumət bu sahədə qəti tədbirlər görməlidir. Bir çox özəl bankların özbaşınalıq etməsinə şərait yaratmaq olmaz. Bunun çox ağır nəticələri ola bilər”.

Müzakirələr davam edəcək.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »